Biz imzaları yox, əsərləri dərc edirik...

Alaq otlarını təmizləmək çox çətindir – Vüqar Camalzadənin müsahibəsi
1353
11 Avqust 2020, 10:02
 Artkaspi.az saytı bəstəkar Vüqar Camalzadənin müsahibəsini təqdim edir:
 
 
 Bəstəkarlar musiqini dünyaya gətirən insanlardır. Kövrək, həssas, zərif və bir o qədər də duyğusal xarakterə malikdirlər. Təbii ki, söhbət əsil bəstəkarlardan gedir. Bu gün imzası ilə brendə çevrilən bəstəkarlarımız barmaqla sayılası qədərdir. Onlardan biri də müsahibimiz - Əməkdar artist, tanınmış bəstəkar Vüqar Camalzadədir. 
"Kaspi”-nin qonağı olan bəstəkarla bu günün musiqilərindən və bəstəkarın yaradıcılığından danışdıq. 
 
 - Texnologiyanın bu qədər inkişaf etdiyi və hər işi kompyuterlərin gördüyü bir zamanda bəstəkarlara nə qədər tələbat var? 
 - Yaxşı bəstəkara hər zaman tələbat var. Əgər bəstəkar xalqın dilində danışmağı bacarırsa, istənilən halda keyfiyyətli musiqi və keyfiyyətli işdən söhbət gedirsə, ona hər zaman ehtiyac duyulur. Həqiqətən də Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quluyev kimi korifeylərimiz musiqini xalqın dilində, keyfiyyətli formada təqdim edib və onların əsərləri bu gün də sevilərək dinlənilir. Ümumiyyətlə bəstəkar musiqinin modelyeridir. 
 
 

 - Necə modelyeri?
 - Belə ki, yeni mövsüm gəldikdə, bəstəkar hansı musiqinin dünyada cərəyan etməsini yönləndirməlidir. Elə doğrusu da budur. Təsəvvür edin, mən bəstəkar olaraq, durub bir paltar dizaynı verirəm.  Bu, real deyil. Ola bilər, hər bir insanın fitri istedadı olsun, bu tamam başqa məsələdir. Ona görə də hər işin öz peşəkarı olmalıdır. 
 
 - Ancaq  bu gün musiqi sahəsində daha çox qeyri-peşəkar mahnılar dinlənilir. 
 - Bu tendensiya təkcə bizdə deyil, dünyada gedir. Mən yeni çıxan o musiqiləri dinləyə bilmirəm. 
 
 - Səbəb? 
 - Çünki çox bəsit mahnılardır. Bir neçə not üzərində qurulan musiqini necə dinləyəsən. Xalq mahnılarımıza bir nəzər salın, orda istifadə edilən sözlər, musiqilər xalqın ruhundan, qanından, beynindən keçib, süzülüb və ortaya belə mahnılar çıxıb. İllərdir ki, xalqımız bu mahnılardan bəhrələnir. Bir də var ki, bəsit təfəkkür üzərində hazırlanan mahnılar. Bu isə qəbuledilməzdir və bir xalqın genefondunu, musiqisini korlayan bir amildir. Buna yol vermək olmaz. 
 
 

 - Dediniz ki, bəstəkar musiqinin modelyeridir və musiqi gündəmini bəstəkar yönləndirməlidir. Bəs reallıq necədir? Yönləndirə bilirmi? 
 - Hər halda biz buna çalışırıq. Azərbaycan Bəstəkarlar İttifaqı da bu istiqamətdə əlindən gələni edir. Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin rəhbərliyi ilə ittifaqda indiyə qədər böyük istedadlı musiqiçilərimiz toplaşıb, onlar beynəlxalq festivallarda iştirak edib, tanınıb və maraqlı əsərlərlə çıxış ediblər. Bu gün də davamçılar var və onlar öz missiyasını layiqincə yerinə yetirirlər. 
İndi fərqli zamandır, dünya artıq əvvəlki dünya deyil. Bizim hər hansı bir yeniliyi bir neçə dəqiqədən sonra dünyaya tanıda və təqdim edə bilmək imkanımız yox idi. Bu, bir tərəfdən yaxşıdır, bir tərəfdən pis. İndi hər yan alaq otlarından tutmuş, dərdə məlhəm olan bitkilərə qədər doludur. Bilirsiniz ki, alaq otlarını təmizləmək çox çətindir. Onu gərək kökündən dartıb çıxarasan, bu da böyük əzmkarlıq tələb edir. Hər halda dövlətimiz yaxşını pisdən ayıra bilir. Bunun dəfələrlə sübutunu görmüşəm. 
 
 - Vüqar Camalzadə hazırda nə işlə məşğuldur? 
 - Bu yaxınlarda "Dədə Qorqud” baletini bitirsəm də, pandemiya ilə əlaqədar səhnələşdirilməsi dayandırıldı. İnşallah, pandemiya bitəndən sonra bu layihəni həyata keçirəcəyik. Bu, beynəlxalq səviyyədə görülmüş işdir. Azərbaycanda təqdimatı olduqdan sonra türkdilli ölkələrdə səhnələşdirilməsi nəzərdə tutulub. Elə musiqi yazmağa çalışdım ki, orada türk çalarları, musiqi alətləri əks olunsun. Bu layihə iki ilə yaxın zamanımı aldı. Burada böyük eksperimentlər var. 
 45 yaşım var. 12 yaşımdan etibarən peşəkar olaraq hər zaman dövlət tərəfindən icra olunan layihələrdə iştirak etmişəm. 17 ilə yaxındır ki, Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyi ilə həm birgə və həm də ayrı keçirdiyi musiqili layihələrdə iştirak edirəm. Akademik rəqs ansamblının musiqi rəhbəri və dirijoruyam. 19 nəfərlik musiqiçi heyətimlə birlikdə 2 saatdan çox davam edən rəqs proqramı qurduq. Möhtəşəm konsertlərimiz oldu. Bu baxımdan çox xoşbəxt bəstəkarlardan biriyəm. Doğrudan, bəstəkar üçün böyük xoşbəxtlikdir ki, səni dəstəkləyirlər və musiqilərinə tələbat var.
 
 - Vüqar bəy, niyə o köhnə bəstəkarlar unudulmur, bu gün də onların əsərləri sevilir?
 - Bir yaradıcılıq növü nə qədər qəliz, peşəkar, dramaturji baxımdan mükəmməl olsa, o qədər az insan tərəfindən qavranılır. Buna görə də çox böyük bir düha olmaq lazımdır. Misal üçün, Üzeyir Hacıbəylinin yaradıcılığı kütlə tərəfindən çox sevilib və bu gün də sevilir. O, böyük fenomen idi. Ona görə də mən çox xoşbəxtəm ki, bizim bəstəkarlar məktəbi Üzeyir bəy kimi bir dahinin davamçıları üzərində qurulub. 
 
 

 - Bu gün filmlərin musiqilərinin əksəriyyəti hazır saytlardan götürülür. Bu, dünya kino sistemində də belədir. Sizcə, bu saytların olması kino sistemindən bəstəkarları təcrid etmirmi?
 - Təbii ki, bunlar standart prosedurlardır. Siz orta səviyyəli brenddən bir köynək almaq istəyirsinizsə, dünyanın hər yerində eyni kodlar eyni qiymətə təklif edilir. Bu, standart paketdir. Yox əgər siz daha zövqlü, özünüzə məxsus bir şeyi seçmək istəyirsinizsə, bunun üçün gedib sifariş verirsiniz. Belə ki, istədiyiniz ölçüdə, formada, rəngdə - sizə məxsus məhsul sifariş edirsiniz. Musiqi də elədir. Mən özüm də zaman olub ki, bir neçə musiqi parçasını həmin  saytlarda yerləşdirmişəm. O saytlara yerləşdirib, beş-on manat qazanmışam. Onun da fərqli ölkələrdən alıcıları olub. Bu çox xırda bir gəlir növüdür. Təbii ki, bir şeyi bəstəkara sifariş etdikdə, onun qiyməti də bəlli olur, keyfiyyəti də. Özünə hörmət edən heç bir rejissor, kinematoqraf bundan istifadə etmir. Bu musiqilər xəbər tipli verilişlərdə istifadə olunsa da, bədii yaradıcılıq növündə, film və seriallarda yaxşı nəticə vermir.  
 
 - Sizcə, nə üçün bu gün çəkilən filmlərin mahnıları o qədər də yaddaşlarda qalmır? Halbuki, "Ögey ana”, "Bizim Cəbiş müəllim” kimi filmlərimizin musiqiləri bu gün də dillər əzbəridir. 
 - Çünki indiki filmlərin musiqiləri, siz dediyiniz o saytlardan götürülür. Başqa ölkə musiqilərinə müraciət edirlər. Artıq xarici ölkənin rejissoru tərəfindən 100 dəfə çeynənilmiş, istifadə olunmuş musiqiləri bizdə film çəkərkən yenidən istifadə edirlər. Mənə də bir neçə dəfə müraciət edib deyiblər ki, istəyirik ki, bizə türk janrında musiqilər yazasınız. Onlara bildirmişəm ki, türk janrında musiqi istəyirsinizsə, o zaman türkə müraciət edin. Rejissor izah edir ki, mən burda bu həyəcanı istəyirəm. Mən də o hala girib tətbiqi musiqi yazıram. Əgər siz məndən kiminsə artıq yazdığının pis variantını istəyirsinizsə, bu mənlik deyil. Bu bilavasitə həmin rejissorlardan qaynaqlanır.
 
 - Hər hansı bir işə başlayanda, insanın xəyalları, ən əsas da hədəfləri olur. Vüqar Camalzadə o hədəflərinə çatıbmı? 
 - Ən əsas müzakirə obyektim özüməm. Özümdən böyük düşmənim yoxdur və mənə görə, əsas ideyadır. Onsuz da insanın həyatı qısadır. Müəyyən bir ideya olmayanda, o həyat puça gedir. Ancaq ideya olandan sonra Asəf Zeynallı kimi 23 il yaşaya, Mozart kimi 37 il ömür sürə də bilərsən. Amma 500-600 il səni dinləyirlər, səndən danışırlar. Buna görə də ideya vacib amildir. Bizim ideyamız musiqidir, gözəllikdir, xalqımıza musiqi dilində xidmətdir. Bundan saf ideya ola bilməz. İnsan gözəl ideyalar uğrunda mübarizə aparmalıdır.
 
 - Qeyd etdiniz ki, özünüzdən böyük düşməniniz yoxdur. Vüqar Camalzadə içindəki ikinci "mən”i ilə hansı mövzuda daha çox mübahisə edir?
 - Hərdən insan eyforiyaya qapılır. Misal üçün, bir musiqi yazıram, xoşuma gəlir. İçimdəki ikinci Vüqara deyirəm ki, "görəsən səndən güclü bəstəkar varmı?” O zaman korifeylərimizin işlərini dinləyirəm və özüm özümü sındırıram. Deyirəm, yox, səndən də üstünləri var. Dünya heç vaxt istedadlardan xali olmayıb.
 
 - Sizi nə ilhamlandırır?
 - Hər şey. Dünya böyük bir ilham mənbəyidir. Dünyada hər an, hər gün ləzzətlə yaşamaq lazımdır. Bir neçə ay bundan əvvələ qədər kimin ağlına gələrdi ki, koronavirus adlı bir pandemiya dünyanı öz cənginə alacaq? Hər günə şükür etmək lazımdır. 
 
 - Həssas olmayan insan bəstəkar ola bilərmi?
 - Əsla. Bəstəkar hər bir xırda sözdən dünyanın ən xoşbəxt və bədbəxt insanı olmağı bacarmalıdır. Çünki, yaxşı mənada, bizim işimiz müəyyən bir zərrəni şişirdib, böyük bir şara çevirməkdir. Allahdan heç zaman uzun ömür arzulamamışam. Mənalı ömür arzulamışam. Mənasız uzun ömürdənsə, mənalı qısa ömür olsun. Amma bu o demək deyil ki, mən qısa ömür arzulayıram.
 
 - Niyə  filmlərimizdə səs rejissorlarımız yoxa çıxıb? Bu sahə bizdə niyə inkişafdan geri qalır?
 - Bu bizim ən yaralı yerimizdir. Bu, Azərbaycanda çox axsayan sahələrdən biridir. Onu da tezliklə bərpa etmək lazımdır. Simfonik musiqi, səs rejissorluğu, kino səs rejissorluğu sahəsinin, demək olar ki, məktəbi qalmayıb. Bu işdə illərlə işləyən insanlar özlərini göstərib, amma daha qlobal, böyük səs rejissorluğu anlamında peşəkarlar yoxdur. Güman edirəm ki, yaxınlarda bu məsələ dövlət tərəfindən öz həllini tapacaq. 
 
 - Kukla Teatrının musiqi hissə müdiri olaraq fəaliyyətiniz də təqdirəlayiqdir. Uşaqların həyata baxışını, zövqünü necə tuta bilirsiniz?
 - İlk dəfə 17 yaşımda "7-17” yarışmasında "Vətən” qrupumla bir-iki mahnı nümayiş etdirmişdik. Mən o zaman həmin qrupun rəhbəri idim. 17 yaşımdan bəri uşaqlarla çalışmışam. Onlarla işləmək mənə çox şey öyrətdi. "Yeni ulduz” və digər mahnı müsabiqələrində iştirak etdim. Həyatımın yarısının çoxu uşaqlara həsr olunmuşdu. Kukla Teatrında uşaqlarla işləmək mənim üçün yenilik deyildi. Sağ olsun Rəşad Əhmədzadə, musiqi hissə müdiri kimi məni teatra dəvət etdi. Teatrda bir neçə tamaşa işlədik.
 
 Xəyalə Rəis