Biz imzaları yox, əsərləri dərc edirik...

Ağlamasın anam daha – Mədinə Gülgünün ilk kitabı
483
31 Avqust 2017, 15:34
  artkaspi.az "Gənc şairin ilk kitabı" adlı layihəyə start verib. Bu layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Mədinə Gülgünün ilk kitabından şeirlər və şəkillər oxucuların ixtiyarına verilir:
 

 
  Mədinə Gülgün 1926-cı ildə Bakı şəhərində dünyaya gəlib. Şairin ilk kitabı "Təbrizin baharı" 1950-ci ildə "Azərbaycan Nəşriyyatı”nda çap olunub. 5000 tirajla nəşr olunan kitabın redaktoru Mirvarid Dilbazi, texniki redaktoru A.Quliyev, korrektoru H.Zeynalova, qiyməti isə 2 manat olmuşdur.
 
 
 Gələcəyəm

Səhər-səhər ötən bülbül, 
Dinlə məni bir sən bülbül!
Aşıq olan öz könlünü
Açar sənə bəzən bülbül!
 
Mən nə güləm, nə çiçəyəm,
Nə də əsən bir küləyəm,
Ötsən bizim ellərə de: –
Mən yenə də gələcəyəm.
 
Ağlamasın anam daha,
De, son qoysun dərdə, aha.
Gecə uzun olsun yenə,
Umudumuz var sabaha.
 
Əyilməsin de yadlara,
Çəksələr də onu dara.
İftixardır sinəsindən
Alsa əgər ağır yara.
 
Adı vardır könüllərdə,
Sorsa əgər hansı yerdə.
Söylə birdir ürəyimiz
O ellərdə, bu ellərdə.
 
Mən nə güləm, nə çiçəyəm,
Nə də əsən bir küləyəm.
Ötsən bizim ellərə de: –
Mən yenə də gələcəyəm.
 

 
 Mənimdir

Çəkil sən ey yağı, yurdumdan çəkil,
Bu vətən, bu torpaq, bu dağ mənimdir.
Eşit sözlərimi, bunu yəqin bil,
Hər gülü bar verən bu bağ mənimdir.
 
Yetməzmi etdiyin haqsız zülümlər
Xalqa çəkdirmədin söylə bir nələr?
Eşidib sözümü bilir bu ellər
Əzəldən el-oba, oymaq mənimdir.
 
Bəllidir əməlin bütün cahana,
Batırdın yurdumu günahsız qana,
Sən əgər girsən də gündə min dona,
Yenə də söz, qələm, varaq mənimdir.
 
Mənim öz dilim var, öz ilhamım var,
Bu doğma xalqıma ehtiramım var.
Sinəmdə yerləşib sanki dəryalar
Orda daim yanan mayak mənimdir.
 
Tanı, yaxşı tanı, bil kimdir adım,
Əyilməz başım var, sınmaz qanadım.
Mən azad doğuldum, azad yaşadım
Alışıb sönməyən çıraq mənimdir.
 
Çəkin əməlindən, çəkin ey yağı,
Boyadın qanlarla bu pak torpağı,
Dəysə də yurduma düşmən ayağı,
Yenə bu mehriban torpaq mənimdir.
 

 
 
Təbriz
 

Qartal oylağısan, şahin yuvası,
Sən ey Səttarxanlar məkanı, Təbriz!
Olubsan aslanlar, şirlər ovası,
Tutubdur şöhrətin cahanı Təbriz!
 
Artıq sellər kimi axmaz göz yaşın,
Azad nəfəs alır torpağın, daşın,
Mahnılar oxuyur bacın, qardaşın.
Gül əvəz eləyir tikanı, Təbriz!
 
Baxıram hüsnünə dalıram xeyli,
Sanki vurulmuşdur Məcnuna Leyli;
Olma əziz diyar bir də gileyli,
Könlümün sevimli cananı Təbriz!
 
İntiqam şüarın salma dilindən,
Ayrılma heç zaman dönməz elindən,
Qalsın bu söz sənə yadigar məndən,
Ol məzlum köməyi, həyanı Təbriz!
 
Könlümdə bar verir böyük arzular,
Çatsın xoş günlərə qoy tamarzılar.
Tarixlərdə qızıl xətlər yazılar:
Oldun azadlığın nişanı Təbriz!
 
 
   Hazırladı: Cahan Seyidzadə 


Xəbər lenti