Biz imzaları yox, əsərləri dərc edirik...

Aktrisalarla yan-yana yatırdıq – Cüneyt Arkının müsahibəsi
766
21 Avqust 2017, 07:10
  artkaspi.az Türkiyənin məşhur aktyoru Cüneyt Arkının müsahibəsini təqdim edir:
 


  Uşaq yaşlarından sevərək izlədiyimiz məşhur Türk filmlərinin qəhrəmanı Cüneyt Arkın bu gün tamaşaçıların diqqətindən kənarda qalıb. Belə ki, qocalmış aktyor insanların gözündə əfsanəyə çevrildiyini desə də, bu gün seriallara elə də baha qiymətə çəkilmir. Onun sözlərinə görə, gənclik zamanlarındakı filmlərdə də aşağı məbləğlər qarşılığında rol alıb. 
  Türkiyə mətbuatına müsahibəsində çəkildiyi filmlərdəki xanım tərəf müqabillərinə hər zaman bacı gözü ilə baxdığını deyən Cüneyt Arkın, elə anlar olub ki, məşhur aktrisa Fatma Giriklə yan-yana yatdıqlarını, aktrisanın onun namusu olduğunu söyləyib.
  – 76 yaşınız var, ancaq maşallah, dim-dik ayaqdasınız.
  – Ötən gün söhbət əsnasında bir oğlan məndən yaşımı soruşdu. Mən də 76 dedim. Eşitdiyinə inanmadı. Uşaqlarla futbol oynayanda inanın ki, onlardan çox qaçır, hətta onları keçirəm. Həftədə iki dəfə idman verilişlərini izləməyə gedən, balıq tutan, qaçan bir adamam. Uzun müddətdir ki, prostat vəzindən əməliyyat olunmuşam. Bir savadsız həkim məni aldadıb şüalı əməliyyata saldı. Həmin əməliyyat öz nəticəsini çox pis şəkildə büruzə verdi. Əməliyyat yaxşı alınmadı, bir daha etdi. Bir ay xəstəxanada yatdım. Bir ayda bədənimdə müxtəlif xəstəliklər yarandı. İndi yavaş-yavaş sağalıram. 
  – Bu yaşda işləməyinizin səbəbi puldurmu? Nəyə görə xəstə ola-ola işləyirsiniz?
  – Bizim nəsil aktyorlar pulun, şöhrətin dəyərini bilmədi. O zaman biz sudan da ucuz işləyirdik. O vaxt Orxan Günşıray xəstələnmişdi. Üç nəfərlik otaqda müalicə olunurdu. Mən də onun obrazını canlandıracaqdım. Ümumiyyətlə, təhlükəli filmlərdə 150 min lirəyə çəkilirdim. Dedim ki, qoy onu 200 edim. Bütün şirkət rəhbərləri məndən küsdülər. Həmin ərəfədə arabesk ifaçılar ayda 10 milyon alırdılar. Mən elə aktyorlar tanıyıram ki, aktyorluq qabiliyyəti də yoxdur, ağzında söz tuta bilmir, həqiqətən çox qabiliyyətsizdi, ancaq çəkilişlərdən həftəsinə 50 min lirə alır, ayda 200 min lirə əldə edir. Bu pulu mən Cüneyt Arkın 20 ildə belə görmədim. 
  – Cüneyt bəy, bu günə qədər neçə filmdə oynamısınız? Heç xatırlayırsınızmı?
  – Yəqin ki, 400-ə yaxın filmdə oynamışam. Ötən həftə məni bir yerə çağırdılar. Getdim gördüm ki, çox gözəl aktyorlar var, ssenari də pis deyil. Gördüm qiyməti danışmağa utanırlar, çünki onlar Cüneyt Arkın heyranı idilər. Bir qadın ismi dedilər, o aktrisa kifayət qədər tanınmırdı. Mən də zarafatcasına onun aldığının beşdə birini verin, dedim. Çox təəccübləndilər (gülür). 
  – İndiyə kimi qazandıqlarınız sizə bəs edirmi?
  – Mən Anadolu insanıyam. Keçmişdə uşaqlığımızda, ailəmizdə, çevrəmizdə aclıq, qıtlıq gördüyümüz üçün yığdığımız pulları gələcək üçün saxlayırdıq. Atam həmişə "üç qəpik qazanarsansa, birini gələcək üçün saxla” deyirdi. Mən də onun dediyinə əməl etdim, çəkildiyim filmlərdən aldığım pulları yığdım. Amma həmin pula uşaqlarımı evləndirdim. Allaha şükürlər olsun ki, indi çətin də olsa, birtəhər dolanırıq. 
  – Siz öz dövrünüzün yaraşıqlı aktyorlarından idiniz. Özünüzü qadınlardan necə qoruyurdunuz?
  – Mənim vaxtım yox idi ki, onlarla maraqlanım. Həqiqətən vaxt qıtlığı yaşayırdım. Film çəkilişləri başımı qatmışdı. Qapını bağlayırdım, qadınlar pəncərədən içəri daxil olurdu. Atam ortalıqda qalmışdı, deyirdi ki, bu necə sevgidi… Qadınlar hətta mənə görə atamla da görüşürdülər (gülür).
  – Keçmişdə səviyyəcə aşağı olan filmlər bu gün tamaşaçılara ən gözəl filmlər kimi təqdim olunur. Bu sizi qıcıqlandırmır ki?
  – Həmin dövrün tənqidçiləri sanki türk kinosunun düşməni idilər. O zamanlar filmlərimizi çox pis tənqid etmişdilər. Çünki həmin o tənqidçilərin savadı, hörməti xalqın gözündə kifayət qədər deyildi. Mənim bir çox tənqidçi dostlarım vardı. Çölə çıxanda onları heç kim tanımazdı. Hər kəs mənim arxamca qaçardı, onlar da bu vəziyyəti həmişə qısqanırdılar.
 
 

  – İndi kamera arxasında yaşanan sevgilər daha çox gündəmdədir. Siz bir çox sevgi filmlərində baş rolları ifa etmisiniz. Tərəf müqabillərinizlə duyğusal yaxınlaşmanız olubmu?
  – Xeyr! Biz kamera arxasında da bir ailə kimi idik. Aktrisanın qadın olduğu belə ağlımıza gəlməzdi. Biz Antalyada film çəkməyə başlayanda o zaman şəhərdə otellər yox idi. Həmin dövrdə kiçik, balaca evlər var idi. Həmin evlərin birində tək otaqda Fatma Giriklə yan-yana yatırdıq. Biz onlara bacı gözü ilə baxırdıq, onlar bizim namusumuz idilər. Ümumiyyətlə, Anadolu kişiləri belədir. Çəkiliş meydançası bizim üçün ibadət məkanı, müqəddəs bir yer idi. 
  – Sizin çəkildiyiniz "Dünyanı xilas edən adam” bütün zamanların ən absurd komediya filimi siyahısına daxil olmuşdu.
  – Bəli. "Dünyanın ən mənasız filmidir”, "zibil qutusuna atılası filmlərin siyahısındadır” kimi fikirlər səsləndirdilər. Sonra Avropada o filmə maraq yarandı və onun kimi filmlər çəkildi. Hətta o filmdən mənasız, absurd və ironiyalı filmlər çəkildi. Mənim filmim ötən il Kaliforniyada da göstərildi.
  – Sizcə, türk toplumunun kinoda bir qəhrəmana ehtiyacı varmı?
  – Əlbəttə, türk xalqının hər zaman bir qəhrəmana ehtiyacı var. Nağıllarında, hekayələrində, teatrlarında onların böyük bir qəhrəmanı var. Ümumiyyətlə, insanlar hər bir dövrdə nağıllarda bəyaz atlı qəhrəmana ehtiyac duyur. Olmazsa, yenisi yaranar. Yetər ki, ruhunda qəhrəmanlıq olsun. Mənim ən böyük özəlliyim türk insanının qəhrəmanı olmağımdır. 
  – Bəs xarakterlərlə gerçəkliklər üst-üstə düşürmü?
  – Onlar heç zaman üst-üstə düşmür. İndi Malkoç oğlu meyxanalara getmir. O, ömrü boyu atın üstündən enməyib. 5-6 dil bilir. Ölkəsinin coğrafiyasını, siyasətini, ordusunun gücünü, insanların psixologiyasını öyrənməyə çalışıb. Ona görə də orduya hazırlaşıb. Əkinçi Malkoç oğlu 30 ildir ki, həyat yoldaşından ayrılıb. Övladını da görməyib. Zindanlarda əsir qalıb. Qaldığı zindanın zəncirləri çürüyüb, o, çürüməyib. Ancaq filmdəki qəhrəman - Malkoçoğlu arvadbazdır. 
  – Bəs belə filmlər tarixi necə təmsil edir?
  – Bu kimi filmlər əlbəttə ki, gənclərə çox pis örnək olur. Bəzən rejissorlar filmi çəkərkən tarixdən tamamilə yayınırlar.
  – Deyirlər, belə yayınmaq "Muhteşem Yüzyıl”da Hürrəm Sultana da gəlib çıxıb. 
  – Hürrəm Sultan bütün gün mübahisə ilə məşğul olan bir qadın deyildi. O, tarixdə gecələri yatmayıb planlar quran, xainliklə məşğul olan biri olmayıb. Filmi çəkərkən sanki yeni bir Hürrəm tapıblar. O, bütün pisliyinə baxmayaraq, sevimli qadın idi, hər kəs onu sevirdi.  
  – İndi tarixi filmləri seriallara köçürürlər. Həmin serialları necə qiymətləndirirsiniz?
  – "Muteşem Yüzyıl” serialında Sultan Süleyman türk insanında tarixə qarşı bir maraq oyatdı. O dövrdən bəhs edən kitablar alındı, hər kəs tərəfindən oxundu, insanlar tarixlə maraqlandılar. Tarixi filmlərin belə müsbət tərəfləri var. Məni heç nə maraqlandırmır. Əsas odur ki, müxtəlif yaş təbəqəsinin insanlarının hamısı eyni sözü deyir: "Tarixi filmlər və seriallar vasitəsilə biz o dövrü canlı olaraq yaşayırıq”. 

  Hazırladı: Xəyalə Rəis