Azərbaycan Milli Elmlər Akademiyasının birinci
vitse-prezidenti, millət vəkili akademik İsa Həbibbəyli Qarabağın işğaldan azad
olunması ilə başlanan Vətən müharibəsində qazanılan şanlı zəfərlə əlaqədar
olaraq qardaş Türkiyənin "Yeni şafak” qəzetinə "Naxçıvan koridoru - Yeni ipək yolu” adlı geniş müsahibə verib.
Müsahibə qəzetin həm çap, həm də elektron versiyasında yayımlanıb. Akademik İsa
Həbibbəyli Qarabağın yaxın tarixi, orada ermənilərin XIX əsrin əvvəllərində məskunlaşdırılması,
1923-cü ildə bolşevik hökuməti tərəfindən süni şəkildə yaradılan Dağlıq Qarabağ
Muxtar Vilayətinin mahiyyəti haqqında danışıb. Akademik müsahibəsində Azərbaycanın
Ali baş komandanı İlham Əliyevin başçılığı ilə qazanılan zəfərin Azərbaycan
tarixinin ən şərəfli hadisələrindən biri olduğunu vurğulayıb. "Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Dağlıq Qarabağın və ətraf rayonların qəhrəman Azərbaycan Ordusu tərəfindən
işğaldan azad edilməsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli və ən böyük
hadisəsidir. Bu tarixi hadisə ilə İlham Əliyev Azərbaycan tarixinə Müzəffər Ali
Baş Komandan və Qalib Prezident kimi daxil olmuşdur. Bu Qələbə ilk növbədə
Qalib Ali Baş Komandan İlham Əliyevin, Qəhrəman Azərbaycan Ordusunun və
xalqımızın möhtəşəm Birliyinin zəfəridir”.

Akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə
birliyinin və qardaşlığının Vətən müharibəsində bəşər tarixi üçün nümunə ola
biləcək sarsılmaz bir səviyyəyə çatdığını diqqətə çatdırıb. Üçtərəfli imzalanan
bəyanata əsasən Naxçıvana açılacaq
koridoru Azərbaycan və Türkiyə üçün yeni İpək yolu adlandıran akademik İsa Həbibbəyli,
bu yolun böyük strateji əhəmiyyətə malik olduğunu vurğulayıb. "Naxçıvan nəqliyyat
dəhlizinin açılması 30 ilə yaxındır ki, ağır blokada şəraitində yaşayan
Naxçıvanın bu məngənədən çıxması və daha da inkişaf etdirilməsi üçün şərait
yaradacaqdır. Eyni zamanda, Naxçıvan nəqliyyat dəhlizinin yaradılması Azərbaycan-Türkiyə
əlaqələrinin, ölkələrarası yük və sərnişin daşımaları üçün əlavə geniş imkanların
dövriyyəyə girməsi deməkdir. Türkiyə Cümhuriyyətinin lap bu günlərdə çoxdan bəri
gündəmdə olan Bakı-Tbilisi-Qars dəmir yolunun Qarsdan-İqdıra və Sədərək-Dilucu
vasitəsilə Naxçıvana qədər çəkilişinə start verməsi Naxçıvan dəhlizinin qardaş
Türkiyəyə və oradan da Avropaya qədər yol açacağını göstərir. Ona görə də
Naxçıvan dəhlizini Azərbaycanın və Türkiyənin yeni bir İpək yolu adlandırmaq
olar”.
Müsahibənin sonunda akademik İsa Həbibbəyli Azərbaycan
və Türkiyənin bundan sonra Qarabağın bərpa edilməsində birlik, bərabərlik və
qarşılıqlı etimad əsasında addımlayacağına inamını ifadə edib.
"Yeni şafak” qəzeti Qarabağ – Vətən müharibəsinin
müxtəlif məqamlarını əks etdirən çoxsaylı fotoları da Türkiyə oxucularına
çatdırmışdır.