Biz imzaları yox, əsərləri dərc edirik...

"Çağdaşımız Nəsimi" monoqrafiyası işıq üzü görüb
461
13 Yanvar 2020, 14:22
  Akademik Teymur Kərimlinin "Çağdaşımız Nəsimi" adlı əsəri işıq üzü görüb. Monoqrafiyanın elmi redaktoru akademik İsa Həbibbəyli, ön sözünün müəllifi isə dosent Cavid Cəfərovdur. XIV-XV yüzilliklərdə yaşayıb yaratmış böyük Azərbaycan şairi Seyid İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sərəncamına əsasən elan edilmiş "Nəsimi ili”nə həsr edilmiş monoqrafiyada dahi sənətkarın ölməz yaradıcılığının çağdaş əhəmiyyətinə və bu günümüz üçün xalqımız və ümumilikdə bəşəriyyət üçün aktuallığına nəzər salınır, əsas diqqət sufizm və hürufizm qabığından arınmış, mistika çiyidindən təmizlənmiş Nəsimi humanizminin və poetikasının araşdırılmasına yönəldilir. Təbii ki, faciəli taleyi ilə yüzillər boyu dillərdə dastan olmuş Azərbaycan şairinin həyatının ən kiçik detallarının üzə çıxarılmasına lüzum görülmədiyindən, Nəsiminin ölməz poetik irsinin müasir dövrümüz üçün daşıdığı əhəmiyyət klassikin müasirliyi prizmasından diqqətə çatdırılır.
 
 

  Monoqrafiyada İmadəddin Nəsiminin həyat və yaradıcılığının Azərbaycanda yeni yüksək səviyyədə öyrənilməsinin, Nəsimi irsinin nəşri və təbliğinin möhkəm özülünü ucaltmış Ümummilli Lider Heydər Əliyevin bu sahədəki müstəsna fəaliyyətinin qiymətləndirilməsinə xüsusi bölmə ayrılmışdır.
  Kitab mütəxəssislərlə yanaşı, orta əsrlər Azərbaycan ədəbiyyatı ilə maraqlanan geniş oxucu auditoriyası üçün də faydalı ola bilər.