Biz imzaları yox, əsərləri dərc edirik...

Abdulla Şaiq Mənzil Muzeyində Cəfər Cabbarlı yad edildi
467
24 May 2019, 11:29
 2019-cu il martın 20-də Azərbaycan ədəbiyyatının klassiki, Azərbaycanın Əməkdar İncəsənət xadimi, dramaturq, şair və nasir, teatr və kino xadimi, tərcüməçi, ssenarist, jurnalist, aktyor, rejissor Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam oldu.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə 17 dekabr 2018-ci ildə sərəncam imzalayıb.
 
 

 Prezidentin sərəncamını əsas tutaraq, Abdulla Şaiqin Mənzil Muzeyində  Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə əlaqədar 23 may 2019-cu il tarixində saat 14:00-da tədbir keçirildi.
 Tədbirə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Memarlıq və İncəsənət İnstitutunun alimləri, Cəfər Cabbarlının nəvəsi – Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Bağırova, Bakı şəhəri xatirə muzeylərinin,  Abdulla Şaiq adına 54 saylı tam orta məktəbin və Abdulla Şaiq adına kitabxananın əməkdaşları,  KİV nümayəndələri iştirak  etdilər. 
 
  

 Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər xanım Talıbzadə açdı. Tədbir muzeyin böyük elmi işçisi, fil.f.d. Arzu Hacıyevanın "Cəfər Cabbarlının həyat və yaradıcılığı” mövzusunda məruzəsinin dinlənilməsi ilə davam etdirildi. Məruzədə C.Cabbarlının həyat və yaradıcılığına dair maraqlı faktlar səsləndirildi, Cümhuriyət dövrü yaradıcılığı, müsavatçı kimi fəaliyyəti işıqlandırıldı. Məruzəçi böyük dramaturqun həyatının uzun illər gizli qalan səhifələri – məhbəs həyatı barədə danışdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva "Cəfər Cabbarlı yaradıcılığı  C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi Azərbaycan teatr tarixində C.Cabbarlının ədəbi-tənqidi məqalələrinin xüsusi yeri olduğunu qeyd etdi, pyeslərinin milli və bəşəri dəyərindən söz açdı. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri – fil.e.d., prof. A.Bayramoğlu C.Cabbarlının şeir yaradıcılığından; fil.f.d. L.Əsgərzadə qısa ömür yaşayıb böyük işlərə imza atan  ədibin "Ölkəm” şeirinin məziyyətlərindən; Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının dosenti Fərqanə Zülfüqarova C.Cabbarlı yaradıcılığının dünya dillərinə tərcümə edilməsinin gərəkliliyindən söz açdılar. 
 
 

 Tədbir C.Cabbarlının həyat səhifələrini əks etdirən slayd-şou ilə davam etdirildi.  Bədii hissədə ədibin müxtəlif əsərləri gənc istedadların ifasında təqdim edildi: Azərbaycan İqtisad Universitetinin tələbəsi Yusif Cəfəbəyli  dramaturqun "1905-ci ildə” pyesindən "Azad bir quşdum” mahnısını;  AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi, aktyor Əlləz Əhmədov C.Cabbarlının "Ana” şeirini; 3 saylı Uşaq və Gənclərin İnkişafı və Yaradıcılığı Mərkəzinin "Gənc aktyorlar” dərnəyinin üzvü  Əlizadə Fidan "Oqtay Eloğlu” əsərindən Sevərin monoloqunu;  Azərbaycan Sənaye Universitetinin tələbəsi Firdus Kərimzadə Abdulla Şaiqin Cəfər Cabbarlıya həsr etdiyi "Solmaz və Sönməz” əsərini: Pedaqoji Universitetin tələbəsi Xanım Həsənxanova "Ey dan ulduzu” şeirini səsləndirdilər. Cəfər Cabbarlının nəvəsi Qəmər xanım tədbirin keçirilməsi ilə bağlı Abdulla Şaiq Mənzil Muzeyinin direktoru Ulkər xanıma, iştirakçılara, qonaqlara  minnətdarlığını bildirdi. Sonda Ülkər xanım tədbirdə iştirak edənlərə təşəkkür etdi.