Biz imzaları yox, əsərləri dərc edirik...

Şair və xətiblər – Aida Qasımova yazır
1073
12 Oktyabr 2018, 09:06
   Artkaspi.az Aida Qasımovanın "ŞAİR VƏ XƏTİBLƏR" adlı məqaləsini təqdim edir: 
 
 
 
 

 
   Şair ona görə "şair” (duyan, hiss edən) adlanıb ki, o adi adamların duymadıqlarını duyub hiss edir.
 
 İbn Raşiq Qayravani
 
  Bu bəhsimizi Orta əsr ərəb mənbələrində geniş yer almış, eləcə də müasir tədqiqatçıların öz əsərlərində daim xatır­la­dığı və bir qayda olaraq ərəblərin şer sənətinə olan hör­mətinin əksi kimi qiymətləndirdiyi bir məlumatla baş­la­maq istərdik. Bu məlumata görə, cahiliyyət ərəbləri özlərinin ən gözəl yeddi qəsidəsini dəri üzərində qızıl su ilə yazıb Kəbə divarlarından asmışlar. Bu barədə ərəb-ispan mədə­niy­yə­ti­nin yetişdirmələrindən olan, məşhur filoloq İbn Əbdi Rəb­bi­hi özünün "əl-İqd əl-fərid” əsərində yazır:
 
  Ərəblərin şerə bağlılığı və onu üstün tutması o dərəcəyə çat­mışdır ki, onlar qədim şerdən yeddi qəsidə seçib onları qı­zıl suyu ilə Misir parçaları üzərinə yazmış, sonra da Kəbə örtükləri üzərindən asmışlar. Buna görə də, onlara İmruul-Qey­sin müzəh­həbəti (qızıl suyu ilə yazılmış) Zu­he­yrin müzəhhəbəti deyilir. Müzəhhəbət yeddidir. Onlara muallaqat (asılmışlar) da deyilir.[1] 
 
  İbn Raşiq Qayravaninin "Əl-umdə” və İbn Xəldunun "Mü­qəddimə” əsərlərində də cüzi dəyişikliklərlə təkrar­lanan[2] bu xəbərdə bir neçə məqamın üzərində dayanmaq istər­dik. 
  Birincisi, ərəblərin ən yaxşı qəsidələrini qızıl suyu ilə parça üzərində yazması ərəbşünaslıqda cahiliyyət şerinin şifahi yayılması barədə ehkam halına düşmüş fikri çox ciddi şübhə altına alır. Əgər onlar ən gözəl şerlərini qızıl su ilə yazır­dı­larsa, onda nə üçün digər şerlərini də heç olmasa adi rəngli su – mürəkkəblə yazmamalı idilər? Digər tərəfdən ərəb şei­rin­də dəfələrlə xurma yarpaqları, perqament və s. üzərində olan yazılara işarə edilir.[3] Buradan belə bir fikir hasil olur ki, cahiliyyət şeri şifahi yayılmaqla yanaşı, həm də yazılı ənənələrə malik olmuşdur. Bu barədə orta əsr ərəb mənbə­lə­rin­də də məlumatlar vardır. Təkcə cahiliyyət döv­rü­nün məş­hur şairi Adiy ibn Zeydin Sasani hökmdarları ya­nında onların ərəbcə yazışmalarını həyata keçirən bir katib olma­sı­nı xatırlatmaq yerinə düşər.[4] İslamın yaranması döv­rün­də Məkkə və Mədinə şəhərlərində katibliyin bir sənət kimi çiçəklənməsi ilə bağlı fikirlər[5] də bütün bu deyilən söz­lərə  qüv­vətdir. Görünür ki, sonradan Abbasilər dövrün­də Həm­mad ər-Raviyə, Mufaddal əd-Dabi və s. kimi ravilərin xid­mə­ti yalnız şifahi yayılan poeziya nümunələrini yazıya al­maqla məhdudlaşmır. Çox güman ki, onların əlində kifayət qədər yazılı nümunələr də olmuşdur. 
  İkincisi, yaxşı şeri seçmək bacarığı ədəbi tənqidin möv­cud­luğuna işarədir. Deməli ərəb ədəbiyyatşünaslıq elmi is­lam döv­rü­nün yetişdirməsi olmayıb öz kökləri ilə daha qə­dim əsrlərlə bağ­lanır. 
  Üçüncüsü, bizim üçün daha əhəmiyyətli olanı isə budur ki, bu xəbər ərəblərin sözə, söz sənətinə ehtiramından, tə­zi­min­dən xəbər verir. Cahiliyyət dövründə Kəbə panteonu on­ların əqidə və etiqadlarının ən müxtəlif çalarlarını əks et­dir­mişdir. Burada astral allahlara ibadət, fetişizm, tote­mizm və s. ilə əlaqəli bütlərlə yanaşı monoteist əhvali-ruhiy­yəli şəkillər – ikonalar da mövcud olmuşdur. Kəbədə hz.İb­ra­himin öz oğlunu qurban kəsmə səhnəsini əks etdirən şə­k­linin və hz.Məryəmin oğlu hz.İsa ilə birgə şəklinin olması da buna misal ola bilər. Belə bir  panteonda asılan qəsidələr də, sözsüz ki, müqəddəsləşir, onlara qeyri-adi bir yazı kimi təzim edilirdi. Görünür ərəblərin çoxtərəfli etiqadları içəri­sin­də sözün sakral mənşəyinə inam güclü olmuşdur. Ərəb­lə­rin həmin regionda yaşayan digər xalqlarla müqayi­sə­də söz sənətində üstün olması da bununla izah edilə bilər.[6]  
 
 
  * * *
 
  Ərəblərin şer sənətinin kökləri çox qədimlərə gedib çıxır. Qryunebaum göstərir ki, Nilus adlı bir xristian ruhanisi Si­na yarımadasında 412-ci ildə bir monastra hücum edən ərəb­lərin şer söyləmələrini bildirib. Ərəblər bir çox duala­rı­nı, xüsusilə yağış dualarını şerlə ifadə edirmişlər. Onlar şi­mal sərhədlərində rumlular, farslar və başqaları ilə vuruşar­kən döyüşə şer deyə-deyə atılırmışlar.[7] 
  Digər tərəfdən, islamaqədərki ərəb cəmiyyətində şairliyə və söz sənətinə metafizik bir baxışın mövcud olması şairləri kahin və ərraflara bənzər bir təbəqə edir. Ancaq, Kudelinin söy­lədiyi kimi, kahin öz öncəgörmələrini bəzən şerlə ifadə etsə də, şairlə kahini eyniləşdirmək olmaz. Kahinlə şairin ümu­­mi cəhəti onların hər ikisinin qeyb aləmindən ilham al­ma­­sıdır.[8] 
  Kudelinin şairlə kahini eyniləşdirmək olmaz fikrinə biz də şərik çıxırıq. Ən azı ona görə ki, söz sənəti,ədəbiyyatla bağlı bir zümrə olan şairlərdən  fərqli olaraq kahinlər bir din xadimi, dini-mistik zümrədir. Onların əsas xüsusiyyəti öncəgörmələrlə gələcəkdən xəbər vermək olmuşdur. Burada bir cəhəti nəzərə çatdırmaq istərdik ki, tarix boyu ərəb cə­miy­yətində öz şerləri ilə gələcəkdən xəbər verən şairlər də olub. Bunlardan biri ərəb şerinin tacdarı olan Mü­tənəb­bidir.[9] 
  "Şair” sözünün məna tutumuna diqqət yetirən filoloq­la­rın rəyincə, bu sözün kökündə "duymaq, hiss etmək” felinin dayanması şairlərin başqalarının duymadıqlarını duyub hiss etməsinə işarədir. İbn Raşiq Qayravaniyə görə, şair ona görə şair adlanır ki, o başqalarının duymadıqlarını duyur.[10]
  Ərəblər lap qədim dövrlərdən qafiyəli poetik parçaların şairlərin dilində səslənməsinə mistik bir proses kimi baxmış, şairlik edən hər bir kəsin öz şerlərini ilhamla fövqəltəbii qüv­­­və­lərdən, konkret olaraq cinlərdən əxz etməsinə inan­mış­lar. Bu barədə maraqlı məlumatlarla Əbül-Əla əl-Məər­ri­nin "Risələtul-ğufran” əsərində rastlaşırıq. O, özü­nə­xas ki­na­yəli bir üslubla bir cinin dilindən bildirir ki, şer sənəti hələ insanlardan çox-çox əvvəl cinlərə xas bir sənət olub və bir şıltaq cin balası onu insanlara öyrətmişdir. İnsanlar şa­ir­likdə o qədər zəifdirlər ki, onlara vəznli şerin yalnız on beş növü məlumdur. Halbuki cinlər minlərlə vəznli növ bi­lir­lər. İnəyin başı həndəsədən necə çıxırsa, insanın da başı şerdən o cür çıxır.[11]
 Heç bir şübhə yoxdur ki, vəznli, qafiyəli sözlərin məhz cinlər tərəfindən insanlara təlqin edildiyinə inandıqlarından müşrik ərəblər ilahi vəhylə  səc üslubunda  nazil olan Quran ayələrini poeziyaya, Məhəmməd Peyğəmbəri (s.ə.s.) isə şairə bənzətmişlər:
 
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوا آلِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍ (الصفات   36) 
 
  "Onlar deyirlər ki, biz öz tanrılarımızı cinli bir şair üçün tərk edərikmi?” 
  (Saffat 36)
 
بَلْ قَالُواْ أَضْغَاثُ أَحْلاَمٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الأَوَّلُونَ (الانبياء   5)
 
 "Onlar dedilər ki, bunlar qarmaqarışıq yuxulardır. Onu o özü uydurub. O bir şairdir” 
 (Ənbiya 5)
 
  Ərəb cəmiyyətində şairlərin fövqəltəbii qüvvələrlə əlaqə­si­nə inam çox güclü olmuş, hətta ayrı-ayrı şairlərin cinlərlə ünsiyyətinə dair rəvayətlər də söylənilmişdir: Məsələn, Əmə­­­vi­­lər dövrünün məşhur nəqaid ustası Fərəzdəkin ilham dalınca Mədinə yaxınlığındakı bir səhraya çəkilib öz ci­nin­dən kömək istəməsi söylənilir.[12] 
İbn Raşiq əl-Qayravani «əl-Umdə» əsərində bir çox şairlərin öz şerləri ilə gələcəkdən xəbər verməsindən söhbət açır. Məsələn, Həssan ibn Sabitin Məkkənin fəthinə bir qəsi­də­sində qabaqcadan işarə etdiyini bildirir. İbn Raşiqin fik­rin­cə bu sahədə Abbasilər dövrünün şairi İbn Rumi daha məşhur olmuşdur.[13]
  Nə qədər qəribə olsa da, bu qəbil məlumatların orta əsr ərəb mənbələrini adlayıb ərəb ədəbiyyatı tarixinə həsr olun­muş müasir tədqiqatlarda da əks olunmasının şahidi olu­ruq. Məsələn, Circi Zeydan "Tərixu ədəbil-lüğatil-arabiy­yəti” ad­lı fundamental tədqiqatının bir bölümünü "Şairlərin şey­tan­ları” adlandırır və bu barədə qədim ərəblərdən çoxlu rəvayətlər söylənildiyini qeyd etdikdən sonra bildirir ki, ərəblər daha çox Haubər və Haycəl adlı iki şeytandan ilham almışlar. Haubərdən ilham alan şairlərin şerləri gözəl, söz­lə­ri səlist, Haucəldən ilham alanların isə şerləri pis olarmış. Ərəblər bu cür təsəvvürlərində o qədər inamlı olmuşlar ki, hət­ta bəzən hər bir şairin özü ilə bərabər ona şeri təlqin edən şeytanı da xatırlamışlar.[14] Hər halda şairlərin fövqəl­tə­bii qüvvələrlə əlaqələndirilməsi onların cəmiyyətdə mövqe­yi­ni möhkəmləndirmiş, ehtiram sahibi olmasına gətirib çıxar­mışdır. Buna  görə də, Cavad Əli bəzi cahiliyyət şair­lə­ri­nin mərifət əhli olduğunu, öz dövrünün ən savadlı, dərra­kə­li və ağıllı adamları sayılmasını qeyd  edir.[15] 
 
 
 
 

  * * *

  Nöldekin fikrincə, şair öz qəbiləsinin peyğəmbəri, onun dinc dövrdə rəhbəri, müharibə zamanı isə cəngavər qəhrə­ma­­nı idi. Yeni otlaqlar seçərkən ərəblər şairlə  məsləhət­lə­şər, onun sözü ilə obanı tərk edib, başqa bir yerdə məskən salardılar. Ərəblər bir çox mühüm, taleyüklü məsələlərin həl­lində şairin sözü ilə hərəkət edərdilər. Əgər bir qəbilədə şair peyda olardısa onlar bayram edər, başqa qəbilələr isə bu münasibətlə onları təbrik edərdilər.[16] Çünki, şair qəbi­lə­nin danışan dili idi. O öz qəbiləsini tərifləyib onun nüfu­zu­nu qal­­­dırır, qəbiləyə və ya ayrı-ayrı qəbilə üzvlərinə yazılan həcv­lərə cavab verməklə bu şerlərin gətirə biləcəyi bəlaları dəf edirdi.
  Şair qəbilənin yaddaqalan günlərini, apardığı mü­ha­ribəni öz şerlərində söyləməklə bir növ qəbəli, yəni qəbiləyə xas xronika yaradır, mənsub olduğu qəbilənin tarix boyu xatırlan­ma­sı­na səbəb olurdu. Məhz bu tarixilik, unudulmaq qorxusun­dan qurtarmaq da şair sözünə xüsusi bir qüvvət verirdi. Ərəb­lərin şairə qarşı hədsiz səxavətini də bununla izah etmək olar. Onların fikrincə heç bir mal, sərvət insanın adı­nı əbədi yaşadacaq bir şerin dəyərini ödəyə bilməz. Rəva­yə­tə görə, Harim ibn Sinan adlı bir ərəb söz verir ki, məşhur şair Zuheyr ibn Əbi Sulmənin nəinki ona yazdığı hər bir qəsidəyə, hətta ondan soruşduğu adi bir sözə və ya ona ver­diyi salama görə də şairə bir kölə, kəniz və ya at bağışlasın. Onun hədsiz səxavətindən utanan Zuheyr Harimi adam arasında görərkən deyərmiş "İçərinizdə ən yaxşı adam olan Harim istisna olmaqla hamınıza salam ol­sun”.[17]
Şerə, söz sənətinə verilən yüksək qiymət şairləri cəmiyyə­tin nüfuzlu, sözü keçən təbəqəsinə çevirir. Cahiliyyət dövrü­nün bir sıra taleyüklü məsələlərinin həllində şairin oynadığı mühüm rol da bununla izah edilir. Məsələn, Bəkr və Təğlib qəbilələri arasında illər boyu davam edən müharibəyə son qoymaq istəyən Hirə hökmdarı Əmr ibn Hind hər iki qə­bi­lə­nin ən nüfuzlu şairini – Bəkr qəbiləsindən Haris ibn Hilli­zə­ni və Təğlib qəbiləsindən Əmr ibn Gülsümü hüzuruna də­vət edir, hər ikisinin şerini dinləyir, hətta Haris ibn Hil­li­zə­ni cüzamlı olmasına baxmayaraq özü ilə bir süfrə arxasında oturtmaqdan da çəkinmir. Bu münaqişədə Haris ibn Hillizə istər hökmdarla rəftarında, istərsə də söylədiyi qəsidədə da­ha ağıllı, diplomatik bir yol tutduğundan Əmr ibn Hindi  Bəkr qəbiləsinin xeyrinə qərar çıxarmağa sövq edə bilir.[18]
  Kində hökmdarı Hucr ibn əl-Haris bənu Əsəd qəbiləsini vergi verməməsi səbəbindən cəzalandırır və qəbilənin adlı-sanlı adamlarını həbs edir. Bu zaman Bənu Əsədin məşhur şairi Abid ibn əl-Əbras Hucrun yanına gedib bu adamları azad edə bilir.[19] İbn Raşiq Qayravaninin "əl Umdə” əsərində "Şairlərin şəfaəti” adlı ayrıcı bir bölmə vardır ki, burada mü­əl­lif ayrı-ayrı şairlərin sənətinə hörmət müqabilində on­la­rın özlərinin və ya yaxın adamlarının bağışlanmasından söhbət açır. Əsərdə Təmim qəbiləsindən bir qrup adamı elə­cə də cahiliyyət dövrünün məşhur şairi Əlqəmə ibn Əbdənin  qardaşı Şəs ibn Əbdəni həbs etmiş Haris Qəssaninin Əlqə­mə­nin bir mədhiyyəsi müqabilində bu adamları azad et­mə­sin­dən,  Məhəmməd Peyğəmbərin İslama zidd çıxmış bir çox şairlərin günahından keçməsindən və sonralar bir çox ərəb xəlifə və valilərinin  bu ənənəni davam etdir­mə­sin­dən söh­bət gedir.[20]
  Bəzən bu şairlərin hökmdarların taleyində də böyük rol oy­nadığını görürük. İbn Quteybə "Əş-şir vaş-şüəra” əsə­rin­də yazır ki, Adiy ibn Zeyd Sasani hökmdarı Pərvizin yanın­da katib və tərcüməçi idi. Hirə hökmdarı Əmr ibn Hind öl­dü­rülərkən Adiy ibn Zeyd Pərvizə Neman ibn Münziri Hi­rəyə hökmdar təyin etməyi məsləhət bilir və tezliklə Ne­man ibn Münzir Hirə hökmdarı olur. Baxmayaraq ki, o Mün­zir qardaşları içərisində ən yöndəmsizi və eybəcəri idi.[21]
  Şairlər bəzən adi məişət məsələlərində də insanların kö­məyinə yetirdilər. Çünki şair istədiyi adamı öz  mədhləri ilə göylərə qaldıra bilərdi. Rəvayətə görə, qarımış qızları olan əl-Kiləbi adlı birisi əl-Əşənin köməyinə nail olmaq üçün onu evinə dəvət edir, şairə dəvə kəsib qonaqlıq verir. Əl-Əşə məmnun qalıb Ukaz bazarına gedir və həmin şəxsə bir mədhiyyə söyləyir. Əl-Kiləbinin şöhrəti hər yana yayılır və ərəblər tez bir zamanda elçi düşüb onun bütün qızlarını alır­lar.[22]
 
* * *
  Cahiliyyət dövrü şairlərinin dini təsəvvürlərinin araş­dırıl­ması da onların cəmiyyətdə tutduğu mövqeyin müəyyən çalarlarına aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. 
  Məlumdur ki, islamaqədərki ərəb cəmiyyətinin dini mən­zə­rəsi olduqca rəngarəng olub, özündə həm çoxallahlılıq, həm də təkallahlılıq ünsürlərini birləşdirirdi. İslamın yaran­ması ərəfəsində müxtəlif bütlərə ibadətdə təzahür edən poli­te­izmin iflası və monoteizmə meylin güclənməsi də ilk növ­bədə ərəb şerində və bu şerin görkəmli nümayəndələrinin tər­cü­meyi-halında əks olunmuşdur. Bütlərin bir etiqad obyek­ti, səcdəgah kimi hörmətdən düşməsini bildirərkən adətən İmruul-Qeyslə bağlı aşağıdakı əhvalat xatırlanır: Atasının ölüm xəbərini eşidən İmruu – Qeys qi­sas almağı qət edir və ərəb adətlərinə görə bu işi bütlə "məsləhət­­ləşmək” qərarına gəlir və Zul-Xələsə adlı bütün yanına gedib ox çəkməklə fala baxır. Hər dəfə də ona bu işdən çəkinməyi lazım bildi­rən ox çıxır. Əsəbiləşən İmruul-Qeys oxları bütün başına çır­pıb  ədəbsiz bir  söyüş söyür və "əgər sənin atanı öldür­səy­­di­lər belə etməzdin” –söyləyir.[23] 
  Bütpərəstliyin böhran içərisində olduğu bir cəmiyyətdə monoteizmə və mistikaya meylin də daha çox şairlər ara­sında gücləndiyi müşahidə olunmaqdadır. Əgər qədim yu­nan cəmiyyətində qeybi dərk etməyə meyl və bu yolda ru­hun təkamülünə yönəlmiş mistik yönümlü cərəyanların mey­dana gəlməsi filosoflar içərisində güclü idisə, qədim ərəb cəmiyyətində bu təmayülün daha çox şairləri əhatə etməsi­nin şahidi oluruq. Ərəb mənbələrində bütpərəstlikdən üz döndərib Vahid Allaha ibadət yolunu tutan, dünya nemətlə­rin­dən əl çəkərək zahidliyə, tənha ibadətə meyl göstərən adamlar içərisində cahiliyyət şairlərindən Adiy ibn Zeydin, Uməyyə ibn əbis-Saltın, Abid ibn əl-Əbrasın, Zuheyr ibn Əbi Sulmənin, eləcə də görkəmli xətib Quss ibn Səidənin adına tez-tez rast gəlirik. Onların bəziləri hənif adlandırılır, bəziləri xristianlıqla əlaqələndirilirdi. Digər tərəfdən, o döv­rün tanınmış hənifləri Suveyd ibn Amirin və Varaqa ibn Naufəlin həm də şair olmaları məlumdur.[24]
  Bütün bu adamları və o zamankı cəmiyyətdə "hənif” ki­mi tanınmış digər şəxsləri birləşdirən əsas cəhət onların həd­siz ibadəti, tənhalığa, zahidliyə meyli olmuşdur. Klassik ərəb dilində ibadətlə, tənhalığa çəkilməklə bağlı sinonim söz­lərin çoxluğu bu hərəkatın müəyyən vüsət almasından xə­bər verir. İbadət yerləri kimi mağaralar, uca dağların zir­və­si, səhralar seçilirdi. Həzrəti Məhəmmədin Hirə mağa­ra­sı­na çəkilib ibadət etməsi də bu hərəkatın tərkib hissəsi idi.
  Cahiliyyət dövrünün mistik həyata meylli şairləri içəri­sin­də Uməyyə ibn Əbis-Saltı ayrıca qeyd etmək istərdik. Bə­nu Saqif qəbiləsindən olan Uməyyə tez-tez Şam diyarına gedir, xristian monastrlarında rahiblərlə söhbət edirdi. Mən­­bələrdə onun oxuyub yazmağı bilən, dini kitablara bə­ləd olan şəxs kimi təqdim olunmasını görürük. Uməyyə öz ibadətində o qədər inamlı və israrlı olub ki, hətta nə za­ma­n­sa peyğəmbərlik məqamına yüksələcəyinə də inanıb.[25] Hətta bir sıra rəvayətlərdən onun tərcümeyi halı ilə peyğəmbər­lə­rin tərcümeyi-halı arasında bir bənzərlik olması da anlaşılır. Köksün yarılması və pisliklərdən təmizlənməsi bizə Məhəm­məd peyğəmbərin sirəsindən məlumdur. Hətta Qurani Kə­rim­də də bu hadisəyə işarə vardır:
 
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ (الانشراح  1)
 
         "Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?” 
 
(İnşirah 1)
 
  Uməyyənin həyatından bəhs edən rəvayətlərdə onun kök­sünün iki  quş tərəfindən yarılıb təmizlənməsi söylənilir. Bəzi rəvayətlər isə Süleyman peyğəmbərin hekayətini xatır­la­dır. Məs. onun quşların və heyvanların dilini bilməsi, cin­ləri özünə tabe et­məsi və s. söylənilir. Hətta ərəblər arasında belə bir fikir də ol­muşdur ki, əgər Məhəmməd peyğəmbərə vəhy nazil olmasaydı Səqif qəbiləsi Uməyyənin peyğəmbər olması iddiası ilə çıxış edə bilərdi.[26]
  Bununla belə, biz Uməy­yə­nin adının yalançı peyğəm­bərlər sırasında çəkilməsini gör­mürük. Əksinə, onun Allah-Təalanın aşkar ayətlərindən xəbərdar olan, ancaq kənara çəkilən bir kəs kimi təqdim olunmasının şahidi oluruq. Mü­fəs­sirlər peyğəmbərdən söy­lə­nilən hədislərə istinadən Aşa­ğıdakı Quran ayəsində Uməy­yə­yə işarə edildiyini bildirirlər:
 
وَاتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِيَ آتَيْنَاهُ آيَاتِنَا فَانسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّيْطَانُ فَكَانَ مِنَ الْغَاوِينَ (الاعراف   174) 
 
  "Onlara ayələrimizi verdiyimiz kimsənin də xəbərini söy­lə. O bu ayələrdən üz  döndərdi. Şeytan onu özünə tabe etdi və o yolunu azanlardan oldu”
       (əl-Əraf 174)
 
  Uməyyə ibn Əbis-Saltın  hz. Məhəmmədin peyğəmbər­li­yi­ni,  "mən özüm  peyğəmbər olmağı diləyirdim” – deməklə  bir həsəd  və qibtə hissi ilə qarşılaması, İslamı qəbul etmə­mə­si bildirilir.[27]
  Cahiliyyə dövrünün bir çox şairləri o dövrün dini dü­şün­cə, etiqadla bağlı ziddiyyətli hadisələrindən kənar qalma­mış, əksinə monoteist düşüncənin daşıyıcıları kimi tanın­mış­lar. Ərəb cəmiyyətində şair sözü o qədər kəsərli olmuş­dur ki, İslam yaranarkən müşrik ərəblər məhz şairlərin hz. Məhəmmədin dininə iman gətirməməsi üçün əllərindən gələ­ni etmişlər: Əl-Əşə İslamı qəbul emək üçün Mədinəyə yolla­nar­kən Əbu Sufyan onun qarşısını kəsib bu yoldan çəkin­dir­mək istəyir: "Məhəmmədin dini yad qadınlarla  yaxınlaş­ma­ğı, şərabı, qumarı qadağan edir. Bu sənin nəyinə lazım­dır?” Əl-Əşə yaşının ahıl vaxtında belə işlərə meyl göstər­mədiyini bildirir. Onu yolundan çəkindirə bilməyən Əbu Suf­­yan qureyşlilərin yanına gəlib deyir: "Ey Qureyş əhli.  Əşə Qeysin şerlərindən xəbərdarsız. Əgər o Məhəmmədin yanı­na getsə, ərəbləri öz şerləri ilə sizin üstünüzə qaldıra­caq”. Qureyşlilər birləşib əl-Əşəni yolundan döndərmək üçün 100 dəvə toplayıb, ona verirlər. Dəvələri görən Əl-Əşə geri qayıdır və yolda dəvənin belindən yıxılıb ölür.[28]

* * *
  Cahiliyyət şairlərinin ictimai mövqeyini araşdırarkən on­ların çox zaman cəmiyyətin yuxarı təbəqələrindən çıxma­sı­nın şahidi oluruq.  Əmr ibn Gülsüm, İmruul-Qeys, Əntərə ibn Şəddad və b. şairlər qəbilə başçılarının oğludurlar. Bu onu göstərir ki, şairlik sənəti cahiliyyət dövründə yuxarı təbəqələrin maraq dairəsində olmuşdur. Burada İ.M.Fil­ş­tin­skinin "Ərəb ədəbiyyatı tarixi” kitabında yer almış bir fikrə öz münasibətimizi bildirmək istərdik. Məlumdur ki, məşhur ərəb şairi İmruul-Qeys qəbilə qızlarına şerlər qoşub, eyş-işrətə me­yil­li bir həyat keçirdiyindən atası Hucr onu evdən qovmuş­dur. Filştinski bunu ərəb dövlətçiliyinin ya­ran­ması ilə şa­ir­lik sənətinə yuxarı təbəqələrə layiq olmayan bir sənət kimi baxılması ilə izah edir.[29] Bizim fikrimizcə Huc­run oğlu İmruul-Qeysi cəzalandırması onun şairlik etmə­sinə görə deyil, gənc şahzadənin eyş-işrətə qurşanması və qəbilə qızlarına açıq-saçıq şerlər yazması, xüsusilə İbn Quteybənin qeyd et­di­yi kimi, öz əmisi qızı Fatiməyə qəzəl­lər qoşması səbə­bin­­dən olmuşdur.[30] Yəni burada şairlik sənətinin  hökmdar ailə­si­nə yaraşmayan bir iş olması deyil, gənc şairin həyat tər­zi və açıq-saçıq şerləri  ata-oğul ixtila­fına gətirib çıxar­mış­dır. Ərəb cəmiyyində istər cahiliyyət, istərsə də İslamdan son­rakı dövrdə cəmiyyətin ən yuxarı təbəqələri içərisindən bir çox şairlər çıxmışdır. İlk Raşidi xəlifləri şer söyləmiş, hz. Əlinin şer divanı olmuşdur. Son­ra­kı dövrdə Əməvi, Abbasi xəlifələri içərisindən də müqtədir şairlər çıxmışdır.[31]
  Digər tərəfdən ilk saray şairlərinin də məhz cahiliyyət döv­ründə meydana çıxdığını qeyd etmək yerinə düşər. İran və Bizans imperatorluqlarının sərhədlərində yerləşən və on­lar­dan asılı olan  yarıvassal Ərəb dövlətlərində – Ləxmilərin və Qəssanilərin saraylarında saray şairləri olmuşdur. Xü­su­silə Nabiğə əz-Zubyani bir saray şairi kimi məşhur olmuş, onun həyatı saray  intriqalarının keşməkeşli hadisələrindən kənarda qalmamış, şairin  Hirə hökmdarı Neman ibn Min­zir­lə əhvalatı, onun arvadı Mütəcərridəyə həsr etdiyi həm­ma­­miyyə ilə bağlı macəraları orta əsr ərəb mənbələrində  ət­ra­flı əks olunmuşdur. Sonradan saray şairliyi bir təsisat ki­mi daha da möhkəmlənmiş, xüsusilə əməvilər dövründə mə­va­­cibli saray şairləri sosial təbəqə kimi formalaşmışlar. Əməvi xəlifəsi Yəzid ilk dəfə olaraq əl-Əxtala maaş verməklə bu işə rəvac vermişdir.

  * * *
  Ərəbin şer sənətinə heyranlığı təbii ki, kortəbii xarakter daşımırdı. Onlar bu sənətin incəliklərini duyur, yaxşı şeri zəif şerdən ayırırdılar. Buna görə də, ərəb cəmiyyətində heç də bütün şairlər eyni cür qiymətləndirilməmiş, ərəblər onları müxtəlif təbəqələrə bölmüşlər. Ən istedadlı şairlər "fəhl” (fu­hul) – görkəmli şairlər idi.  Bu ad şerlərində hikmətamiz fi­kirlər üstünlük təşkil edən, qüdrətli və müqayisə olunmaz şairlərə verilirdi. Ərəblər onları bəzən "fəhl xinzid" (gör­kəm­li və gözəl danışıq qabiliyyəti olan) adlandırırdılar. Bu ad bəzən gözəl nitqi olan, ərəblərin keçmişini, ərəb qəbi­lə­lərinin apardığı döyüş və müharibələrin xronologiyası olan əyyəmul-ərəbi gözəl bilən xətiblərə də aid edilirdi. Eləcə də öz şerləri ilə ya­naşı başqalarının şerlərini də əzbər bilən tanınmış ravi­lə­ri də bəzən bu cür adlandırırdılar. Üçüncü qrupa şairlər da­xil idi. Bu bir növ söz sənətində orta səviy­yəli kəslər idi. Şə­rur və şuvayirlər isə «şaircik» anlamı­na gəlib şer sənə­tin­də uğurlu olmayan zəif sənətkarlara verilən ad idi.[32]

* * *
  Cahiliyyət dövrünün söz sənəti ilə bağlı digər mühüm tə­bə­qəsi xətiblər idi.  Xütbə söyləmək cəmiyyətdə geniş yayıl­dı­ğından, hər bir qəbilə başçısı, ordu sərkərdəsi  və yaxud ka­hinlər xütbələr söylədiyindən bu təbəqənin hüdudları da­ha geniş təsir bağışlayır. Bununla belə biz o dövrdə xütbə söyləməyi özünə peşə etmiş sənətkar xətiblərin olmasını da qeyd etməliyik. Cahiz "əl-Bəyan vat-təbyin”də onların böyük bir qisminin adını çəkir.[33]
Müasir araşdırmalarda cahiliyyət dövrünün məşhur xə­tib­ləri sırasında Amir ibn Tufeylin, Xalid ibn Malikin, Rə­biə ibn Hüzarın, Xalid ibn Malikin və b. adının çəkil­di­yini görürük.[34]
  Xütbələr də şer kimi müxtəlif münasibətlə söylənilirdi. Ərəblər öz əsil nəcabətləri ilə öyünüb, düşmənlərini gözdən salarkən, özlərinin və qəbilələrinin gözəl xüsusiyyətlərini tə­rif edərkən xütbələrə müraciət edirdilər. Müxtəlif qəbilələr arasında nümayəndə heyətlərinin gəlişi həmişə xütbələrlə mü­şaiyət olunurdu. Qəbilələrarası qohumluq əlaqələri, sül­hə çağırış, öyüd-nəsihət, hidayətə dəvət döyüşdən əl çəkmək və s. kimi məqsədlər xütbələrin əsas qayəsini təşkil edirdi. Şövqü Dayf göstərir ki, xətiblər insanları məhz sülhə çağır­dıq­larından onların hörməti döyüşə, qisasa çağıran şerlər söyləyən şairlərdən çox idi.[35] Ümumiyyətlə, ərəb cəmiyyətin­də şairin, yoxsa xətibin yüksək qiymətləndirilməsi orta əsr filoloqlarının sevdiyi polemikalardan olub. Cahiz "əl-Bəyan vat-Təbyində” görkəmli filoloq, cahiliyyət ədəbiyyatının məşhur bilicisi Əbu Əmr ibn əl-Əlaya istinadən deyir: Ərəb­lər cahiliyyət dövründə şairi xətibdən üstün tuturdular. Bu onların gözəl işlərini qeydə alan və şanlı əməllərini ucaldan, düşmənləri və istilaçıları qorxudan, düşmən cəngavərlərin ürəyinə xof salan şerə olan ehtiyacından irəli gəlirdi. Elə ki şer də, şairlər də çoxaldı, şairlər şeri qazanc yeri etdilər və qa­ra camaatın yanına gedib qoşduqları şeri ərz etdilər, xə­ti­bin mövqeyi şairin mövqeyini üstələdi. Buna görə də deyir­di­lər ki, "şer alicənab adamın alicənab işinin  ən aşağı olanı və ləyaqətsiz adamın alicənab işinin ən yüksəyidir”.[36] 
  Cahiz bu əsərin başqa bir hissəsində də şairlərin məhz sayca çoxaldığından xətiblərin onlardan üstün tutulduğunu bildirir.[37]
  Cahiliyyət dövründə Məkkə və Mədinədə, eləcə də köçəri ərəblər içərisində bir çox xətiblər var idi.  Onların Məkkədə daim yığıldığı məclisi şöhrət tapmışdır. Burada qureyş qəbi­lə­sinin başçıları yığışıb öz mühüm problemlərini müzakirə edir, bu  vaxt xütbələr söylənilir, söhbətlər edilirdi. Onların xətibləri içərisində Suheyl ibn Əmr əl-Ələm çox  nüfuzlu idi. O islama qarşı çıxdığından Ömər (r) həzrəti peyğəmbərə (s.ə.s.) məsləhət görür ki, xütbə söyləyə bilməsin deyə onun iki qabaq dişini çıxartdırsın. Ancaq peyğəmbər: "Mən pey­ğəm­bərəm və onu bu cür eybəcərləşdirə bilmərəm, onda  Al­lah da məni pis kökə salar. Yaxşı olar ki, sən onu islama də­vət edəsən, ola bilər ki, sənin bəyəndiyin bir məqama yetər” – demişdir. Doğrudan da sonra Suheyl ibn Əmr islamı qəbul edib mömin müsəlman olub.[38]
  Cahiliyyət dövründə natiqlik sənətinin, xütbə söyləməyin yazılı qanunları olmasa da artıq həm xütbə söyləməyin zahiri tərzi, həm də xütbələrin özünün ədəbi-bədii keyfiyət­lə­ri barədə ənənə halını almış fikirlər mövcud idi. Xütbələr bir qayda olaraq uca yerdən söylənilirdi. Bir çox xətiblər də­və və ya at belində xütbə söyləməyi üstün tuturdular. Adə­­­tən bayramlar, mərasimlər zamanı, insanların çox oldu­­ğu yerdə xütbə demək münasib sayılırdı. Çox vaxt xətiblər əllərində əsa, çubuq və s. tutar, nitq prosesində onlara işa­rə­lər edərdilər. Xətibin səsi gur, cingiltili, nitqi aydın, söz­ləri səlis olmalı idi. Xütbə deyərkən təngənəfəs olmaq, tit­rə­mək, həyəcanlanmaq, dili dolaşmaq məqbul sayılmırdı. Xətib xütbə zamanı bığ-saqqalına toxunmamalı idi.[39]
 
 
 

  Cahiliyyət dövrünün xütbələrinin böyük əksəriyyəti itib batsa da dövrümüzə gəlib çatan azacıq nümunələr onların üslub cəhətləri barədə mühakimə yürütməyə imkan verir. Xüt­bələr adətən səc üslubunda olurdu. Qısa, ahəngli cüm­lə­lər işlənir, lakin onların  məna  tutumuna xüsusi diqqət ye­ti­ri­lirdi. Xütbələrdə hikmətamiz fikirlər, insanları düşün­dü­rən ifadələr ustalıqla işlənirdi. Təşbih və istiarələrə, müba­li­ğə­lərə müraciət edilirdi. Söylənilən xütbəyə xüsusi bir ahəng  vermək üçün sözlərin məxrəcinə, səslərin uyğunluğuna ay­rıca önəm verilirdi. Bu cəhətdən Quss ibn Səi­dənin xütbəsi daha məşhur idi. Hətta peyğəmbərin (s.ə.s) Ukaz bazarında bu xütbəni söyləməsi də bildirilir.[40]
  Cahiliyyət dövrünün bəzi xətibləri həm də müdrik adam­lar kimi tanınmışlar. Onlardan Əksəm ibn Seyfini göstər­mək olar. O öz nitqlərində hikmətamiz kəlamlardan, zərb məsəllərdən dönə-dönə istifadə edən bir  kəs idi. Əksəmin Sa­sani hökmdarı Ənuşirəvanla görüşü məşhurdur. Rəva­yə­tə görə, bu görüşə qədər ərəblər barədə bədgüman olan  Sa­sa­ni padşahı Əksəmlə tanışlıqdan sonra demişdir: "Ərəblər içə­risində Əksəmdən başqası olmasaydı, yenə də  (onların ağıl və dərrakəsinə) kifayət edərdi.[41]
  Cahiliyyət dövründə söz sənəti ilə bağlı zümrələr şair və xətiblərlə məhdudlaşmır. Ərəblərin keçmişi, tarixi günləri, dini rəvayətləri barədə hekayətlər söyləyən qəssasları, eləcə də öz ailəsinin və qəbiləsinin nəsəbini öyrənib onu təhriflər­dən qoruyan  nəssabları da qeyd etmək lazımdır.  Ərəblər içərisində qəssasların ətrafına toplaşıb onların hekayətinə qulaq asmaq adəti sonrakı əsrlərdə də davam etmiş, ərəb xalq romanları da bu cür yaranmışdır.  Qəbilələrarası mü­ha­­ri­bələri əks etdirən əyyəmul-ərəb, Himyər hökmdarları, Mərib səddi, Xəndək əhli, Fil əhli, İbrahim və İsmail peyğəmbərlərin hekayətləri, Bilqeyslə Süleymanın əhvalatı, eləcə də Tövrat və İncildə əks olunmuş dini rəvayətlər ərəb­lər içərisində rəvac tapmışdır.[42]
  Ərəblərin  öz qəbilələrinə bağlılığı (əsəbiyyə) və bundan irəli gələn qəbilə ilə fəxr etmə, başqa qəbilələri tənqid etmə və s. nəssablara da daim ehtiram doğururdu.
  Cahiliyyət ərəblərinin ədəbi yaradıcılıqla məşğul olan təbəqələrə münasibəti ilk növbədə ərəb qəbilələrinin yazıl­ma­mış qanunları.[43] Hər bir ərəbin qəbilə qarşısındakı öh­də­likləri və müəy­yən əxlaq normalarına əməl etməsi ilə müəy­yənləşirdi. Qə­bi­lə adət-ənənələrinə zidd çıxan, qəbilənin adına ləkə gətirən hər bir kəs cəzalanır, hətta bəzən qəbi­lə­nin himayəsindən məhrum edilirdi. Bu bir növ  qanundan kənar qalmaq de­mək idi. Bu cür adamlar şairlər içərisində də az deyildi. Qəbilədən qovulmuş, səhralarda sərgərdan həyat keçirən, bəzən yolkəsənlik edən şairlər ayrıca bir qrup təşkil edib "səalik şairlər” adlanır. Onlar içərisindən Şən­fə­ra, Təəbbata Şərran və Urva ibn əl-Vard məşhur  olmuşlar.
 
  * * *

  İslamın yaranması cahiliyyət şerinin nüfuzuna heç də xələl gətirmir, əksinə, ərəb dilində nazil olmuş Quran ayə­lə­ri­nin şərhi zamanı bu ədəbi irsdən tükənməz bir mənbə kimi istifadə  olunur. Xəlifə Ömər (Allah ondan razı qalsın) də­­fə­lərlə ərəb şerinin əhəmiyyətinə toxunub, onu "ərəblərin di­vanı” adlandırmışdır. Müsəlman ekzegetikasının banisi Ab­dulla ibn Abbas Quran ayələrinin şərhində çətin anla­şı­la­sı sözlərin izahını məhz  ərəb şerində axtarmağın vacib­liyini bildirmişdir:
 
  "Əgər məndən Qurandakı anlaşılmaz sözlər haqqında soruşursuzsa, onu şerdə axtarın. Şer ərəblərin divanıdır" 
 
  İbn Abbas Quranın təfsirində cahiliyyət şerindən bol-bol istifadə etmişdir. Deyilənə görə, ondan hər hansı ayə barədə soruşsalar, həmin ayənin izahına dərhal şer söyləməklə başlayırmış.[44]
  Cahiliyyət dövründə söz sənətinin məhsulu olan möh­tə­şəm irs-cahiliyyət ədəbiyyatı sırf ərəb mənəvi dəyərlərinin mənbəyi olmaqla müstasna əhəmiyyətə malikdir. İslam ya­randıqdan sonra ərəblər başqa xalqlarla qaynayıb qarış­mış, müxtəlif mədəniyyətlərin sintezindən ibarət ümum­mü­səlman mədəniyyəti yaranmışdır. Lakin, qeyd etmək lazım­dır ki, məhz cahiliyyət şeri ərəblərin kənar təsirlərdən qorun­ma­sın­da bir sipər olmuşdur. Təsadüfü deyil ki, IX əsrdə ədəbiy­yat­da ərəb təəssübkeşliyinin doğurduğu klassisizmin əsasın­da da məhz cahiliyyət ədəbiyyatı dayanmışdır.
  Əgər ərəblər digər müsəlman xalqları ilə birgə bir ümmət olaraq islami dəyərlərdən və islami irsdən bəhrələnmişlərsə, onlar bir millət kimi formalaşarkən sırf ərəb mənəvi dəyər­lə­rinin daşıyıcısı olan cahiliyyət şerindən faydalanmışlar. Ərəblərin ilkin vətənində yaranmış və əsil ərəb mənəvi də­yər­lərinin təcəssümü olan cahiliyyət şerinin ərəb milli şüu­ru­nun formalaşmasındakı böyük rolu danılmazdır.

  * * *
  Bu bəhsdən aşağıdakı nəticələr hasil olub:
  – Cahiliyyət dövründə sözün sakral nailiyyətinə inam şairin cəmiyyətdə xüsusi mövqe qazanmasına gətirib çıxar­mış, şairlər bir çox hallarda elitanı təmsil etmişlər.
  – Şairlərin ictimai-siyasi həyatda rolları böyük olmuş, onlar bəzən taleyüklü hadisələrin axarına təsir göstərə bilmişlər.
  – İslamdan əvvəl bir çox şairlər bütpərəstlikdən çəkinib monoteizmə meyl göstərmişlər. Eləcə də şairlər arasında asketizmə və mistisizmə meyl də güclü olmuşdur.
  – Şairlərlə yanaşı xətiblərin də cəmiyyətdə böyük nüfu­zu olmuşdur.
  – Cahiliyyət dövrünün söz sənəti, xüsusilə islama­qədər­ki ərəb şeri Qurani-Kərimin təfsiri baxımından yüksək qiy­mətlən­di­ril­mişdir.
 

[1] İbn Abd Rəbbihi. Əl-İqd əl-Fərid. III cild,  Misir, 1913, s. 379.

[2] İbn Raşiq-Qayravini əl-Umdə. I cild, Beyrut, 1972, s. 96. İbn Xəldun. Mü­qəd­dimə, Beyrut 1961, s. 1122. 

[3] Davavinuş-şuaras-sittətil- -cahilliyyin. Qahirə, 1968. s. 52, 54 və s. 

[4] İbn Quteybə. Əş-Şiru vaş-şüərau. Beyrut, 1906, s. 114. 

[5] Təkcə Quranı yazan katiblərin sayının 42-yə çatmasını qeyd etməyimiz kif­a­yət­dir. Bu barədə: Əl.Mushəf əş-Şərif və ərəb yazı texnikasının yeniləşməsi. əl-Ərəbi jurnalı. № 412, 1993. 

[6] Cahiz göstərir ki, ərəblər bütün qüvvələrini şer deməyə, bəlağətli nitqə, söz gözəlliliyinə və deyilən sözləri hifz etməyə yönəldib bu sahədə hədsiz uğurlar qazanmışlar. Cahiz. Risələtun fi mənaqibit-turk. s. 45. 

[7] Cavad Əli. Təruxul-arab qabləl-isləm. Bağdad, 1993, IX. S. 68. 

[8] Куделин. Аравийская словестность VI-VII вв. Опыт рассмотрения в фоль­клор­но-мифологическом контексте. с. 244. 

[9] Bu barədə: A.Qasımova Mütənəbbinin ləqəbi barədə həqiqətlər və ya­lan­lar arasında. Kuveyt, əl-Bəyan. 2002 noyabr s.45-49. 

[10] İbn Raşiq Qayravani. Əl-Umdə, s.116.

[11] Əbü-Əla əl-Məərri.  Rişələtül-ğufran. Beyrut, s.139.

[12] Circi Zeydan.  Təruxu-ədəbil-luğatil-arabiyyəti. Əl-Qahirə, 1957, I. s. 350. 

[13] İbn Raşiq Qayravani. Əl-Umdə. Beyrut 1972, s. 68-69 

[14] Circi Zeydan. Təruxu-ədəbil-luğatil-arabiyyəti. Əl-Qahirə, 1957, I., s.351-353. Yaradıcılıq prosesinin qeyri-adi xüsusiyyət kəsb etməsi və föv­qəl­təbii qüv­və­lər­lə əlaqələndirilməsi bəşəriyyətin elm və mədəniyyət tari­xində rast gəlinən haldır. Mendeleyevin elementlərin dövri sestemini yu­xuda kəşf etməsi, Valter Skottun «Ayveqo»nu bayılmış, huşsuz bir vəziy­yətdə yazması söylənilir. Fran­sız yazıçısı Gi de Mopassan bir dəfə öz kölgəsinin diktəsi altında əsər yazmış olmasını bildirib. İtalyan bəstəkarı C.Tartini İblisə həsr etdiyi məşhur sonatasını İblisin öz dilindən eşitdiyini söyləyir.  

[15] Cavad Əli. Tərixul-arab qəblə-isləm. IX, s.78.

[16] Ханна аль-Фахури. История арабской литературы. I, Москва, 1959  с.51-52. 

[17] Şövqü Dayf. Tərixu-l-ədəbil-arabiyyi. al-Asrul-cəhiliyyu. Qahirə, 1965, s. 302. 

[18] И.М.Фильштинский. История арабской литературы. Москва, 1985, с. 82-87. 

[19] Ханна аль-Фахури. История арабской литературы. I, Москва, 1959, с. 93. 

[20] İbn Raşiq Qayravani. Əl-Umdə. Beyrut, 1972, I, s. 57-64. 

[21] İbn Kuteybə. əş-Şiru vas-şüərau. Beyrut, 1906, s. 114. 

[22] Ханна аль-Фахури. История арабской литературы. I, Москва, 1959, с. 144. 

[23] İmruul-Qeys. Divan. Beyrut, s.20.

[24] Cavad Əli. Tərixul-arab qabləl-isləm. VI əsr, s. 500-501.
 Vərağa ibn Naufəl peyğəmbərin arvadı Xədicə bint Xuveylidin əmisi oğludur və onun adı ilahi vəhyin nazil olması ilə bağlı xəbərlərdə tez-tez xatırlanır. 

[25] İbn Quteybə. əş-Şiru vaş-şüərau. Beyrut, 1906, s. 279. 

[26] Behcət Əbdül-Qafur. Uməyyə ibn Əbis-Salt. Hayətuhu, şiruhu. Bağdad. 1965, s. 56-68. 

[27] Behcət Əbdül-Qafur. Uməyyə ibn Əbis-Salt. Hayətuhu, şiruhu. Bağdad. 1965, s. 56-68.

[28] İbn Quteybə. əş-Şiru vaş-şüərau. Beyrut, 1906, s.136. 

[29] И.М.Фильштинский. История арабской литературы. Москва, 1985, с. 71.  

[30] İbn Quteybə. əş-Şiru vaş-şüərau. Beyrut, 1906, s. 38.

[31] BDU-nun şərqşünaslıq fakültəsinin məzunu Həcər Səfiyevanın bizim rəhbərliyimiz altda yazdığı "Xə­li­fə və xəlifə övladı olan şairlər" adlı magistr dissertasiyasında bu məsələlər hərtərəfli işıqlandırılmışdır. 

[32] Cahiz. əl-Bəyan vat-təbyin. Beyrut II. səh.9. Cavad Əli. Tərixul-arab qab­ləl-isləm. Bağdad.1993. IX. s.82-83. 

[33] Cahiz. əl-Bəyan vat-təbyin. Beyrut  I. s.306.

[34] Şövqü Dayf. Tərixul-ədəbil-arabiyyi əl-Asrul-cəhiliyyu. 1965. s.40.

[35] Şövqü Dayf. Əl-Fənnu va məzəhibunu fin-nəsril-arabiyyi. Qahirə. 1960. s.29. 

[36] Cahiz. əl-Bəyan vat-təbyin. I. s.241. 

[37] Cahiz. əl-Bəyan vat-təbyin. I., s. 83.  

[38] Şövqü Dayf. Əl-Fənnu va məzəhibuhu fin-nəsril-arabiyyi. Qahirə. 1960. s.30. 

[39] Yenə odara, s. 32-33. 

[40] Şövqü Dayf. Əl-Fənnu va məzəhibuhu fin-nəsril-arabiyyi. Qahirə. 1960, s.34. 

[41] Ханна аль-Фахури. История арабской литературы. I, с. 159. 

[42] Circi Zeydan. Tərixu ədəbil-lüğatil-arabiyyəti. Qahirə. I.s.193.

[43] Bu qanunların yazılıb yazılmaması da şübhə altındadır. Rəvayətə görə İslam yaranarkən Məhəmməd peyğəmbər Suveyd adlı bir şairi haqq dininə dəvət edərkən o demişdir: "Bəlkə elə səndə olan kitab da mən­də­kin­dəndir?" Peyğəmbər soruşur: "Səndə olan nədir?" Suveyd deyir: "Loğmanın məcəl­lə­si". Bununla o Loğmanının müdrik kəlamlarını nəzər­də tuturdu. Peyğəmbər deyir: ""əndə doğrudan da xeyirli kəlamlar var. Ancaq məndəki daha yaxşıdır. Bu Allahın göndərdiyi hidayət və işıqdır".
  (М.Б.Пиотровский. Коранические сказания. Москва, 1991, с. 189. Пиот­ров­ски бу мялуматы Тябяри тарихиндян яхз етмишдир.

  [44] Leyla Taufik. Təfsir və cahiliyyət şeri. – İmam Təbəri. Tarixçi və müfəssir kimi. II cild (məqalələr toplusu)  İsesko 1992, s. 298-299.