Biz imzaları yox, əsərləri dərc edirik...

28 may - tariximizin və milli yaddaşımızın həlledici məqamı - Əli Həsənov
1266
28 May 2020, 10:57
 Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir!
                                                     Heydər Əliyev
 
 Dəyərli, əziz həmvətənlər!
 102 il bundan əvvəl TransQafqaz Seyminin müsəlman fraksiyasını təmsil edən 26 istiqlalçı azərbaycanlı vətənpərvər Tiflisin Canişin Sarayında bir araya gələrək Azərbaycan Milli Şurasının tarixi iclasını keçirdilər və İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər. Bu günlərdə bütün xalqımız bu əlamətdar milli bayramı- Respublika Gününü qeyd edir. Qəlbi doğma Vətənimizlə döyünən bütün soydaşlarımızı bu bayram münasibətilə ürəkdən təbrik edirəm və 28 Mayın tarixi yaddaşımızda həkk etdiyi bəzi məqamlar haqqında qənaətlərimi sizlərlə paylaşmaq istəyirəm. Fikrimcə, tarix təkcə keçmişdə yaşanan hadisələrin nəql edilməsi deyil, həm də insanlara bugünkü həyatlarını qurmaq və gələcək fəaliyyətlərini konfiqurasiya etmək üçün lazımdır. Bu nöqteyi-nəzərdən, tarix davamlı olaraq öyrənilir, yazılır və hər yaşanmış günün real səlnaməsi yaradılır.

 1. Müvəqqəti Milli Şuranın qəbul etdiyi "İstiqlal Bəyannaməsi”ndə Azərbaycan respublika idarə üsullu demokratik və dünyəvi dövlət elan olunuru. Milli Şura özünün bu seçimi ilə müsəlman Şərqinə ilk dəfə demokratik-dünyəvi xalq respublikası məfkurəsini və idarə üsulunu gətirdi, Azərbaycan xalqının adını belə bir ilkə imza atan xalq və dövlət kimi tarix səlnaməsinə əbədi həkk etdi;
 2. Milli Şuranın Cənubi Qafqazda adında "Azərbaycan” ifadəsi olan müstəqil bir dövlətin yaradılması haqqında qəbul etdiyi qərar və bu dövlətin yaradılması istiqamətində başlatdığı fəaliyyət tarixdə ilk dəfə "Azərbaycan” adını daşıyan müstəqil dövlətin yaradılmasını və azərbaycanlıların vahid xalq olaraq milli konsolidasiyasını təmin etdi. 28 may tarixində xalqımızın uzun illər boyu uğrunda mübarizə apardığı müstəqil dövlət arzusu gerçəkləşdi;
3. Məlumdur ki, XVlll-XIX əsrlərdə İran, Osmanlı və Rusiya arasında gedən çoxillik müharibələr nəticəsində azərbaycanlıların məskunlaşdığı tarixi torpaqlar əhalisi ilə birlikdə Şimali, Cənubi və Qərbi Azərbaycan olmaqla üç yerə bölünmüşdü. Sonrakı təxminən yüz illik tarix ərzində bu torpaqlarda müxtəlif idarəçilik statusu və adlar altında - xanlıqlarda, əyalətlərdə, vilayətlərdə yaşayan azərbaycanlılar fərqli mənəvi dəyər və sivilizasiya daşıyıcıları olan üç dövlətin təbəəsi olmaq məcburiyyətində qalıblar. Azərbaycanlılar bu dövlətlərin tərkibində vahid xalq kimi formalaşa bilməyərək və milli-etnik konsolidasiya imkanlarından məhrum olaraq, sonrakı həyatlarını ümumşiə (İran), ümumtürk (Osmanlı), şirvanlı, gəncəli, bakılı, lənkəranlı, naxçıvanlı və başqa adlar altında (Rusiya) sürdürməli olmuşlar. Bir vaxtlar xanlıqlar şəklində işğal olunaraq ayrı-ayrı əyalətlər kimi Rusiya imperiyasının tərkibinə birləşdirilən Şimali Azərbaycan əraziləri 1918-ci il mayın 28-də AXC-nin elan olunması ilə "Azərbaycan” adlı dövlət olaraq onun tərkibindən ayrıldı və "azərbaycanlılar”ın vahid xalqa çevrilməsinin əsası qoyuldu. Beləliklə, ərazilərimizin və xalqımızın uzun illər boyu itirilmiş adı – "Azərbaycan”və "azərbaycanlılar” anlayışı dövlətyaradan məfhum kimi rəsmi şəkildə tarixə həkk olundu. Rusiyanın tərkibindən ayrılmış Şimali Azərbaycanda Azərbaycan xalqının vahid etnik-milli konsolidasiya imkanları reallaşmağa və vahid dövlətçilik ənənələri bərpa edilməyə başlandı. Bununla da Azərbaycan təkcə Qafqazda deyil, bütün Yaxın və Orta Şərq regionunda geosiyasi nümunə kimi ciddi bir amilə çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman və türk dünyasına, istismar altında inləyən ayrı-ayrı şərq xalqlarına müstəmləkə zülmündən azad olmağın və müstəqil dövlət yaratmağın mümkünlük örnəyini göstərdi;
4. Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda mühüm geosiyasi mövqe tutmaqla regionun ərazi və əhali baxımından ən böyük ölkəsi sayılırdı. Onun mübahisəsiz ərazisi 97.297 kv.km təşkil edirdi. Ermənistan və Gürcüstanla mübahisəli torpaqlarla birlikdə AXC-nin ərazisi ümumən 113.895. kv.km göstərilirdi.
Cənubi Qafqazın ən çoxsaylı xalqı da azərbaycanlılar idi. O zaman bütün Cənubi Qafqazda 7 milyon 687 min 770 nəfər əhali yaşayırdı ki, onun 3 milyon 306 min nəfəri azərbaycanlı, 1 milyon 786 min nəfəri erməni, 1 milyon 641 nəfəri isə gürcü idi.
 Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 2 milyon 861 min 862 nəfər idi. Bunun 1 milyon 952 min 250 nəfəri və ya 68,2 %-i azərbaycanlı, 622 min 6 nəfəri və ya 14,7%-i erməni, 14 min 791 nəfəri və ya 0,6 %-i gürcü, 214 min 930 nəfəri və ya 7,5 %-i rus, 57 min 882 nəfəri və ya 2,3 %-i digər xalqların nümayəndələri idi;
 5. 1918-ci ilin may ayında AXC ilə bərabər Cənubi Qafqazda gürcü və erməni respublikaları da elan olundu. O vaxta qədər Cənubi Qafqazda heç zaman Ermənistan adlı inzibati-siyasi vahid olmamışdı, bu adda dövlət ilk dəfə idi ki, məhz qədim İrəvan şəhəri mərkəz seçilməklə Azərbaycan torpaqlarında yaradılırdı. Yaradılarkən bu dövlətin ərazisi cəmi 9 min kv.km elan edilmişdi;
 6. Ermənilər həmin dövrdə İrəvanla bağlı xüsusi iddia irəli sürmürdülər, onlar dövlət yaratmaq üçün indiki Türkiyənin bəzi vilayətlərini, paytaxt kimi isə Gümrünü tələb edirdilər. Gümrü o zaman türk ordusunun nəzarəti altında idi. Azərbaycan Milli Şurası erməni və Azərbaycan xalqları arasında milli sülhün yaranacağına, ermənilərin bundan sonra guya xalqımıza qarşı heç zaman ərazi iddiaları irəli sürməyəcəyinə ümid edərək, şəhəri onlara güzəştə getdi. İrəvanın ermənilərə güzəştə gedilməsinin digər səbəbi isə həmin dövrdə şəhərin ermənilər tərəfindən işgal edilməsi idi ki, onun azad olunması yeni qanlı döyüşlər tələb edirdi. İrəvanın paytaxt kimi güzəştə gedilməsinə bir çox xarici amillər də təsir göstərdi. Xüsusən, Osmanlı sarayı həmin vaxtda bütün dünyada antitürk fəaliyyəti sərgiləyən və Anadolunun bir çox strateji məntəqələrini tələb edən erməniləri sakitləşdirmək, bu ərazilərdə sabitlik yaradılmasını təmin etmək, müttəfiqlərin ermənilərlə bağlı ərazi və digər təzminat tələblərini önləmək məqsədilə Azərbaycan hökumətinə İrəvanı ermənilərə güzəştə getməyi tövsiyə edirdi. Əlbəttə, Osmanlı həmin dövrdə bu işi Azərbəycanın müstəqilliyinin qorunub saxlanması məqsədilə etdiyini bəyan edirdi;
 7. Cənubi Qafqazda yeni müstəqil dövlətlərin yaranması həm də regionun geosiyasi vəziyyətini ciddi dəyişirdi. Osmanlı, İran və Rusiya arasında bufer dövlətlər əmələ gəlirdi ki, bu da Rusiyanı bu dövlətlərlə birbaşa sərhəd qonşusu olmaq imkanından məhrum edirdi;
 

 8. Azərbaycan Xalq Cümhuriyyətin mövcudluğuna əsas təhlükəni bolşevik Rusiyası yaradırdı və sona qədər də onun müstəqilliyini tanımadı. 1918-ci ilin mart ayında Bakıda erməni daşnaklarının yaxından iştirakı ilə azərbaycanlılara qarşı törədilən dəhşətli soyqırımından sonra bir qədər möhkəmlənmiş Bakı Xalq Komissarlarının köməyi ilə bolşeviklər bütün Cənubi Qafqazı yenidən öz nəzarəti altına almağa səy göstərirdilər. Çünki onlar bir tərəfdən Bakı neftinin itirilməsi ilə heç cür barışmaq istəmirdilər, digər tərəfdən isə Cənubi Qafqazda yeni müstəqil dövlətlərin yaranması ilə Rusiya böyük dövlət statusunu itirirdi. Xüsusən, zəngin təbii sərvətləri və nefti olan Azərbaycanın itirilməsi bu ölkənin mövqelərini çox zəiflədirdi. Rusiya imperiyasına məxsus keçmiş Xəzər donanmasının 40%-i Azərbaycanda qalmışdı. Rusiya isti dənizlərə gedən əlverişli və strateji Qara dəniz yollarını da itirmişdi. Odur ki, çarizmin siyasətini tənqid etməsinə və onun dövlət idarəçilik sistemini dağıtmasına baxmayaraq, bolşeviklər bütün vasitələrlə keçmiş imperatorluğun ərazilərində öz hakimiyyətlərini bərpa etməyə çalışırdılar. Bakı neftinə yiyələnmək Rusiyanın böyük dövlət statusunu özünə qaytarması üçün çox vacib şərt idi.
Qalan bütün digər maraqlı tərəflər – Osmanlı imperiyası və İran, ABŞ, İngiltərə və digər Antanta dövlətləri Cənubi Qafqazda yeni müstəqil dövlətlərin yaranmasından öz maraqları çərçivəsində bəhrələnməyə çalışırdılar. Onlar hər biri regionu Rusiyanın nəzarətindən çıxarmağa və öz təsirləri altına almağa, Bakı neftinə, Bakı-Batum dəmir yoluna sahiblənməyə, Xəzər dənizində və Orta Asiyaya gedən yol üzərində nəzarəti ələ keçirməyə cəhd edirdilər. ABŞ və Antanta ölkələri, eyni zamanda Rusiyada devrilmiş çar rejimini hansısa formada yenidən bərpa etməyə və öz təsirləri altına salmağa çalışırdılar;
 9. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən etibarən fəal xarici siyasət xətti həyata keçirərək, öz dövlətini dünyada tanıtmağa çalışırdı. Bu işdə ona Osmanlı dövləti yardım edirdi. Lakin yeni dövlətin beynəlxalq münasibətlər sisteminə qoşulması prosesi çox çətin idi. ABŞ və Avropanın böyük dövlətləri Paris konfransında Cənubi Qafqazın müstəqil dövlətlərini tanımaq üçün hər üçünə öz aralarındakı mübahisəli sərhədləri müəyyənləşdirmək tapşırığı vermişdi ki, bu da həmin dövr üçün çox çətin məsələ idi. Çünki ərazi-sərhəd məsələləri təkcə bu üç xalqın deyil, həm də regionda böyük güclər arasında gedən geosiyasi mübarizənin ən əsas hədəfi idi. Böyük dövlətlər bu amildən istifadə edərək, həm yerli xalqlar arasında manevr edir, həm də Cənubi Qafqazda öz forpostlarını yaratmağa çalışırdılar. Cənubi Qafqazda ərazi mübahisələrinin dinc həllində yeganə maraqlı dövlət o zaman Osmanlı idi ki, onun da gücü və vəziyyəti ürəkaçan deyildi. 1918-ci ilin may-iyun aylarında Osmanlı dövləti Batum şəhərində Azərbaycan, Ermənistan və Gürcüstan arasında danışıqlar apararaq, mübahisəli ərazi-sərhəd məsələlərinin həllinə çalışsa da, ciddi nəticə əldə olunmadı;
 10. Osmanlı dövlətinin bəhs olunan dövrdə Azərbaycan Xalq Cümhuriyyəti qarşısındakı ən böyük xidməti Bakının bolşevik-erməni silahlı dəstələrindən azad edilməsi və sonrakı proseslərdə müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünü ciddi-cəhdlə dəstəkləməsi hesab oluna bilər. Məlumdur ki, ilk aylarda AXC hökuməti Gəncədə yerləşirdi. Ölkənin təbii və tarixi paytaxtı olan Bakı həmin vaxt Bakı Xalq Komissarları Sovetinin əlində idi. Bu hakimiyyət Azərbaycan xalqına zülm edir və ölkənin bütün ərazisini nəzarət altına almağa çalışırdı. Bakı şəhər olaraq həmin dövrdə beynəlxalq və regional münasibətlərdə, böyük dövlətlərin Cənubi Qafqazla bağlı planlarında mühüm rol oynayırdı. Şəhər Osmanlı, Almaniya, Böyük Britaniya və sovet Rusiyası arasında gedən amansız geosiyasi mübarizənin mərkəzində dayanırdı. Sovet Rusiyası yeni yaradılmış milli hökuməti nəinki tanımır, bolşeviklərin yaratdığı Bakı Xalq Komissarları Soveti və silahlı daşnaklar vasitəsilə bu dövləti bütün vasitələrlə çökdürməyə çalışırdı. AXC-yə qarşı Bakıda güclü bolşevik-daşnak ittifaqı yaradılmışdı. Onlar hər cür bəhanədən istifadə edərək, azərbaycanlılara qarşı kütləvi qırğınları amansızlıqla davam etdirirdilər. Belə bir vəziyyətdə AXC təkbaşına Bakını azad etmək və bolşevik-daşnak silahlı dəstələri ilə mübarizə aparmaq gücündə deyildi. Odur ki, yardım üçün Osmanlı hökumətinə müraciət etdi. Tezliklə Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu yaradıldı və həmin ordu azərbaycanlı könüllülərdən təşkil olunmuş əsgərlərlə birlikdə sentyabrın 15-də həlledici döyüşlərdən sonra Bakını bolşevik-daşnak silahlı dəstələrindən azad edərək, Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə şərait yaratdı.
 Bakının azad edilməsi sadəcə bir şəhərin xilası deyildi. Bu, regionda yeni bir geosiyasi vəziyyətin yaranması demək idi. Azərbaycan hökuməti təbii-tarixi paytaxtına köçdü. Xəzər üzərində nəzarət əldə etdi. Bununla da Azərbaycanın təsiri həm Şimali Qafqaz üzərində artdı, həm də Türküstana gedən yola nəzarət əldə olundu. Bakının azad edilməsi Azərbaycan hökumətinin daxili siyasətinə mühüm təsir göstərdiyi kimi, xarici siyasət sahəsində də onun fəallaşmasına təkan verdi;
 11. Birinci Dünya müharibəsinin Osmanlı imperiyası və müttəfiqlərinin məğlubiyyəti ilə başa çatması Azərbaycan dövlətinin milli maraqları baxımından ciddi bir itki oldu. Həmin vaxta qədər öz müstəqil dövlətçilik maraqlarının qorunması ilə bağlı AXC-yə daim arxa duran yeganə strateji müttəfiq məğlub olaraq, tarix səhnəsini tərk etdi. Osmanlının və müttəfiqlərinin məğlubiyyəti Cənubi Qafqazdakı proseslərə ciddi təsir göstərərək yeni geosiyasi vəziyyət yaratdı. Bu məkanı tərk edən dili bir, dini bir dost türk əsgərlərinin yerinə tamamilə yad mentalitetli və yalnız öz maraqalarını güdən ingilislər gəldi. Böyük Britaniya və müttəfiqlərinin Cənubi Qafqaza yiyələnməsi Azərbaycan dövləti və onun gələcək geosiyasi maraqlarının təmin olunması üçün müsbət perspektivlər vəd etmirdi. Yaranmış ağır vəziyyətdən çıxmaq, nəyin bahasına olursa-olsun, böyük dövlətlərlə, müharibədə qalib gəlmiş ABŞ, İngiltərə, Fransa və digərləri ilə diplomatik danışıqları davam etdirmək üçün, habelə Azərbaycanın müstəqilliyinin tanınmasına, onun beynəlxalq vəziyyətinin yaxşılaşdırılmasına nail olmaq yönündə mühüm tədbirlər görülsə də son məqamda gözlənilən nəticə əldə olunmadı. Baxmayaraq ki, Milli Şura Avropa dövlətləri ilə beynəlxalq əlaqələrin yaradılmasında demokratik prinsiplərin göstərə biləcəyi təsiri nəzərə alaraq, ölkədə parlament üsuli-idarəsinin təsis edilməsi, Avropa dövlətləri ilə sivil əlaqələrin yaradılması istiqamətində mühüm addımlar atdı. Milli Şuranın noyabrın 16-dakı iclasında parlament idarə üsulunun yaradılması qərara alındı. Noyabrın 19-da demokratik seçki qanunu qəbul edildi, bütün ölkə vətəndaşlarının, o cümlədən də qadınların seçib-seçilmək hüququ təsbit olundu. Bu nəinki təkcə müsəlman şərqində atılmış ilk tarixi addım idi, hətta ABŞ və Avropa dövlətlərinin bəzisində belə qadınların kişilərlə bərabər seçib-seçilmək hüququ yox idi. Dekabrın 7-də parlamentin ilk iclası keçirildi. Bu, Azərbaycan Respublikasının istər daxili, istərsə də xarici siyasətində mühüm hadisə oldu. Dekabrın 26-da parlamentdə yeni hökumət kabinəsi yaradıldı. Bu hadisədən iki gün sonra müttəfiqlərin Bakıdakı nümayəndəsi general Tomson Azərbaycan hökumətini tanıdığını bəyan etdi. Bəyanatda bütün Azərbaycan ərazisində koalisiyalı hökumətin yeganə qanuni hakimiyyət olduğu və müttəfiq hərbi qüvvələrin komandanlığının bu hökumətə hərtərəfli yardım göstərəcəyi bildirilirdi. Balkanlarda və Qafqazda Böyük Britaniya qoşunlarının baş komandanı, general Corc Miln də İngiltərənin Azərbaycan hökumətini bu ölkənin ərazisində yeganə qanuni hakimiyyət kimi tanıdığını bəyan etdi. Azərbaycan hakimiyyətinin qanuniliyi haqda bu cür bəyanatların verilməsi Cümhuriyyət hökumətinin diplomatik uğuru idi. Bununla, eyni zamanda, Azərbaycana düşmən olan ölkələrə də xəbərdarlıq edilirdi. Beləliklə, Mondros barışığından sonra uğursuzluqla üzləşən Azərbaycan hökuməti Bakıya gəlmiş müttəfiq qoşunların komandanlığı ilə diplomatik münasibətlər qurmağı bacardı. Ardıcıl diplomatik təşəbbüslərin və danışıqların nəticəsində müttəfiq qoşunların komandanlığı Azərbaycan hökumətini de-fakto tanıdı, onunla əməkdaşlıq etməyə başladı və ölkə ərazisində qayda-qanun yaradılması üçün öz səylərini göstərdi;
 12. Mondros sülhündən sonra, yəni 1918-ci ildə Osmanlının dəstəyini itirən AXC 1919-cu ilin ortalarında Parisdə böyük ümidlər bəslədiyi ABŞ və Antanta müttəfiqlərinin köməyindən də məhrum oldu. Birinci Dünya müharibəsinin nəticələrinin və gələcək dünyanın yeni strukturu ilə bağlı taleyüklü məsələlərin həll olunduğu Parisdə hər üç Cənubi Qafqaz dövləti özlərinin gələcək müstəqilliyi ilə bağlı dünyanın əsas söz sahiblərinin birmənalı dəstəyini qazanaraq, Versal sülh konfransına və Millətlər Liqasına mandat əldə edə bilmədilər. Baxmayaraq ki, AXC hökumətinin ciddi fəaliyyəti nəticəsində 1919-cu ilin payızından 1920-ci ilin yazına qədərki dövrdə Avropa dövlətlərinin Bakıda konsulluqları bir-birinin ardınca fəaliyyətə başlamışdı, Azərbaycan hökuməti ilə ABŞ, Böyük Britaniya, İtaliya, İran və başqa ölkələr arasında iqtisadi-siyasi əlaqələrin qurulması yönündə mühüm işlər görülürdü, az bir müddət ərzində Azərbaycanın xarici dövlətlərdə bir neçə səfirlik və konsulluqları yaradılmışdı, 1920-ci il aprelin 15-də Azərbaycan parlamentində Avropa dövlətlərində və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun layihəsi müzakirəyə çıxarılmış və Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Almaniya və Rusiyada onları təsis etmək haqqında qərar qəbul edilmişdi. Azərbaycan hökumətinin 1920-ci ilin aprel böhranına qədərki dövrdə daxili və xarici siyasət sahəsində apardığı ciddi işlər öz nəticələrini verərək, xalqımızın milli istiqlaliyyətinin tanınmasında mühüm rol oynamaqda idi. Həyata keçirilən xarici siyasət xətti Azərbaycanın dünyada sivil, demokratik respublika kimi tanınmasına ciddi təsir göstərmişdi. Böyük çətinliklər hesabına müstəqil dövlətin yaradılması, onun daxili və xarici siyasi fəaliyyətinin qurulması Azərbaycanın dövlətçilik ənənələrinin bərpa olunması və dirçəldilməsi istiqamətində ciddi addımlar sayıla bilərdi.
Beləliklə, Paris sülh konfransı 1920-ci ilin yanvarında Azərbaycanın və digər Cənubi Qafqaz dövlətlərinin istiqlaliyyətini de-fakto tanısa da, bu dövlətləri Millətlər Liqasına real mandatla təmin etmədi və bununla da onların müstəqilliyinin tanınması məsələsini açıq saxlayaraq, sadəcə, tarixin ixtiyarına buraxdı. Belə bir mövqenin tutulması da səbəbsiz deyildi. ABŞ və onun müttəfiqləri dünyanı kiçik hissələrə bölmək niyyətində deyildilər. Yaranmış şəraitdə onlar böyük imperiyaların maraqlarını əsas götürərək Cənubi Qafqazda yeni müstəqil dövlətlərin yaradılmasına və ondan irəli gələn yeni geosiyasi vəziyyətə hazır deyildilər. Parisdəki diplomatik iflas və Millətlər Liqasına mandat ala bilməmək hər üç Cənubi Qafqaz dövlətinin müstəqillik perspektivini ciddi zərbə qarşısında qoydu. Bundan istifadə edən bolşevik Rusiyası 1920-ci ilin əvvəllərindən başlayaraq Cənubi Qafqaza qarşı basqılarını gücləndirərməyə başladı;
 13. 1920-ci ilin əvvəllərindən başlayaraq bolşeviklərin Azərbaycanla bağlı planlarının reallaşması üçün əlverişli beynəlxalq şərait yarandı. Keçmiş Antanta ölkələrinin bir qisminin bolşevizmi beşiyində boğmaq və Osmanlı imperiyasının keçmiş mülklərinə sahib çıxmaq istəkləri yaxın keçmişədək bir-biri ilə düşmən olan Türkiyə ilə bolşevik Rusiyasının yaxınlaşması nəticəsində süquta uğradı. Birinci Dünya müharibəsində məğlub olan Türkiyə bu zaman ikihakimiyyətlilik şəraitində yaşayırdı. Bunlardan biri paytaxtı İstanbulda olan Osmanlı hakimiyyəti, digəri isə 1920-ci il aprelin 23-də Ankarada qurulan Türkiyə Böyük Millət Məclisinin nəzarətində olan İstiqlal Hökuməti idi. Türkiyənin özünün vahid milli dövlət olaraq gələcəyi təhlükə qarşısında qalmışdı və istiqlal savaşı çox çətin bir şəraitdə keçirdi. Belə bir şəraitdə daşnak Ermənistanı da bir tərəfdən Anadolu torpaqlarına sahib olmaq və bu ərazilərdə öz müstəqil dövlətini yaratmaq üğrunda Türkiyəyə qarşı ikinci cəbhə açmışdı. İki cəbhədə hərbi əməliyyatlar aparmaq Ankara üçün çox çətin idi. Odur ki, TBMM hökumətinin başçısı Mustafa Kamal Paşa o zaman "Anadoluda gözü olmayan” Rusiya bolşevikləri ilə müttəfiqlik münasibətləri yaratmağı vacib sayaraq, sovet hökumətinə "ümumi düşmənə qarşı mübarizədə müttəfiqlik barədə” müraciət etdi. Müraciətdə Türkiyə tərəfi Cənubi Qafqazın bolşevik hakimiyyətinə güzəştə gedilməsi müqabilində Rusiyayanın və erməilərin Türkiyə ərazilərinə olan bütün iddialarının geri götürülməsini və Türkiyənin ərazi bütövlüyünün tanınmasına dəstək verməsini təklif edirdi. RSFSR xalq xarici işlər komissarı G.Çiçerin az sonra bu müraciətə verdiyi cavab məktubunda Türkiyə ilə müttəfiqlik üçün tələb olunan bir sıra siyasi və ərazi məsələləri ilə yanaşı, Cənubi Qafqazın gələcəkdə Rusiyanın tam təsir dairəsinə verilməsi tələbini də qoyurdu. Beləliklə, bolşevik Rusiyası ilə Türkiyənin İstiqlal hakimiyyəti arasında yaranan müttəfiqlik müsəlman-türk dünyası üçün müəyyən itki hesabına olsa da, baş tutdu. Bu müttəfiqlik Avropa və dünya ölkələri tərəfindən yenicə tanınmağa başlayan Cənubi Qafqazın hər üç yeni dövlətinin, o cümlədən də Azərbaycan Xalq Cümhuriyyətinin taleyini həll erdi. Mustafa Kamal hökuməti 1920-ci ildə belə hesab edirdi ki, Azərbaycanda Türkiyənin müttəfiqi kimi çıxış edən bolşevik Rusiyasının siyasi xəttini davam etdirən müvafiq bir rejimin qurulması daha əhəmiyyətli olacaqdır. Azərbaycan xalqı həmin dövrdə istiqlal savaşında türk xalqının yanında idi və söz yox ki, heç bir vəchlə qardaş Türkiyənin məğlub olmasını istəmirdi. Odur ki, türk xalqına yardım edən istənilən qüvvəyə, o cümlədən də bolşeviklərə rəğbət bəsləməyə hazır idi;
 14. 1920-ci il aprelin 28-də bolşeviklərin XI ordusu Azərbaycanı işğal etdi, Xalq Cümhuriyyəti hökumətini buraxaraq, hakimiyyəti bolşeviklərə təhvil verdi. Beləliklə, Azərbaycanın dövlət müstəqillyinə son qoyuldu və Xalq Cümhuriyyəti hökumətinin yerində Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. Bu sadəcə Azərbaycanın dövlət müstəqilliyınin süquta uğraması demək deyildi, həm də Azərbaycanın və Cənubi Qafqazın yeni geosiyasi vəziyyətinin başlanğıcı idi.
 Rusiya bir qədər sonra öz qüvvəsini səfərbər edərək, sovetləşdirdiyi ölkələri 1922-ci ildə vahid dövlət olan Sovet Sosialist Respublikaları İttifaqı adlı sosialist imperiyası bayrağı altında birləşdirdi və Avrasiyanın ən əlverişli strateji mövqelərinə, geniş quru və dəniz sərhədlərinə yiyələnərək, dünyanın ən böyük ölkəsinə çevrildi.
Türk xalqı isə istiqlal savaşında qalib gələrək, 1923-cü ildə Türkiyə Cümhuriyyətini qurdu;
 15. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi məkanda yaradılmış Azərbaycan SSR 70 ildən çox bir müddət ərzində Sovet İttifaqı tərkibində öz varlığını və xalqının milli mentalitetini qorudu, respublika inkişaf etdi və müstəqilliyini yenidən bərpa etmək üçün tarixi məqamın yetişməsini gözlədi. 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində xalqımız belə bir fürsəti qazandı və öz müstəqilliyini yenidən bərpa etdi. Tarixi ənənələrə uyğun olaraq Azərbaycan Respublikası adlandırılan müstəqil dövlətimiz 1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi, daxili və xarici siyasətini onun demokratik və dünyəvilik kursuna uyğunlaşdıraraq, dövlət quruculuğu prosesini uğurla həyata keçirdi və müstəqilliyinin dönməzliyini təmin etdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında və qardaş Türkiyə Cümhuriyyəti ilə strateji tərəfdaşlıq şəraitində öz inkişafının yüksək zirvəsinə qalxmış Azərbaycan Respublikası bütün Xalq Cümhuriyyəti qurucularının, onların müstəqil dövlətçilik arzularını əbədiləşdirən ümummilli lider Heydər Əliyevin, o cümlədən "zamanı gələndə Azərbaycan Türkiyənin də yaxından dəstəyi ilə yenə öz müstəqil dövlətinə qovuşacaq” amalı ilə yaşayan böyük Atatürkün nurlu xatirəsinə ən böyük mükafatdır.
 
 Əli Həsənov
 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici   siyasət kafedrasının müdiri,
 tarix elmləri doktoru, professor