Biz imzaları yox, əsərləri dərc edirik...

Bu roman oxucunun bədii zövqünü sətirbəsətir bir üst pilləyə qaldırır - Kirk Kornatın müsahibəsi
2208
07 Aprel 2020, 10:53
 Artkaspi.az saytı Kirk Kornatın müsahibəsini təqdim edir:
 
 Kirk Kornat itirilmiş nəsil ədiblərinin həyat və yaradıcılığı haqqında çoxsaylı araşdırma kitabları, tənqidi məqalələrin müəllifidir. "Heminquey ilə qəhvə” ("Coffee with Hemingway”), "Heminqueyin Qərb açarı” ("Key to the West from Hemingway”), "Fitzceralda Kembric təqdimatı” ("Cambridge Introduction for Scott Fitzgerald”), "Qertrud Steyn irsinə tənqidi baxış” ("Critical responses to Gertrude Stein”) və s.  kimi araşdırma kitabları ilə yanaşı, Kornat müasir hekayənin də uğurlu nümunələrinin müəllifidir. Onun haqqında ətraflı məlumatı öz internet ünvanından əldə edə bilərsiniz. Çünki bu müsahibədə onun bütün həyatını həsr etdiyi itirilmiş nəsil ədibləri haqqında danışacağıq.
 
 – İtirilmiş nəsil tendensiyasının Qertrud Steynin qaraj sahibi əhvalatından əvvəl, Avropaya kütləvi miqrasiyanın başlaması ilə vüsət aldığını iddia edirsiniz.
 – Bəli, o hekayədən əvvəl amerikalılar Avropaya üz tutmuşdular. Necə ki, bir zamanlar avropalılar – İrvinq, Kuper, Henri Ceyms - üçün Amerika rahat həyatın, xoşbəxtliyin rəmzi idisə, Birinci Dünya müharibəsi tendensiyanı tam tərsinə çevirmişdi. Birinci Dünya müharibəsindən sonra həm də bir növ Amerika mifi dağıldı – hamı qəbul elədi ki, bura ənənəsi və tarixi olmayan yerdir. Buradakı nəslin kökü başqa torpaqlardadır. İtmiş nəslin əsas psixo-sosial problemi bu idi – soy-kök axtarışlarının nəticəsizliyi, doğulduqları yerə aid hiss etməmək. Harold Krebsin "Əsgərin evi” ("Soldier’s home”) romanını xatırlasanız, xüsusilə də, baş qəhrəmanın anasını keçmişi ilə bağlı sorğu-sual etdiyi səhnəni nəzərdə tuturam, sarsıntıların, köçlərin təməlindəki problemlərdən ən böyüyünü görərsiniz. Buna müharibədən sonrakı dövrün qadağalarının da əlavə olunması köç prosesini sürətləndirdi. 
 
 – 20-ci illərdə gəncləri Amerikanı tərk etməyə vadar edən şərtlər nə idi?
 – Mənim fikrimcə, mənəvi dəyərlərdən narazılıq. 18 yaşına kimi valideynsiz bir addım ata bilməmək, nikah kağızı olmayan cütlüklərə təzyiqlər, hətta psixi istismar, gənclər üzərində həyatın bütün sahələrində sonsuz senzura və s. Fitzceraldın "Cənnətin bu üzü” ("This side of paradise”) romanı bu vəziyyətin təsviri baxımından çox dəyərlidir. Bütün cəmiyyət sənədə, kağıza, işə və qazanca köklənmişdi. Kelvin Kulic həmin dövrü çox dəqiq təsvir edib: "Amerikanın bütün işi iş idi”. Sən rəssamsan, yazarsan, yaradıcı adamsan, gəncsən, pessimistsən, realistsən belə şeylər heç kimi maraqlandırmırdı.
 
 – Köçün ən çox üz tutduğu yer isə Paris olur. Amma Ceyms Hadley Paris küçələrinin onu daha kasıb, daha çirkli hiss etdirdiyini yazır. 
 – Paris də o dövrün bütün böyük şəhərləri kimi idi – burada da həddindən artıq kasıblar və həddindən artıq varlılar var idi. Sadəcə o zaman Amerikadan gələnlərə koloniyalaşmaq rahat idi və bunun üçün ancaq kasıblar yaşayan səmtlərdə yer olurdu. Siz o yoxsulluğu bugünkü aztəminatlı təbəqənin vəziyyəti ilə eyniləşdirməyin. Parisin yoxsulları o dövrdə ancaq dilənərək, quru çörək, tullantılar hesabına dolanan əhali idi. Amerikadan gələnlərin isə pulu olsa da, məcbur buralarda yaşayırdılar.
 
 – İtirilmiş nəsil nümayəndələrinin vətən seçdiyi başqa şəhərlər hansılar idi?
 – Azadlığın daha az məhdudlaşdırıldığı, mədəniyyət və ədəbiyyatın hər zaman dəbdə qaldığı – London, Berlin, Zürix, Malyorka, Nits və hətta Morokko. Buralar amerikalıların daha az tanındığı, tək qalmaq üçün əlverişli şəraitin olduğu yerlər idi. Məsələn, Heminquey "Eden bağı” ("The garden of Eden”) əsərini Kamarqda (Fransanın cənubunda, bataqlıqları ilə məşhur ərazi – red.) yazıb.  
 
 – İtirilmiş nəslin gənclik mübarizəsinin, yeni qadın arzusunun, azadlıq axtarışının bir diqqətçəkən simvolunun da qısa kəsilmiş saçlar olduğu qənaətinə gəlmisiniz. Bu axının kökü haradan gəlirdi?
 – Bu, əslində, çox maraqlı məqamdır. Kökünün haradan gəldiyinin izini sürmək mümkün deyil. Amma qısa saç modelinə Amerikada İrene qalası adlı yerdə təşkil edilən əyləncələrdə rəqs edən qadınların təsvirində rast gəlirik. Bu isə 1915-17-ci illərə təsadüf edir. Qısa saçlı qadın hələ o rəqs meydanından ənənəvi siluetinə etiraz edən qadın kimi qəbul edilib. Sonradan isə bu tendensiya ədəbiyyata sıçrayıb. Məhz bu belə qadın yazarların Avropaya meyl etməsinin bir səbəbi idi – Avropada kim necə istəyir geyinə, saçını necə istəsə düzəltdirə bilirdi. Çünki Amerikada qısa saçlı qadın başqaları üçün rəqs edən "yüngültəbiət” kimi qiymətləndirilirdi.
 
 – İtirilmiş nəsil nümayəndələrinin köç prosesindən, qürbətçilik həyatından danışaq bir az da. 
 – Amerikanın hansı sahilindən Avropanın hansı sahilinə köçmələrindən asılı olaraq, bu köç müddəti 6-8 gün çəkib. Gəmi qiymətləri məlum olmasa da, Heminqueyin xatiratından bu səyahətin çox baha başa gəldiyi anlaşılır. Məsələn, o özü dəfələrlə Amerika-Avropa arasında gedib gəlib, təbii ki, onun maddi vəziyyəti buna imkan verirdi. İtirilmiş nəsil adlandırdığımıza baxmayaraq, onlar avropalı həmkarları ilə müqayisədə daha yaxşı şəraitdə yaşayıblar. Məsələn, Heminquey ilk evinə aylıq 20 dollar ödəyir, səhər, nahar və şam yeməyini, axşam görüşlərini restoranda keçirirmiş. Fitzcerald, Heminqueyin səyahət, yemək, içki və əyləncə xərcləri illik 2000 dollardan çox olurmuş. Bu isə dövrün Avropası üçün kiçik rəqəm deyil. 
 
 

 – İtirilmiş nəsil ədiblərinin yaradıcılığında əsas motivlər nələrdir? Hekayələr ən çox haralarda yazılırdı? Bu dövr ədəbiyyatının nümayəndələrinin ortaq mövzularından qaynaqlanan və mədəni, şəxsi, tarixi planda meydana çıxan qarşıdurmaları olurdumu?
 – Bu ədiblərin qələmindən çıxan bütün nümunələr birmənalı şəkildə bioqrafik mahiyyət daşıyır. Onlar yoxdan var olan süjetlər axtarmaq əziyyətinə düşmürdülər, elə öz həyat hekayələrini, yollarına çıxanların hekayələrini mifləşdirilmiş təcrübə kimi qələmə alırdılar. Öz hekayələrini hər nə qədər bəzəyib, dəyişdirib, mifləşdirsələr də, bu mətnlərin bünövrəsində reallıq dayanır. Digər ortaq mövzuları – azad həyat, intim münasibətlər, gender bərabərliyi və bərabərsizliyi, içkiyə meyllilik, gecə həyatı və ədəbi müstəviyə məhz bu qrupun ədibləri tərəfindən gətirilən kiçik motivlər haqqında tək-tək danışmaq istəmirəm, lakin bir nüansı qeyd etməyi lazım bilirəm. Bəlkə də, hər biri dünya ədəbiyyatı klassiklərindən hesab edilən bu romanların hamısının bioqrafik olması kiməsə inandırıcı gəlməz. Amma Birinci Dünya müharibəsi və sonrasında milyonlarla insan kimi bu yazarlar da o qədər çətinlikdən keçib, elə faciəvi hadisələrlə qarşılaşmışdılar ki, yazmaq üçün başqalarının hekayələrinə ehtiyac olmurdu. Üstəlik dövrün həkimi, müəllimi, taciri, yazarı, təqaüdçüsü demək olar ki, elə eyni hadisələrlə sarsılır, eyni problemlərlə boğuşurdu. 
 Diqqət çəkən digər bir ortaq bədii silah – satiradır. Özündən razı baş qəhrəmanlara və ya özünü çox bilən kimi göstərən yaşlı obrazlara yönələn öldürücü gülüşün səbəbi də reallıqda gizlidir. Belə ki, maddi imkan və yaş üstünlüyündən istifadə edənlərdən təngə gəlmiş gənclər bu dözülməz senzuranı ədəbiyyatda söz atəşinə tutur. Satira ədiblərə iki yolu birdən keçmək imkanı yaradırdı – həm  sərhədləri və qadağaları keçmək arzularını qələmə alır, həm də formal norma və standartlardan uzaqlaşmaq cəhdlərinin səbəbini göstərirdilər. 
Bu müəlliflərin nümunələrində Dünya Müharibəsi dəhşətləri ilə Avropa həyatı təcrübələrini transformativ şəkildə görürük. 1920-ci illər insanların yeni yerlər kəşf etdiyi dövr idi və bu ədəbiyyat adamları üçün əsl romantik macəra idi. Təbii ki, Paris, London, Berlindəki həyat romanlarda da əksini tapır və amerikalı oxuculara xəyallar qurdururdu. Təsadüfi deyil ki, Avropaya köç və ya səyahət imkanı əldə edənlər birinci itirilmiş nəsil ədiblərinin romanlarında adı keçən otellərə, restoran və barlara baş çəkirmiş. 
 Şəxsi həyatlarındakı oxşarlıqlar isə tənqidçilər tərəfindən müxtəlif cür şərh edilib. Məsələn, 1927-ci ildə Fitzceraldın "Nyu-Yorker”-də yayımlanmış müsahibəsində səsləndirdiyi cümləyə diqqət çəkmək istəyirəm: "Mən öz bildiyim ən məşhur alkoqolikəm”. Bu cümlə böyük bir oxucu auditoriyasını içkiyə, sərxoşluğa səsləyən şüar kimi şərh olundu. Öz həyatını düzənə çəkə bilməyən bir nəslin ədiblərinin gənc oxuculara pis örnək olduğu iddiası dillərdən düşmədi. Lakin bu şüarlar, mənim nəzərimdə, nümunəvilik şərtinə, örnək göstərilmə cəhdlərinə, ənənəvi tələblərə meydan oxumaq məqsədi güdürdü.
 
 – Bəs, Amerikada qalan, ştatlarda yazıb-yaradan ədiblər necə, onları da itirilmiş nəsildən hesab etmək olarmı?
 – Düzdür, indi həmin dövrün Amerikanı seçən yazarlarından danışanda daha çox Uilyam Folkner ön planda görünür. Amma bu qəbildən olan yazarların da sayı az deyildi. Onlar daha çox ştatlararası yer dəyişir, səyahət edir və sayılıb-seçilən nümunələr yaradırdılar. Üstəlik Avropaya üz tutmuş müəlliflərlə sıx məktublaşır və uğur fazasında heç də onlardan geri qalmırdılar. Həmin dövrün Deşiel Hamet, Reymond Çendler, Uilla Kater, Edna Ferber, Maksvel Bodenheym və s. kimi ulduzlu yazarlarının əsərləri zamanın süzgəcindən keçə bilmədiyi üçün bu gün onların adı siyahılarda görünmür.
 
 – Bu yazarların yaş nisbəti necə idi?
 – Onların böyük əksəriyyəti 1890-1900-cu illər arasında doğulub. Yəni, köç və ya qaynar yaradıcılıq dövrü artıq hamısının yetkin çağına təsadüf edir. Ədəbi tarixçilər bu siyahıya 1870-1885-ci illər arasında doğulmuş bəzi yazarları da daxil edir. Lakin sözsüz ki, onların yaradıcılığında yuxarıda sadaladığım motivlər olduqca zəif təsvirlərin ixtiyarına buraxılıb. Məsələn, bir araşdırmaçı kimi mən onların adına bu müsahibədə yer vermək istəmirəm.
 
 – Həmin dövrə aid nümunələrin ehtimal ki, hamısını oxumusunuz. Ən sevdiyiniz nümunələr hansılardır?
 – Miçiqanda böyüdüyüm üçün Heminqueyin romanlarındakı təsvirlər məni valeh edib. Onun yaradıcılığından isə ən çox "Klimancaro qarları” ("The snows of Kilimanjaro”) hekayəsini bəyənirəm. Ən az iyirmi dəfə oxumuşam. Fitzceraldın poetik üslubuna isə sadəcə vurğunam. "Nəvazişli gecə” ("Tender is the night”) romanı oxucunun bədii zövqünü sözün əsl mənasında sətirbəsətir bir üst pilləyə qaldırır. 
 
 Mənbə: "thehemingwayproject”-də 
 
 İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı