Biz imzaları yox, əsərləri dərc edirik...

Özbəkistanlı şairlərin İmadəddin Nəsimiyə həsr etdikləri şeirlər
3198
15 Noyabr 2019, 09:12
  Natalya Rəcəbova 
 
 1985-ci ildə Surxandərya vilayətində doğulub. Hal-hazırda Termiz Dövlət Universitetində rus dilini tədris edir. O, rus dilində şeirlər yazır. Bir neçə şeir kitabının müəllifidir.
 
  Nəsimiyə bənzətmə
 
 
İki aləm məndə cəm, dünyaya sığmaram nədən,
Mən həqiqətdən uzaq məvaya sığmıram nədən?
İbtida var, bir də son, araya sığmıram, nədən,
Qədəmlərim özgədir, sıraya sığmıram, nədən?
 
Yaşa deyir gen dünya, həyata sığmıram, nədən,
Bəxtiyar olsam belə, busata sığmıram, nədən?
Haqq-həqiqət izləyən murada sığmıram, nədən,
İmanından ayrılan fəryada sığmıram, nədən?
 
Bax, könül gözü ilə, gümana sığmıram nədən,
Üsyankar ruhumla mən ünvana sığmıram, nədən?
Cəhənnəm-cənnət kimi mizana sığmıram, nədən,
Mal və mülk bazarında payana sığmıram, nədən?
 
Mən zərəm, xəzinələr bəhrinə sığmıram, nədən,
On səkkiz min aləmin təhrinə sığmıram, nədən?
Könlüm ilə insanın mehrinə sığmıram, nədən,
Arzum ilə kainat sehrinə sığmıram, nədən?
 
Dincliyim rəmzi kimi şükrana sığmıram, nədən,
Ay-ulduzlarda olan imkana sığmıram, nədən?
Sükutu dilləndirən lisana sığmıram, nədən,
Altı qitə ilə dörd ümmana sığmıram, nədən?
 
Diqqət elə dan kimi səhərə sığmıram, nədən,
Öz arzumla dürr ilə gövhərə sığmıram, nədən?
Varlığım sirdir mənim, cövhərə sığmıram, nədən,
Bir gün açmış qönçətək bəhərə sığmıram, nədən?
 
Ərşə yetmiş nalətək şəfəqə sığmıram, nədən,
Alışan ağac kimi küləyə sığmıram, nədən?
Peşman olmuş niyyətə, diləyə sığmıram, nədən,
Bir günəş, ya ay kimi ürəyə sığmıram, nədən?
 
Gənc olsam da yüzdəyəm, yazıma sığmıram, nədən,
Şan-şərəfli ömrün azına sığmıram, nədən?
İşvəkar müslimətək nazıma sığmıram, nədən,
Məndən gənc ürəyimin sazına sığmıram, nədən?
 
 
 
 
 
  Tolkun Eşbek 
 
  Şair, nasir və ədəbiyyatşünas, Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin müəllimidir. Bir neçə nəsr və şeir kitablarının müəllifidir. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.
 
 
Nəsimimim əbədi nuru
(poema)
 
 
Böyük Azərbaycan şairi Nəsimi doğumunun 650 illiyinə
 
 
Əcdadlardan qalan irsin
Misilsizdir cilası.
İmaddədin Nəsiminin
Günəş kimi ziyası.
Böyük şair əzizləyib
Azərbaycan dilini
İrfan nurun bəxş eləyib
Düşünərək elini.
Ustadına mehr ilə 
"Hüseyni”dən başlamış.
Təriqətin şeir ilə 
Əsərlərə aşılamış.
Sufiliyin nurun yaymış,
Haqqın camalı kimi
Övliyalar kamın saymış,
Allah vüsalı kimi.
Riyaziyyat, nücum elmin
Qəlbinə həmrah etmiş.
Öyrəndikcə irfan dilin,
Murad-məqsədə yetmiş.
Təsəvvüf və hürufilik –
Həqiqətin təlim
Şeilərdə coşub müdrik,
Öydü onu nur kimi.
Mir Əlişir Nəvai də,
Sözündə sonsuz qüdrət.
Ehtiramın bəyan etdi:
"Nəsayim ul-məhəbbət!”
Türkcə şeirləri üçün 
Uca tutdu adını.
"Şeirinin cövhəri üçün
Öydü şair zatını.
Din elinə dəyər verən
Şair qəlbi ziyadır.
Haqqı hər şeydən ön görən
Nədimi bir dünyadır.
Qəhrəmanlıq timsalıdır
Şairin hər sətiri
əsrlər ötdükcə bir-bir
bilinməkdə qədiri.
Vədəbaz və vəfasızı
Daim ifşa edərdi,
Cəhalətlə nadanlığı
Yox etmək idi dərdi.
Yanılana yol göstərib
İmansızdan seçərdi.
Etiqada önəm verib,
Cahildən vaz keçərdi.
İki cahan içrə müdam
Haqq yolunu tutmuşdu.
Gülzarından diləyib kam,
Acıların udmuşdu.
Könül mülkünü yaxardı
Daim irfan məşəli.
Nəsillərə nur aşlardı
Günəş kimi əməli.
Cisim ilə can birliyinə
Ruhu keşik çəkərdi.
Arzusuna, diləyinə
Xeyirxahlıq əkərdi.
Nəsiminin qəlb dəftəri
Könüllərə örnəkdir.
Hikmət kimi hər əsəri 
Günəşdən bir diləkdir. 
Can fəda etmişdi o,
Xeyirxahın yolunda.
Amma sonda qurban oldu
Cəhalətin əlində...
Başın alıb çıxıb getdi
Azərbaycan yurdundan.
Tənələr hər yana yetdi
Ər şairin ardından.
Anadolu, Bağdad, Bursa,
Didərginlik yolları.
Döyüşən qələmdən, amma
Yorulmadı qolları.
Hələbdəki müsibətlər
Qəddin bükə bilmədi.
Nə olsa, şeirdən şeir
Əlin çəkə bilmədi.
Qismət imiş cəhalətə
Sonda saçdı nifrətin
Göstərdi əhli-ümmətə
Nə olduğun bidətin.
Heyhat, zülüm çarəsini
Tapa bilmir alimlər.
Nədən şair dərisini
Soydu qansız zalımlar?!
Müəyəddin – qəddar sultan,
Qan içməkdən qudurub.
Şair dərisin dabandan
Dir-diri soydurub!
Nəsimi baş əyməsə də,
Bir vəhşinin hökmünə
O zalım heç dəyməsə də,
Şairin bir tükünə!..
 
***
 
Arxada qaldı zamanlar,
Şair canlı dastandır.
Onu əzbər bilən kim var,
Qəlbi bir gülüstandır.
Hikmət bağın yaradıb o,
Fəda edib canını
Nəsillərə can atıb o
Qurban verib qanını.
Özbək xalqı ta əzəldən
Öz fəxri bilib onu
Tanıyıb hər bir qəzəldən
Azərbaycan oğlunu!  
 
 
 
 
  Kristina Yarləqəbova
 
  Özbəkistanda doğulub. Xareoqrafiya İnstitutunu bitirib. 
 
 
Keçmişdən gələn qonaq
 
(İmadəddin Nəsiminin 650 illiyinə)
 
"Məndə sığar iki cahan.
Mən bu cahana sığmazam.”
Ah, Nəsimi, əsrlər keçir,
Böyük şairin adı səslənir.
Qoy bu müjdəni çatdırsın səba
İndi sizin olduğunuz məvaya.
Nəsillər oxuyub yad edir Sizi!
Siz dirilərdən dirisiniz!
Bizim XXI əsrə xoş gəlmisiniz,
Qaynayıb qarışın xeyrin və bəxtin
Yeni dünyasına.
Buyurun on doqquzuncu ilə,
Ey əyilməz insan, üsyankar şair!
Sizdən bütün dünya xahiş edir bunu.
Nur verin bizim əsrə,
Buyurun!
Orta əsrlərə xas görkəminiz
Bizə əsla qəribə gəlmir.
Çünki ekrandakı o qəmgin bəniz
Ağıllı və çağdaş tövrə malikdir. 
İlk dəfə heyrətdən titrədi dünya:
Nəsimi ki sağdır! Baxın, o sağdır!
Ekrandan yer üzünü
Bir dərin insan süzərək
Altı əsr sonra təmkinlə deyir:
Seyid İmadəddin Nəsimiyəm mən,
Azərbaycan torpağında doğuldum,
Şamaxıdır doğma şəhərim!
Duydum, nəğmə dedim, alışdım,
Qafiyə üstündə danışdım.
Sevgim oxşadıqca yurdun könlünü
"Nəsimi” adlandırdı məni torpağım!
Gənclikdən qələmi munisim saydım,
Heç vaxt şeirdə, sözdə yalan demədim,
Quranı müqəddəs bildim hər zaman,
Məhəmməd peyğəmbər ruh verdi mənə.
 
 
***
 
Mən göylərin səsiyəm,
Tanrı nişanəsiyəm!
Yaşamaq istədim sərbəst və çılğın,
Allahın ruhunu daşıyıb!
Yaşamaq istədim azad və dalğın,
Hamıya əzmimi aşılayıb,
Yerdə sürünmək yox, uçmaq istədim!
 
"Gənci-nihan mənəm mən uş, 
eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş,
bəhrəvu kanə sığmazam”.
 
Mən keçmişi anıram,
Mən anmaya bilmirəm!
Qoy yüz illərlə sonra 
uyusun mənim tənim,
Təki ruhum çağlasın!
Mən həmin şamaxılı,
Üsyankar bir şairəm.
Cahil ilə nadana
Nifrətimlə mahirəm!
 
Ey qəddar zamanların
Zalım hökmdarları,
Yaranışın şərəfi
insan olduğun danıb
Ucaltdınız "dar”ları!
 
Mən öz həqiqətimi
Başdan bəri yüz dəfə
Təkrar etmişəm sizə”
Səndə bulundu, gövhərin
Mədən sənsən, ey sənəm!”
 
Mən tərənnüm etmişəm
Təbiət gözəlliyin,
Qadın ülviliyini.
Sevgi haqda qəzəllər, 
Tuyuqlar yaratmışam.
Sevgidən də ucada 
nə ola bilər axı,
Məhəbbətsiz həyatın 
varmıdır bir mənası?!
Ah bunların qəlbindən
əsən sehirli duyğu,
ay da sənə vurğundu,
gün də sənə vurğundu!
Sən qızılgüldən gözəl,
Nərgizdən qamətlisən,
Can və tən birliyinin
Hüsnütək heyrətlisən!
 
***
 
Mən bütün yaranışı,
Kəhkəşanı öyürəm,
Qaranlıqdan işığa 
Nura doğru uçuram,
Yüngül və zərif mehlə
Təhlükəni söndürüb 
Mən nəyə güvənirəm,
Mən nəyi anlayıram?
Öz könül sirlərimi
Mən kimə inanıram?
Mən Haqqın zərrəsiyəm,
Susmağı, ya məsləki
Satmağı bacarmıram.
Ah Nəsimi, mürşidim,
Mənim yeganə pirim!
Sən məsləkin yolunda
Edamı qəbul etdin.
Mən Bağdada üz tutdum, 
Sənin etiqadını
Yaymaq, tanımaq üçün.
Tərk etdim doğma yurdu
Aydın səması ilə
Mən Misiri görəndə
Tutqun səması ilə
Yuxumu xatırlayıb,
Yuxumu xatırlayıb,
hiss etdim ki, bir daha
Geri qayıtmayacam!
Allahıma üz tutdum:
"Rəhm edib ruhuma,
Özün hifz elə məni!”
 
***
 
Hələbdə zindanda olarkən
"həbsiyyə”lər yaratdım,
Rəsul bələdçim oldu,
Öz aydın ləhcəmlə
Allahla söhbət etdim.
Mənə cənnət vəd etdi.
Nahaq mən məhkəmədən
Bəraət gözləyirdim,
O mənə sifarişli 
Edam cəzası kəsdi.
(Orda sultan Müəyyəd 
Şairin dərisini 
Dir-diri soydurmaq 
Qərarına gəlmişdi,
Təki kütlə seyr etsin
Tanınmaz halda onu,
Heç doğma anası da
Tanımasın oğlunu!
Təki xalq ibrət alsın
Allahın cəzasından,
Kafirlər gözləyən
Amansız bəlasından!)
Mən əminəm, qayəmin
Daim doğruluğuna.
Sadiq oldum, sadiqəm, 
sadiq olacam ona.
Qatillərim, son anda
Gülməyim gəlir sizə.
Dərimi soyursunuz
Heçsiniz Söz önündə:
"Ərş ilə fərşü kafünun
Səndədir, ey mələk, bu gün!..”
(Eşidirsiz, nə deyir
Yolundan dönməz şair.
Sənətin və nifrətin
Necə sərrast söyləyir:
"Zahidin bir barmağın 
kəssən, dönüb haqdan qaçar,
Gör, bu gerçək aşiqin
Sərpa soyarlar ağrımaz!”)
Əslində, qanımı siz
Nanaq yerə tökməklə,
Məni dirildirsiniz
Gələcəyin gözündə,
İnsanlığa sevgimlə
Haqqa sədaqətimlə!
Ərşin on doqquz qatı qarşımda
Taybatay açdı zər qapılarını,
Dönməzliyim üçün haqq savaşında,
Bəxş etdi cənnətin tər gülüzarını!
 
***
 
Doğma məvam Bakıda,
Bir dəniz paytaxtında
Ayaqdayam, bürünüb
Qranitə, bürüncə.
Sevgi gülləri məni
Qərq etməkdə sevincə.
Haqqa Nəsimi kimi
Qoşulmaq istəyirəm
Bu yenicə dünyasının,
Möcüzə məvasına.
Gələcək, mən diriyəm!
Mən hələ də şeirin, 
Eşqin və musiqinin
Nur bəxş edən piriyəm!
 
 
 
  Öktəmay 
 
 Namanqan vilayətində anadan olub. Namanqan Dövlət Universitetini bitirib. Bir çox şeir kitablarının müəllifi, Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. 
 
Nəsimi
 
 
Dünya görməmişdi belə rəzalət,
Millətə, şairə, sözə xəyanət,
Getmişdimi yoxsa dindən dəyanət,
Dərisini soydular İmadəddinin!
 
Şairin suçu yox, sözündən başqa,
Alovtək parlayan gözündən başqa
Dərdin kimdə bilməz özündən başqa
Haqlığın duydular İmadəddinin!
 
Nə vaxt dinləyibdir şairi zaman,
Bəs sən harda idin, ey əhli-iman.
Amansızlar o gün vermədi aman
Qanına doydular İmadəddinin!
 
Nadürüst dünyanın şiri idi o,
Əyilməz ərənlər əri idi o,
Xalqının misilsiz nəri idi o,
Bağrını oydular İmadəddinin!
 
Amma o parlar eşq ayətlərindən,
Məhəbbət yağmaqda hikmətlərindən
Nəvainin yüksək qiymətlərindən
Adın Pir qoydular İmadəddinin!
 
Bu gün bütün dünya eylər onu yad,
Türk qələmi bilər özünə ustad,
Belə olar deyə, ölməz istedad
Sehrinə uydular İmadəddinin!
 
 
  Gülçöhrə Şəhabəddin qızı 
 
  Daşkənd şəhərində yaşayır. Nizami adına Başkənd Dövlət Pedaqoji İnstitutunu bitirib. Bir sıra şeir və nəsr kitablarının müəllifi, Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.
 
 
Nəsiminin suçu nə idi?!
 
 
Məkanla zamana, ana sığmayan,
Yüksək ruhu cismə, cana sığmayan,
İmanı bəyana, şaha sığmayan
Nəsiminin suçu nə idi, axı?!
 
"Ənəlhəq” deyib, haqq üçün verdi can,
Könüldə Quranla ləkəsiz vicdan.
Dərisin soyduran imansız sultan
Axı, Nəsiminin suçu nə idi?!
 
Tərənnüm edirdi təriqətini,
Göylərə qaldırıb həqiqətini,
İrs qoyub hürufi ülviyyətini,
Deyin, Nəsiminin nə idi suçu?!
 
Haqqın kəlamların etdikcə təkrar,
Söz yolunda can qoydu o üsyankar.
Ölümsüz mərdlərə ölüm etməz kar
Nəsiminin suçu nə idi axı?!
 
Azər tarixinə düşdü münasib
Özbəyə də oldu şöləsi nəsib,
Yad dedilər, edam hökmünü kəsib
Axı, Nəsiminin suçu nə idi?!
 
Sözün zirvəsində durub şahanə,
O şeir oxudu mərdi-mərdanə,
Fitva verən çağda qəddar zəmanə
Deyin, Nəsiminin nə idi suçu?!
 
Qaniçən dünyaya güldü gedəndə
Haqqın düşmənlərin bildi gedəndə,
Haqdan başqasını sildi gedəndə,
Nəsiminin suçu nə idi, axı?!
 
Etiqad yanında məslək uğrunda,
Ölümün gözünə dik baxdı sonda
"Ənəlhəq!” deyə qıy vurduğu anda
Nəsiminin suçu yox idi əsla!
 
 
 
 
  Ümidə Əbdüləzimova
 
 
  Bir sıra şeir kitablarının müəllifidir. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. 
 
Nəsimi kimi...
 
Seyid İmadəddin Nəsimi kimi,
Hər iki dünyaya sığmayan sima,
Bir həyat eşqində – daha səmimi
Qanda çalıb, uçub getdi səmaya.
 
Orda haqqı söylər, düz sözdür gülü, 
Nə soyular, nə də odda alışar.
Həmin o türk oğlu, azər bülbülü
Artıq Günəşlə bir məvada yaşar. 
 
 
  Xəyalə (Ruqəyya Qaziyeva) 
 
 
  Namanqan vilayətində anadan olub. Özbəkistan Yazıçılar Birliyinin Namanqan vilayət şöbəsinin məsləhətçidir. Şeir və nəsr kitabları çap olunub, oxucular arasında daha çox qəzəlləriylə tanınır. 
 
Nəsimidən təxmis
 
Bağrımı şad etməyə, gül üzlü rənadır gələn,
Dərd əlindən könlümü almağa ziyandır gələn,
Xəstəsin yad eyləyib dərdimə dəvadır gələn,
"Ey könül, şad ol ki, ol məhbubi-zibadır gələn,
Mehr ilə can verdiyin mahi-dilaradır gələn”.
 
İntizarından onun qəlbimdə qəm-qüssə
Vəsfinin can dərmanı olduğuna olmuş əmin,
Sallanıb gəlməkdədir bir-bir saçıb işvələrin,
"Doldu könlüm Kəbəsi nuri-səfa ilə yəqin,
Hüsnü Yusif, xülqü Əhməd, nitqi İsadır gələn”.
 
Nazlanıb gəldikcə yar bağrımı tüğyanlar sarar
Qəmzəsində, çox şükür ki, mərhəmət, şəfqət var,
Gül üzünü görcək yenə yağmaqda çeşmindən şərar,
"Necə getməsin başımdan əql, könlümdən qərar,
Gözləri nərgiz, ləbi ləli-müəffadır gələn”.
 
Firqətindən mahrununu halını agah eylərəm,
Gah xəyalımda onu göyərdən mah eylərəm,
Dəmbədəm şahid kimi üz tutub, eyvah eylərəm
"Ellər uyur gecələr, mən sübhədək ah eylərəm,
Həmdülillah kim, bu gün şol mahsimadır gələn”.
 
Ayrılıq odunda yandım qönçə çağımda ikən,
Olmadım illər boyu dildarımın vəslində şən,
Tuş gələndən qalmadı nə təndə can, nə canda tən,
"Gül yanağın üzrə o səbülməsani zülfdən,
Bilməzəm başıma ol dəmdən nə sevdadır gələn”.
 
Yar gəlib çatsın, deyim, gül fəslini bir yada sal
Təngə gəldim ahü-zardan gəlmisən, yanımda qal,
Qoy Xəyalə qulluğun məhşərəcən etsin halal,
"Der Nəsimini görənlər yollarına payimal:
Yenə ol şurifəvü sərməstü şeydadır gələn”.
 
 
  Nurəddin Əmincan 
 
Nəsimidən təxmis
 
Ey gülüm, yarın vəfa bağında bağban oldu, gəl,
Qəmli könlümdən çıxıb, nur eşqim əyan oldu, gəl,
Dadlı vəslindən uzaq hey didə giryan oldu, gəl
"Həsrətindən yandı canım, cigərim qan oldu, gəl,
Sənsiz işim gecə-gündüz ahü-əfğan oldu, gəl”.
 
Hey dikildim köşkünün sağlarına, sollarına,
Tuş gəlib ah-zarlarına hər anda "bol-bol”larına,
Səbrim sonda misal göstərdilər qullarına,
"Ol yaşın hər qətrəsi dəryayi-ümman oldu, gəl”.
 
Can verəndə bilmədim, eşqin sonu hicran imiş,
Vəsfin üçün bir ümid etdim könüldə pərvəriş,
Üstümə əğyarları salmaq deyildir doğru iş,
"Düşməni güldürmə, şahim sağlığilə gəl iriş,
Müddəilər ta deməsün qövlü yalan oldu, gəl.”
 
Eşq əzəldən peydadır aşiq ürəyin yaxmağa,
Ya qəfil şimşək olub aşiq başında çaxmağa,
Ayrılıqda aşiqin ağlar gözündən axmağa,
"Bilməz şol gözlərim sənsiz cahana  baxmağa,
Aləmin zövqü səfası mənə zindan oldu, gəl.”
 
Eşqimi çatdır deyə, üz tutdum hər xanəndənə,
Dərdimi anlat deyə yalvardım hər nazəndənə,
Gəl, Nurəddin, taleyin etmə yolunda təntənə,
"Gündə min gəz cövr elədi bu Nəsimi bəndənə,
Hər nə könüldən keçərsə, şuna qurban oldu, gəl”.
 
 
  Gülzirə Şərifova 
 
  1957-ci ildə Qırğızıstanın Oş vilayətində doğulub. Başkənd Dövlət Universitetini bitirib. Hal-hazırda Demokratiya və İnsan Hüquqları İnstitutunda fəaliyyət göstərir. 
 
Nəsimi
 
(anadan olmasının 650 illiyinə)
 
 
Böyük bir bayramdı türk dünyasında,
Seyid Nəsiminin doğum ilidir.
Şeiri olduğundan türk libasında 
Özbək də o mərdi öz oğlu bilir. 
 
Yazıb-yaradıb o Azərbaydanda,
Tərənnüm edərək var həqiqəti.
Nəvaları axır bu gün də qanda,
Heyrətə gətirib bəşəriyyəti!
 
İnsanlığın şərəf salnaməsində
Əyilməz qürurun timsalıdır  o!
Əsrlərin qızıl səhifəsində 
Mərdlik və cəsarət əmsalıdır o!
 
  Gülşən Rəhim 
 
  Şairə və ədəbiyyatşünas, bir sıra elmi tədqiqatların və "Mənliyin dayanacaqları” adlı şeir kitabının müəllifidir. Özbəkistan Respublikasının  Elmlər Akademiyasında fəaliyyət göstərir.
 
Nəsiminin 650 illiyinə
 
Hər bir könül 
Kəşf edərkən Allahını,
Yolun çətin tapsa,
İrad tutmayın!
Axı, gün keçirir o,
Öz böyük əsrində,
Haqqın gəzən ürəyin
Balaca qəsrində...
Haqqa çətin yol tapıb
Zamanımı azmam,
Təriqətə yetişmiş
Kənan şeyxi, ya Züleyxası...
Həqiqətə qovuşmuş
Haqqın Mənsur Həllacı...
Mənim sınıq könlüm, 
Divanə könlüm
Kimdi axı, azmanların yanında?!
Çətin tapar, əlbəttə,
Azadlığın mürşidsiz.
Di gəl ki, ondan gec-tez
Bir tufan gözlənməkdə...
 
 
 Orman Sabir 
 
  1952-ci ildə Cənubi Qazaxıstanda  doğulub. İki şeir kitabının müəllifidir.
 
Azərbaycan bülbülü
(İmadəddin Nəsimiyə)
 
Azər bülbülü səndən
Xoş nəvalar gözlədik.
Türkcə şirin ləhcəndən
Söz dürlərin özlədik.
 
Şeirin şahı idin,
Dərdlilərin dərmanı.
Yurdumun ahı idin,
Eşqin canlı dastanı.
 
Gətirdi dar altına
Haqqa olan məhəbbət.
Mənsur Həllac ardınca
Sənə yetişdi növbə.
 
Dinləyib dediyini,
Könüllər çəkdi fəryad.
Kimi qətl etdiyini
Bilmədi cahil cəllad.
 
Ah çəkdi yeddi iqlim,
Bülbülsüz qaldı gülşən.
Fitva verən müttəhim
Payın aldı tarixdən. 
 
Nəvainin öydüyü
Pirlərin pirisən sən!
Füzulinin sevdiyi
Qəzəlin sirrisən sən.
 
Azərbaycan bülbülü,
Nəvaların sehirlər.
Gülşəndə hər bir gülü
Nəsimin məftun edər.
 
 
 
  Orijinaldan (özbək və rus) tərcümə edən: 
  Akif Azalp 
  Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətini üzvü,
 filologiya üzrə fəlsəfə doktoru