Biz imzaları yox, əsərləri dərc edirik...

Atamla bağlı xatirələr – Sergey Lvoviç Tolstoy
1946
14 Avqust 2019, 09:58
 Artkaspi.az saytı Sergey Lvoviç Tolstoyun "Atamla bağlı xatirələr” yazısını təqdim edir:
 
əvvəli ötən sayda
 
YEDDİNCİ HİSSƏ
 
 I FƏSİL

 Levinin Moskvadakı səyahəti elə Tolstoyun Moskva səhayətidir. O da Moskvada olanda tələsirdi, "nə qədər çox heç nə etmirdisə, o qədər az vaxtı qalırdı”. Kiti "görürdü ki, o, burda özü kimi deyil”.  
 
 III FƏSİL

 Metrovla söhbətində  Levin belə bir fikir deyir ki, "rus fəhləsinin torpağa münasibəti başqa xalqlarınkından fərqlidir... Rus xalqının bu münasibəti şərqdə boş, böyük ərazilərə əhalinin köçürülməsi kimi düşüncəsindən irəli gəlir”. Rus xalqının belə bir  marağını Tolstoy özünün Samaradakı malikanəsi yaxınlığında salınmış qəsəbələrdə görürdü. Həmin kəndlər müqayisə edəndə bu yaxınlarda sonuncu yüzillikdə kəndlilərin mərkəzi quberniyalarından köçürülməsi nəticəsində yaranıb...  Bu köçürmələr 70-ci illərdə də, sonradan Şərqə və Sibirə də olmuşdu.  Lakin kəndlilər başqa ərazilərə bunu özlərinin alın yazısı bildikləri üçün yox, sadəcə, vətənlərində, xüsusilə də, təhkimçilik hüquqlarının olduğu bir vaxtda onların həyatı çox dözülməz olduğu üçün köçürdülər. Və bu köç onlar üçün sanki vəziyyətdən çıxış, bir xilas idi. Bir vaxtlar Tolstoy köç edənlər haqqında bir əsər yazmaq fikrinə düşmüşdü. 
 
 III FƏSİL

 Qeyd olunan "universitet məsələsi”, çox güman ki, 1867-ci ildə Moskva Universitetində baş verənin hadisənin – o vaxt professor Leşkovun seçimiylə bağlı məsələdə  professorlar  arasında  düşən fikir ayrılığının əksidir.  Bu münaqişə nəticəsində  üç professor (B.N.Çiçerin, F.M.Dmitriyev və S.A.Raçinski) universiteti tərk etmişdi.
 
 IV FƏSİL

 Arseni Lvov müəyyən qədər şair F.İ.Tütçevi xatırladır. "O, bütün ömrünü paytaxt  şəhərlərdə və xaricdə keçirib. Burada tərbiyələnib və diplomat kimi xidmət göstərib”. Məlum olduğu kimi, Tütçev də diplomat idi və xaricdə yaşayırdı. Oxşarlıq Arseni Lvovun xarici görünüşünün təsvirlərində də var: "Buruq, parlaq və gümüşü saçlarının bir az da ifadə qatdığı  gənc, zərif üzü təbəssümlə parladı”. 1871-ci ilin avqustunda Tostoy qatarda Tütçevlə rastlaşmış və onun barəsində  A.Fetə yazmışdı: "Düz dörd stansiya bu ağıllı, dərin, sadə, əsl idraklı adamın danışdıqlarını dinlədim!” Arseni Lvovda, düşünürəm ki, həm də knyaz Yevgeni Vladimoroviç Lvovun və ya qardaşı  Vladimir Vladimoroviçin də xüsusiyyətlərini görmək olar. 
 Levin deyir ki, Lvovun uşaqlarından (iki oğlan) tərbiyəli uşaq görməmişəm. 11-12 yaşım olanda knyaz Y.V.Lvov iki oğlu – Aleksey və Vladamirlə Yasnaya Polyanaya gəlmişdi. Yadımdadır ki, atam onları bizə tərbiyəli oğlanlar kimi misal çəkirdi. 
 
 V FƏSİL

 "Kral Lir stepdə” fantaziyası” deyiləndə M.A.Balakirevin 1860-cı ildə yazdığı "Kral Lir” süitası nəzərdə tutulur. Bu süitanın orta hissəsində boran zamanı səhrada Kral Lirin təlxəklə qaldığı epizod var. Həmçinin zərif və kədərli Kordeliya mövzusu var. Tolstoy Levinin diliylə proqramlı musiqiyə qarşı mənfi münasibətini bildirir. 
 
 VI FƏSİL

 Qrafiniya Bolun salonunda gedən əcnəbi haqda söhbət, çox güman ki, 1875-ci ildə Moskva məhkəmə palatasında araşdırma aparan, dəmiryol sahibkarı və işbaz Srtusberqin əksiydi. 
 
 VII və VIII FƏSİLLƏR
 
 Bu fəsillərdə təsvir olunan klub Moskvada, Tverskoyda Şablıkinin evində yerləşən "İngilis klubu” adlanan yerdir.  Hal-hazırda orada İnqilab Muzeyi fəaliyyət göstərir. Enli yarımdairəvi həyət, qapıçı, xalçalı pilləkənlər, meydançasında heykəl, otaqlar (qonaq otağı, kommersiya oyunları oynanılan  böyük otaq, oxu zalı, divan otağı, ağıllı ("ağıllı” söhbətlər aparılan) otaq),  araq və müxtəlif çeşidli məzələrlə bəzənmiş ayrıca süfrə, sinilərdə gətirilən şampan stəkanları, klubun köhnə üzvlərinin "şlyupik” ləqəbiylə adlandırılması və s. – bütün bunlar Moskva ingilis klubunu – Stepan Arkadyeviç demişkən, "bayram məbədini” xatırladır. 
 
 

 XIII-XVI FƏSİLLƏR
 
 Kitinin doğum səhnələri Sofya Andreyevnanın doğuşudur. Yelizaveta  Petrovna – Tuladan olan mamaça, Sofya Andereyevnanın doğuş zaman yanında olan Mariya İvanovna Abramovadır.
 
 XXI və XXII FƏSİLLƏR

 Landaunun simasında Tolstoy, çox güman ki, 1857-ci ildə Parisdə gördüyü  medium Yumu (Hume) təsvir edib. Yum Paris salonlarında çox yaxşı tanınan bir adam idi. 1859-cu ildə o məşhur varlı və messenat Q.İ.Kuşelyov-Bezborodko  ilə Rusiyaya səfər etmişdi. Rusiya üçün o, həmin dövrün jurnallarından birində deyildiyi kimi, ən yaxşı fokusu göstərmiş, qraf Kuşelyov-Bezborodkonun çox varlı bir qohumuyla evlənmişdi. Landaunun romanda qraf  Bezzubova çevrilməsi, düşünürəm ki, Tolstoya xarakretik olan adların uyğunlaşdılmasıdır (Bezborodko və Bezzubov). Yum Rusiyada 1871–1875-ci illərdə medium təcrübələrini bölüşüb. 
 
 XXIX  FƏSİL

 Anna lövhəni oxuyur: "Tütkin coiffeur (bərbər)”. Bir zamanlar Tolstoyun Tütkin adlı dərzisi vardı.
 
 SƏKKİZİNCİ HİSSƏ

 I FƏSİL

 "Başqa dindən olanların məsələsi, amerikalı dostların, Samara aclığı, sərgilər, spiritizmin yerinə slavyan məsələsi gəlir”. "Başqa dindən olanlarla” bağlı məsələlər qərb quberniyaların uniatına (kilsə nümayəndələyinə)  aiddir. Onların pravoslav kilsəsinə güclə birləşdirilməsi 1875-ci ildə təntənəli şəkildə qeyd olnunmuşdu. "Amerikalı dostlar” –   1866-cı ildə  II Aleksandrı Karakozovun hücumundan yaxa qurtarması və daxili müharibələrdə Ştatlara verdiyi dəstəyə görə təşəkkür etməyə gələn  ABŞ hökumətinin xüsusi səfirliyidir. Səfirlik və onun yolçularının şərəfinə  Moskva Şəhər Dumasının verdiyi təntənəli nahar  İ.F.Qorbunovun komik hekayəsi üçün süjet olub.
 Samara aclığı ilə bağlı yerlər üçillik quraqlıqdan sonra  Samara quberniyasında 1873-cü ildə  baş alan aclığa aiddir. O zamanlar Tolstoy qəzetdə bədbəxt hadisənin təfərrüatlarını əks etdirən məktub yerləşdirir. Bu məktub güclü təəssürat yaradır və insanlar axınla yardım etməyə başlayırlar. 
 
 III FƏSİL VƏ SONRAKILAR

 Bosniya və Hersoqovinanın 1874-cü ildə türk hökmranlığına qarşı çıxması, 1876-cı ildə başlayan Türkiyə və Serbiya arasında müharibə rus cəmiyyəti və mətbuatında böyük təəssüf hiss doğurmuşdu.  İctimai oyanışın təsiri altında "könüllü hərəkatı” başladı. Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar könüllülər sırasına yazılır və hərbi hərəkatlar teatrına yollanırdılar. Bəziləri ideya motivlərinin təsiri altında, bəziləri şəxsi maraqlara görə və s. gedirdilər.
 Tolstoyun könüllü hərəkatına ürəyi yanmırdı. Bunu da elə romanın epiloqunda qeyd etmişdi. Yadımdadır, o deyirdi: "Serblər bizim kəndlilərdən daha yaxşı yaşayır, kəndlilərdən isə onların özləri üçün sədəqə yığırlar”.  O, çox güman ki, bəzi könüllüləri tanıyır və onlar haqqında söhbətləri eşidirdi. Bircə bunu xatırlayıram ki, Serbiyaya atamın tanışı, A.A.Fetin qardaşı Pyotr Afanasyeviç Şenşin getmişdi. 
 Məlumdur ki, "Russkiy Vestnik”in (Rus xəbərçisi) redaktoru  M.N.Katkov könüllü təşkilatının tərəfdarı olduğu üçün "Anna Karenina”nın sonuncu – səkkizinci hissəsini dəyişikliklər edilmədən jurnala yerləşdiriləməsindən imtina etmişdi.  Onun yerinə və həmin hissə çap olunmamışdan əvvəl o, jurnalında iki tənqidi məqalə yerləşdirmişdi. Həmin məqalələrdən oxucular roman iştirakçılarının sonrakı taleyi haqqında öyrənirdilər.  Katkovun bu hərəkəti Tolstoyla aralarındakı münasibəti tamamilə korladı. Yadımdadır ki, atam Katkovun belə nəzakətsiz, kobud hərəkətindən möhkəm əsəbiləşmiş və bir daha onunla heç bir iş görməyəcəyini demişdi.   Aralarındakı bu məsələ Tolstoyda Katkov nəşrlərinə qarşı ümumən mənfi münasibət yaratmışdı. 
 
 XIV FƏSİL

 Levinin "Arı ovu”  Tolstoyun arıçılığa olan marağını xatırladır. Yasnaya Polyanadakı arı pətəkləri malikanədən verst yarım aralıda, cökə və ağcaqovaq ağaclarının  arasında, Voronka çayı yaxınlığında yerləşirdi. 
 
 XVII FƏSİL

 Şimşək, ildırım vurub dağılan palıd, körpə uşaqlı Kiti, dayə, sel yağış altında Kolka meşəliyi, Levinin onlardan ötrü keçirdiyi narahatlıq –  bütün bunlar Yasnaya Polyanada baş verən tamamilə oxşar bir hadisənin təsvirləridir. Bircə adlar dəyişilib: Kiti – Sofya Andreyevna, Konstantin Dmitriyeviç – Lev Nikolayeviç, Miti – Seryoja, Kolka meşəliyi – Çepıj meşəliyidir. 
 
 IX–XI FƏSİLLƏR

 Taxıl döyməsi zamanı Levin dairə üzrə hərəkət edən ata baxır.  Burdan aydın olur ki, taxıldöyəni hərəkətə gətirən "maşın” olub. Atlar  taxıl üyütmək üçün dairəni bir çevrə üzrə addımlayaraq fırladırdı. Bu cür dairə Yasnaya Polyana da olub. 
 "Anna Karenina”nın son hissəsində Levinin həyatın mənasıyla bağlı düşüncələrinin Tolstoyun "Etiraf”dakı fikirləriylə yan-yana qoyanda məlum olur ki, Tolstoy bu hissəni yazmazdan əvvəl öz dünyasında da bu keçid dövrünü yaşayıb. Bu dövrdə onu incidən, narahat edən suallara cavabı kilsə təlimlərindən tapmaq istəyirdi. Levinin dindən keçən düşünücələri eyniylə Tolstoyun düşüncələridir. "Ölümlə sonlan həyatın heç bir mənası yoxdur” fikrinə, "necə yaşayaq?” və "niyə yaşayaq?” suallarına heç bir təbii və ya humanitar elm cavab verə bilmir. Levin "ölümdən çox, həyatın hardan gəlib hara getdiyini, nə üçün getdiyini bilməməsinə görə vahimələnirdi”. "Mən kiməm və niyə görə burdayam suallarına cavab bilmədən yaşamaq çox çətindir. Bunu mən bilmirəm və deməli, yaşaya da bilmərəm”, Levin özünə deyirdi... Xoşbəxt ailə başçısı, sapsağlam adam Levin bir neçə dəfə intiharın həndəvərində dayandığına görə kəndiri özünü asmamaqdan ötrü gizlətmiş,  güllələməməkdən ötrü üstündə tapanca gəzdirməkdən qorxmuşdu. Levin nə özünü asdı, nə də gülləllədi. O, yaşamağına davam etdi”.
 
 

 Həyatın mənasının elmdə axtarışları, intihara sürükləyən eyni əhval-ruhiyyə "Etiraf”da da var. Eynən Levin kimi Tolstoyun da intihara meyli vardı. "Etiraf”da yazırdı: "belə oldu ki, mənim kimi sağlam, xoşbəxt bir addım daha yaşaya bilmədiyimi başa düşdüm... Bax, məhz onda mən – belə xoşbəxt bir adam hər gün əynimi tək dəyişdiyim otağımda özümü asmamaqdan ötrü kəndiri gizlətdim və ova gedəndə özümlə tüfəng götürmədim ki, birdən həyatdan canımı qurtarmaqdan ötrü ölümün ən asan variyantını seçərəm. Nə istədiyimi özüm də bilmirdim: mən həyatdan qorxurdum, ondan qaçırdım və həm də heç bir ümidim, gümanım  da yox idi”.
Levinə həyatın mənasıyla bağlı məsələdə cavab tapmağa onun afisiant Fyodorla olan söhbəti kömək etdi. Fyodor Fokanıç haqqında deyirdi: "– ...haqlı qoca. O, qəlb üçün yaşayır. Allahı unutmur. – Necə yəni Allahı unutmur? Necə qəlb üçün yaşayır axı? – Levin demək olar ki, qışqırdı. – Məlumdur necə, əslində, Allah... – Yaxşı, yaxşı... salamat qal, – Levin həyəcandan boğula-boğula dedi və taxtasını götürərək tələsik evinə tərəf getdi”.
 "Etiraf”da Tolstoy deyir ki, "təhsili, savadı olmayan, sadə, kasıb insanla dönüb baxdım və tamamilə başqa bir şey gördüm... Savadlı və müdrik insanların üzündəki ağıllı ifadə həyatın mənasını inkar edir, lakin böyük insan kütləsi, bütün bəşəriyyət bu mənanı şüursuz bilikdə görürlər. Və bu şüursuz bilik inamdır. Məni ancaq öz istisnalığımdan qopub adi, işçi xalqın həyatını görmək və əsl həyatın bu olduğunu bilmək xilas etdi”.
70-ci illərdə "işçi xalq” inersiyaya görə və məcburiyyətdən  provaslav kilsəsinə mənsub idi və Tolstoy da, eyniylə  Levin kimi hesab edirdi ki, provaslavlığa birləşmək onu "işçi xalqın” həyatına qarışmasına gətirib çıxaracaq. Uzun sürən həyəcanlardan sonra Levin, eynən Tolstoy kimi dinin vacib olması fikrinə gəldi. Lakin hansı din? "Anna Karenina”da cavab bir o qədər də aydın deyil. Levinin düçüncələrindən belə bir qənaətə gəlmək olar ki, o, provoslav kilsəsinin sadiq oğlu oldu, lakin onun düçüncələrində  müəyyən qədər şübhələr var.  Belə XIII fəsildə Levin özü-özündən soruşur: "Kilsə deyən hər şeyə mən inanmalıyammı?”.
 Kilsəyə inanmaq, "iççi xalqa” qarışmaqdan ötrü Levin qəsdən ağlının dərk edə bilmədiyi hər şeyə göz yumurdu. Tolstoy bununla yetərlənə bilmirdi. "Anna Karenina”nın çapından sonra o, 1819–1882-ci illərdə yazdığı  "Etiraf”ında deyir: "...Mən əmin oldum ki, qoşulduğum dində hər şey həqiqi deyil”. Və 80-ci illərdə yazılan "Doqmatik ilahiyyatın tənqidi”, "İncilin təhqiqatı” və  "Mənim inamım nəyədir?”dən sonra o, qəflətən kilsədən ayrılır və onun öyrətdiklərini tənqid etməyə başlayır. 
 "Anna Karenina”da, həqiqətən də, həyatdan nə götürüldüyünü bilmək, əlbəttə ki, çox çətindir. Lakin bütün bu deyilənlərdən  məlum olur ki, roman üçün material olaraq həyatda müşahidə etdiyi müxtəlif hadisələr, çoxsaylı faktlar, psixoloji durumlar, tanıdığı insanlardan istifadə edib. Bütün bunlar bədii obrazlarla ifadə olunub. Ona görə də "Anna  Karenina”nı nəinki çap olunan dövrdə, o vaxtın məişətini bilən, görən insanlar, hətta müasir dövrdə də oxuyan insanlar sanki gözlərinin önündən canlı bir həyat keçibmiş kimi hiss edirlər.  Romanın həyat həqiqəti bax budur. 
 Həyatdan "yalan deməmək” şərtiylə  götürülmüş hadisələrin kombinasiyası xüsusilə çətin bir məsələdir. "Hərb və sülh” üzərində işləyərkən Tolstoy 1864-cü ildə Feta yazırdı: "Yazılacaq əsərdə – böyük bir əsərdə  insanların gələcəkdə başına gələcək hadisələri fikirləşmək və bunu dəyişmək, milyonlarla əsər düşünüb, onlardan bircə dənəsini seçmək çox çətindir. Və mən indi bununla məşğulam”.
 "Milyonlarla əsər düşünüb, onlardan bircə dənəsini seçmək”lə Tolstoy nə demək istəmişdi? O mövzü buna cavab verib: "Əgər mən romanda ifadə etmək istədiyim hər şeyi sözlə desəydim, onda birinci yazdığım romanı yazardım”.
 "Mənim intiqamım var və o məndən gələcək” epiqarfı "Anna Karenin”adakı ideyanı dərk etməkdən ötrü açar verir. Lakin onun əsas ideyalarının dərinliyini sözlə ifadə etmək mümkünsüzdür. Və bu mənim işim deyil.
 
 Rus dilindən tərcümə edən: Xanım Aydın