Artkaspi.az saytı Sergey
Lvoviç Tolstoyun "Atamla bağlı xatirələr” yazısını təqdim edir:
Əvvəli ötən sayımızda
ALTINCI HİSSƏ
I FƏSİL
I-VII fəsillərdə hər şey yenə də Yasnaya Polyananı
xatırladır. Özünün də dediyi kimi, "Levinin "şerbatski elementiylə” batıb gedən
öz dünyasına, sahmanına heyfi gəlirdi”. Levini Tolstoyla, "şerbatski elementi”
isə "bersovski elementi” ilə əvəz etsək, Yasnaya Polyanın 70-ci illərindəki
taleyinə gedib çıxarıq. Levinin malikanəsində Kitinin bacısı Dolli Oblonskinin
ailəsi yaşadığı kimi, Yasnaya Polyandakı fligeldə də Sofya Andreyevananın
bacısı Tatyana Andreyevna Kuzminskayanın ailəsi yaşayırdı.
II FƏSİL
Hətta ən kiçik xırdalıqlar belə Yasnaya Polyanadakı
həyatı xatırladır. Məsələn, moruq mürəbbəsinin suyla, yoxsa su əlavə etmədən
bişirilməsi məsələsi. Yasnaya Polyanaya müəyyən işlərlə bağlı Moskvada
fəaliyyət göstərən "Azbuka” nəşriyyatının ağbəniz, kök alman sahibi F.F.Risin
də gəldiyini xatırlayıram. Yasnaya Polyanada moruq mürəbbəsinin su ilə
bişirildiyini görüb, susuz bişirməyi məsləhət görmüşdü. Bu üsul əvvəlcə şübhə
doğursa da, sınaqdan keçiriləndən sonra çox bəyənilmişdi.

II FƏSİL
"Ucuz mallar”dan ev, məişət üçün lazım olan müəyyən
şeylərin alınması Sofya Andreyevna və Tatyana Andreyevnanın üzərinə düşürdü.
"Ucuz mallar” və ya "ucuzluq” dükanların brak və ya satılmayıb-qalan malların
ucuz qiymətə satılmasıdır.
II FƏSİL
"Levin knyaginiyanı başqa kürəkənlər kimi "maman”
çağırmırdı. Və bu, knyaginiyaya xoş deyildi”.
"Levin qayınanasını nə qədər çox sevsə belə, dünyasını dəyişmiş
anasının ruhuna hörmət olaraq ona belə
müraciət edə bilməyib. Elə həmin bu səbəbdən də Lev Tolstoy qayınanasına "maman” və ya anaya müraciət zamanı istifadə
olunan digər sözlərdən də heç birini
deməyib. Ona ancaq Lyubov Aleksandrovna kimi müraciət edib.
VIII FƏSİL
"Tikilən fligeldə usta pilləkəni korlamışdı. Bütün
pillələr sanki eniş üçün nəzərdə tutulmuşdu... İndisə podratçı həmin bu
pillələri saxlayaraq ona daha üç pillə də əlavə etmək istəyirdi”. O,
pilləkənləri düzəldə biləcəyinə əmin idi. O deyirdi: " – kim ki lap aşağıdan,
əvvəldən başlayacaq, gedər, gedər, gələr”. Eynən belə bir hadisə 1872-ci ildə
Yasnaya Polyanada evin yenidən tikilməsi zamanı baş vermişdi. "Gedər, gedər,
gələr” ifadəsini o, adətən, "ya Allah” umuduna, əvvəlcədən planlaşdırılmamış
işlər olanda deyirdi...
IX FƏSİL.
Levin, Obolonski və Veslovskinin ov səhnələri
Tolstoyun 70-ci illərdəki ovunu xatırladır. Levinin getdiyi birinci bataqlıq
Yasnaya Polyanadan 7 verst aralı olan Diqotne bataqlığıdır. Cil və qızılağacla
dolu, yaxınlığında dəyirman olan böyük Qvozdev
bataqlığı Yasnaya Polyanadan iyirmi verst aralı, Karamışeva kəndinin
yaxınlığındakı Solova çayının bataqlığıdır. Levin deyir: "Bu tərəfində adi
tənbəlcüllüt quşları, Qvozdev bataqlığının o tərəfində isə orta tənbəlcüllüt
quşları var”. Levn sözünü axıra kimi demir və oxucu üçün nəyin bu tərəfini
dediyi anlaşılmaz qalır. Tolstoy dəmir
yolu ilə iki yerə bölünmüş bataqlığı nəzərdə tuturdu. 1873 və ya 1874-cü ildə
Lev Nikolayeviç bu bataqlıqlara qonağı skripkaçı İppolit Maxyloviç Naqornovla
getmişdi. Yadımdadır ki, o, eynən Veslovki kimi Naqornovun təsadüfən açılan
gülləsinin Lev Nikolayeviçin setteri Doranın dalınca qaçan itə dəyməsindən
narazı qalmışdı. Levinin iti Laskanın da öz prototipi var. O, Lev Nikoleyeviçin
setteri Doradır. Ona bu ad Dikkensin "David Kopperfild” romanındakı qəhrəmanın şərəfinə qoyulub.
XIV və XV FƏSİLLƏR
Levinin Kitini qısqanması səhnələrində Tolstoy sırf
özünü yazıb. Epizod Levinin Veslovkiyə bunu deməsiylə bitir: "Mən sizə demişdim
ki, atları yəhərləyəsiz. – Necə yəni? – Verslovki təəccübləndi. – Hara gedirik
ki? – Siz dəmir yolu stansiyasına gedirsiz, – Levin kədərlə dedi...”.
T.A.Kuzminskaya qonaqların Yasnaya
Polyanadan yola salınması haqqında iki hadisəni yazır. Birinci dəfə
1863-cü ildə Tatyana Andreyevnaya daha çox diqqət edən, meyil göstərən
Anatoli Şostak qovulmuşdu. "Lev Nikolayeviç atları yəhərləməyi əmr etmişdi,
Sonya isə Anatoliya xəstəliyini nəzərə alaraq getməyinin daha məqsədəuyğun
olduğunu dedi”.
İkinci dəfə, Kuzminskayanın sözlərinə görə, Lev
Nikolayeviç tanışı Rafail Pisarevdən getməyini xahiş etmişdi. Bu, 1871-ci ilin
sentyabrında olmuşdu. Pisarev Yepifansk qəzasının mülkədarı idi. Yaraşıqlı, hündürboy, əzələli bir gənc idi.
Yeri gəlmişkən, o, Hindistanda səyahət zamanı üstündə getdiyi filə hücum edən
pələngə atəş açdığını da danışırdı. Xaraktercə
Veslovkiyə oxşamırdı. T.A.Kuzminskaya yazırdı: "Samovarın yanında oturan Sonya
çay süzürdü. Pisarevsə onun yanında oturmuşdu. Məncə, bu onun yeganə qəbahəti
idi. O, Sonyaya fincanları paylamağa kömək edirdi... O zarafatlaşır, gülür, arada
bir nəsə demək üçün Sonyaya tərəf əyilirdi. Mən Lev Nikolayeviçə baxırdım.
Əsəbindən rəngi qaçmış, kefi pozulmuş Tolstoy süfrədən qalxır, otaqda o başa-bu
başa var-gəl edir, otaqdan çıxır və yenidən qayıdırdı. Və birdən necə oldusa
içindəki bu narahatlığı mənimlə bölüşdü. Sonya da buna fikir vermişdi və nə
edəcəyini bilmirdi. Bu, səhəri gün Lev Nikolayeviçin əmri ilə hazırlanan
faytonun arabaçası həmin gəncə "atların yola çıxmağa hazır olduğunu” deməsiylə
bitdi. Kuzminskayanın sözlərinə görə, Pisarev də Anatoli Şostakın qovulduğu
üsulla qovulub: hər ikisinə də deyiblər ki, sizin üçün atlar hazırdı. Mənim
buna şübhəm var. Atamın Pisareva qarşı qısqanclığını xatırlayıram. Amma ona
"sizin üçün atlar hazırdı” deyilməsini xatırlamıram.

XIX FƏSİLLƏR
Tolstoy Vronskinin malikanəsinə oxşar varlı
ailələrin malikanlərində çox olmuşdu. Onların içində ən çox Mtsenk qəzasının
Voin kəndindəki P.P.Novosiltsevin və Boqoroditskda (Tula quberniyası) A.P.Bobrinskinin malikanəsi bənzəyir. Lev Nikolayeviç
Novosiltsevin malikanəsi haqqında 1865-ci ildə yoldaşına yazırdı: "gözəllik və
nəciblik üçün hər şey – parklar, göllər, points de vue (lanşafta mənzərə) və
hamısı da çox gözəl”. Bobrinskinin malikanəsində o, çox güman ki, 1873-cü ildə D.D.Obolenskiylə Boqoroditsk
qəzasında ov vaxtı olub. Bobrinski Tula quberniyasının ən varlı torpaq
sahibkarlarından biri idi. Eynən Vronski kimi o da öz hesabına xəstəxana
Boqoroditskdə tikdirmişdi.
XIX FƏSİL
Anna Vronskinin evində yaşayan həkim haqqında
deyirdi: "Deyə bilmərəm ki, o tamam nihilistdir, amma ki bıçaqla yeyir...”.
Bıçaqla yemək, yeməyi ağzına çəngəllə yox, bıçaqla qoymaq nəzərdə tutulur. Bu,
o zamanlar, elə indinin özündə də pis vərdiş hesab olunur. Annanın fikrincə, bu
cür pis maneralar ancaq "nihilistlərdə” ola bilər.
XXV FƏSİL
Anna Hötedən bir qutu kitab almışdı. Hötenin
Moskvada məşhur ingilis və fransız kitablar dükanı vardı.
XXVI–XXX FƏSİLLƏR
Tolstoyun hansı zadəgan toplantılarında iştirak
etdiyi aydınlaşdırılmayıb. Orda iştirak etməsinisə Yasnaya Polyanadakı sandıqda
iki zadəgan mundirinin (biri atasının, biri özünün) olması sübut edir. Zadəgan
toplantıları ildə üç dəfə keçirilirdi. Tula toplantısı romanın yazıldığı
vaxtlarda – 1873-cü ildə baş tutmuşdu.
Bəlkə də, Tolstoy orda olub, bəlkə də, heç olmayıb. O haqda həmin toplantıda
iştirak edən zadəganlardan eşidib. Kaşin
zadəgan toplantısı Tula toplantısının həmin ilki görüşünü xatırladır. 1873-cü
ilə kimi orda başçı Minin olub. Ona Koznışevin Snetkova haqqında dediklərini
şamil etmək olar: "O, hər zaman zadəganlığın tərəfində olub, xalq təhsilinə
qarşı çıxıb və zemstvoya böyük anlam verirdi”.
Romanda Kaşində Snetkovun yerinə Nevedovskini
seçilməsi təsvir olunub. O, daha çox müasir zadəgan idi və zemstvaya da ürəyi
yanırdı. Həmçinin Tulada da 1873-cü ilin dekabrında Mininin yerinə Pyotr
Fedoroviç Samarin təyin olunmuşdu. O, təhsilli, reformları sevən bir adam idi.
Zadəgan başçılarının necə seçildiyini bilmək üçün
seçki haqda qanunun maddəsini bilmək lazımdır. Bu maddəyə əsasən mütləq şəkildə
iki şəxsi – başçını və buna namizədi seçmək lazım idi. Lakin onlar
ayrı-ayrılıqda seçilmirdilər. Çox səs toplayan başçı, az səs yığan isə namizəd
olurdu. Birinci seçilən şəxs hələ başçı
seçilmiş olmur. İkinci seçilən şəxs daha çox səs toplayıb başçı təyin edilə
bilər. Buna görə də seçkiləri elə qurmaq lazım idi ki, çoxluğun istəmədiyi şəxs
az səs toplasın. Bütün intriqalar bu maddədəki oyunlara görə gedirdi. Snetkov
seçiləndə Nevedovskinın partiyası öz namizədini Snetkovdan daha çox səs
üstünlüyü ilə irəliyə çəkmək istədi və buna da nail ola bildi.
Ardı var
Rus dilindən tərcümə edən: Xanım Aydın