Biz imzaları yox, əsərləri dərc edirik...

Ağlın toxluğundan qəlbin aclığına – Fərid Hüseyn yazır
187
09 Avqust 2019, 09:44
  Artkaspi.az saytı Fərid Hüseynin Lev Tolstoyun "Anna Karenina” romanı haqqında yazısını təqdim edir:
 
  Ziddiyyətli fikirlər
 
  Levin obrazının əsərə nə qazandığı, hansı gücü qatdığı barədə müxtəlif fikirlər var. Bəziləri hesab edir ki, bu obraz tamamilə gərəksiz, əsərə dinamika, maraq baxımından heç nə verməyən, romanın "darıxdırıcılıq yükünü” artıran bir obrazdır, bəziləri isə əksinə, onun əsərə paralel xətt qazandırdığını, daha da oxunaqlı etdiyini, struktural olaraq, həmçinin məna cəhətdə də romanın masştabını  genişləndirdiyini qeyd edirlər. Amma hər şeydən əvvəl düşünmək lazımdır ki, Tolstoy bu xətti nəticəni göstərmək üçün qələmə alıb. Yəni Kitti və Levin xətti əsər boyunca davam edən EPİLOQdur. Mənim aləmimdə, həmin xəttin, Levin obrazının mahiyyəti bundan ibarətdir: "Ailə həyatında düzgün tərəf müqabili seçmək əsas şərtdir”. Levin və Kiti xətti, əslində, bu mahiyyəti – seçimin düzgünlüyünü izah etmək, oxucuya xoşbəxtliyin yerini göstərmək üçündür və onların sonradan bir-birinə qarşı məhəbbəti, uğurlu ailələri və s. – bütün bunlar,  məncə, düzgün tərəf müqabili seçimini təqdir etməkdən ötrüdür.  Romanın ilk qeydlərində Levin obrazı olmayıb, çünki Tolstoy bu əsəri yasaq məhəbbət romanı sayılan "Kamelyalı qadın”a cavab kimi nəzərdə tutub. Tolstoyun tədqiqatçısı Eikhenbaum qeyd edir ki, əsərin əvvəlində Annanın geyindiyi paltar, əslində, Ananın geyinəcəyi bir paltar deyil, yəni romanın başlanğıcında Anna sanki bir qızcığaz kimi təsvir olunur, sadəcə sonradan müəllif əsərin nəzərdə tutulan mahiyyətini dəyişib deyə belə bir fərq meydana çıxıb. Elif Batumanın Levin obrazı ilə bağlı maraqlı bir fikri var, o, qeyd edir ki: "Tolstoy Annanın yazmağa girişəndə,  – "Bu fransız zina romanının bir variantını yazacam” deyəndə, o, öz yazıçı mövqeyindən çox uzaqlaşır. Həddən artıq susqun, Annanı yazmaq üçün ona lazım olan şəfqəti özündə tapa bilmir. Buna görə də ancaq öz obrazını (Levinin timsalında – F.H.) hekayəyə daxil edir”. Yəni Tolstoy öz idealist fikirlərini Levin vasitəsi ilə oxuculara çatdırır. Ona görə də Levin obrazını qəhrəman kimi deyil, vasitə – məqsəd kimi qələmə verirlər. Onu bir qəhrəman kimi deyil, əsərin mahiyyətinə xidmət edən bir missiya daşıyıcısı – təyinatlı bir şəxs qismində anlayırlar.  Görünür, Levin obrazının müxtəlif tədqiqatçılara "süni obraz” təsiri bağışlaması da məhz bu amillə bu və ya digər formada bağlıdır. 
 
 

  E.Batuman əlavə edir ki: "Romanda Annadan əvvəl Levin obrazı ilə qarşılaşırıq, və Anna öləndən sonra uzun bir Səkkizinci Hissə gəlir. Dövrün tənqidçiləri bu hissənin mənasını başa düşə bilmirlər. Deyirlər ki, gərək bu kitabın adı "Anna Karenina” yox, "Pava” olaydı. Pava da Levinin atının adıdır. Məncə, səbəb budur: mətnin strukturu, gündəlik həyatın bir növ yuxu variantıdır. Material yenə də sizin həyatınızdır amma, onun yüngülcə dəyişdirilmiş variantıdır. Və Annanın hekayəsi də bir tərəfdən, elə bil, Levinin gördüyü bir yuxudur. Sanki Levin bütün əsəri beynində quran adamdır. Yəni Levin əsərdə əsəbimizi korlaya bilər, amma ona ehtiyacımız var”.
  Məsələnin mahiyyətini bir az da açsaq belə nəticə hasil olur ki, Tolstoy özü də Levin timsalında bu əsərə daxil olmaq istəyib. Bəs onda romanda Kiti surəti niyə var? Kiti də bu və ya başqa formada, hansısa əlamətləri ilə Lev Tolstoyun həyat yoldaşına bənzəyir. Tolstoy, sanki, zinakar ailə modelinə qarşı Levin və Kiti timsalında öz ailəsini nümunə qoyub. Tolstoyun öz ailəsi də tam mənada ideal olmayıb, hətta onun ölümünə səbəb kimi bəzən ailə həyatından bezdiyini göstərirlər. Məsələnin kökündə dayanan səbəb odur ki, Tolstoyun Levin obrazı idealistdir, bir qədər də romantikdir. Tolstoy özlərini qəhrəman edib, yaşadıqları vəziyyəti yox. Yəni, Tolstoy Levin ilə öz idealını – günahsız Tolstoyu yaradıb, Kiti obrazı ilə də ideal xanımının – həlim, diltapan, Sofya Tolstoyovanı. Ona görə də əsərdə həmin xətt müəllif üçün bunca vacibdir və onu sona qədər davam etdirməyə çalışıb. Necə ki idealımız biz öləndən sonra da öz varlığını davam etdirir. Eləcə də Annanın ölümündən sonra Levin məhəbbət idealının davamını göstərir. Əgər bu romanı Dostoyevski yazsaydı, o zaman əsər "Anna Karenina”nın ölümü ilə tamamlanardı və biz Levinin, Kitinin, Vronskinin, uşaqların və sair aqibəti haqqında öz versiyalarımızı davam etdirərdik. Çünki Dostoyevski, adətən, əsərlərində sonluğu açıq saxlayır. Dostoyevskinin romanları yarımçıq ömrü, Tolstoyun əsərləri isə tamamlanmış həyatı xarakterizə edir. Dostoyevski insanın vəziyyətdən xilasa qədər müşayiət edir, Tolstoy ölüm ayağına qədər. Məncə, bu fərq onların yaradıcılığındakı başlıca seçilən əlamətlərindədir və onların müəllif, dünyagörüşü konsepsiyasının əsasında ayrı-ayrı qütblərdə dayanan amillərdəndir. 
 
 

  Bezginlik
 
  Lev Tolstoy "Anna Karenina”nı yazdığı dövrdə gündəlik yazmırdı. Çünki bu roman həm də onun həyatı idi. Ancaq bu çətin, dözülməz bir həyat idi. Bu əsəri yazmaq, bədbəxt insanlarla ardıcıl ünsiyyət müəllifi bezdirir, təngə gətirirdi. Çünki Tolstoy əsərin yazılmasının bu qədər  – üç il uzanacağını gözləmirdi. Romanın təkcə birinci hissəsi müəllif tərəfindən 10 dəfə redaktə olunub və həcmi 2560 səhifədən çoxdur. 
  Əsərin ilk versiyasında Tolstoy Levinin adını Lvovin yazıb. Tolstoya dostları Lvov deyə xitab edirdilər. Bu məqam da Levin obrazının Tolstoy olmasını təsdiq edən faktlardandır. Tolstoyun düşüncələrini ən çox məşğul edən dünyaya verilən suallar idi ki, Levini də eyni məsələlər rahat buraxmırdı.  Tolstoy gündəliklərini yazarkən fəlsəfi suallara köklənmişdi, sonradan onun gündəliyindəki bəzi qeydləri ayrıcı kitablara toplayıb, oçerklər, fəlsəfi əsərlər kimi nəşr etdilər. Tolstoy Levin vasitəsi ilə onu düşündürən sualları dünyaya ünvanlayırdı deyə daha onun gündəlik yazmağına, görünür, lüzum qalmırdı. Amma budəfəki suallar – əsərdəki suallar daha çətin idi, çünki gündəliklərdən fərqli olaraq oradakı suallar ancaq bir nəfərin rakursundan cavablandırılmır. Levin həyata ünvanladığı sualların cavablarını başqa insanlardan almağa çalışır, ona görə də fikirlər haçalanır. Nəticədə müəllif yaxasını daha geniş planda çıxılmazlığın əlinə verir. Məhz bu səbəbdən, müəllif onu yoran suallardan xilas olmaq üçün yazırdı ki, "bu əsər mənimçün həddən artıq zəhlətökən əsərdir”. Yaxud qeyd edirdi ki, "kaş kimsə bu romanı mənim yerimə yazıb bitirəydi”. Tolstoy özünün də tam dəqiq cavablar tapa bilmədiyi suallara indi hər baxımdan cavab verməli idi. 
  Annanın ölümü də Tolstoyun bəzi suallardan qaçmasına işarədir, çünki labüd sonluq vəziyyətə uyğun idi. Tolstoy vəziyyətlə hesablaşırdı, ancaq onunla razı deyildi. Ona görə də Annanın ölümünü müəllifə ona irad tutanlara deyirdi: "Puşkin bir dəfə bir yaxınına belə deyir: "Gör Tatyana nə iş gördü, – ərə getdi. Heç gözləməzdim ondan. Bu fikri mən də Anna haqqında dilə gətirərəm. Mənim qəhrəmanlarım da mən necə istəyirəmsə elə yox, həyatın diktəsi ilə neyləyə bilərlərsə onu edirlər”. 
  İnsan özünü qoruyur, bəlalardan hifz eləməyə çalışır, ancaq hər nə qədər qorusa da tam mənada bəladan xilas ola bilmir. Çünki insan sabahından xəbərsizdir, belə olan təqdirdə insan aqibəti – taleyi ilə hesablaşmalı olur. Tolstoy həyatilik baxımından labüd sonluğa müdaxilə etmir. Əgər o, sonluğa müdaxilə etsəydi, onda əsərdə Levinin timsalında həyatın mahiyyəti, dünyanın nə üçün belə yaradılması, insanların nə üçün mövcud olduqları barədəki suallar öz əhəmiyyətini itirəcəkdi. 
 
  Təkrarlanan çevrə
 
  Lev Tolstoy əsər boyu "təkrarlanan çevrə” adlı ədəbi priyomdan istifadə edib. Onlardan ən barizi Annanın məhəbbətinin başladığı və bitdiyi nöqtədir. Anna Vronskiyə qatar stansiyasında vurulur və axırda da özünü qatarın altına atır. Yəni bir stansiyada (stansiya gəldi-gedərlik, fanilik ünvanı sayılır) başlanan eşq, başqa bir stansiyada başa çatır. Sanki məntiq tamamlanır. "Leyli və Məcnun”da da vəziyyət eynidir, yəni Məcnunluq Leylidə başladığı kimi onda da tamamlanır. Yəni Leylinin varlığını görüb Məcnunluq həyatı qazanan Məcnun onun məzarını görəndən sonra da həyatını itirir. Bununla da çevrə qapanır. 
  Anna Vronsklini sevəndən sonra vəsvəsəyə düşür, tərəddüdlər onu boğur, "belə olmaz” deyir özünə. Ancaq hər dəfə də qəlbi ilə döyüşdə məğlub olur – Vronskini görməyə tələsir. Eləcə də əsərin sonunda Vronski barədə Anna çoxsaylı tərəddüdlər keçirir, şübhələr onu boğur və o bu dəfə də məğlub olur – özünü qatarın altına atır. Yəni ilkin tərəddüdlər Annanı eşqə, son tərəddüdlər isə ölümə səsləyir. Və Anna hər iki çağırışa cavab verir...
 
  Müəllif mövqeyi
 
  Tolstoyun bioqrafiyasını yazan müəlliflər özünü qatarın altına atan qadının real kimliyi barədə məlumat verirlər və qeyd edirlər ki, Tolstoy sevdiyi insana görə hər cür riskə gedib sonra özünü qatarın altına atan qadının fədakarlığı haqqında çox düşünmüş, həmin aqibət yazıçını sarsıtmışdır. Tolstoyu sarsıdan səbəb nə idi? Tolstoyu sarsıdan bir qanının fədakarlığı müqabilində mükafatının ölüm olması sarsıdır. Tolstoy fədakarlığın mükafatının yalnız və yalnız Allah və dürüstlük yolunda məqbul sayır. Tolstoy hissi planda fədakarlığı yüksək qiymətləndirir, amma fədakarlığın hansı məram uğrunda edildiyini də diqqətdən qaçırmır. Bəzi müəlliflər, yazıçılar adi insanların Allaha xitabən dediyi sözü, sırf roman sənəti kontekstində Tolstoya da deyirlər: "Hər şeyi görən, hər şeyi bilən...” Tolstoy özünə müəllif kimi elə bir mövqe seçib ki, oradan həm əli Tanrıya çatır, həm də bizim aramızdadır... Bu mənada Tolstoyun gücü həm də onun müəllif mövqeyindədir...

  Ardı var