Biz imzaları yox, əsərləri dərc edirik...

Kukla Teatrı mövsümü başa vurur
367
10 İyul 2019, 16:35
  Yaradıcılıq baxımından səmərəli fəaliyyəti ilə seçilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyulun 11-də 87-ci mövsümünün başa çatması münasibətilə teatrsevərləri ətrafına toplayacaq.
  Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün il ərzində məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyətin mükafatlandırılması mərasimi keçiriləcək. Teatrın truppası ilə yanaşı, onun nəzdindəki "Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını alacaqlar.
 
 

  Artıq ənənə halını alan bu təntənəli bağlanış mərasimində mövsüm ərzində əldə olunan uğurların, yaradıcılıq planı üzrə görülən işlərin hesabatı da veriləcək.
  Teatr əməkdaşlarının stimullaşdırılması, onların illik fəaliyyətinə rəmzi qiymətin verilməsi məqsədilə keçirilən bu mərasimdə ilin ən yaxşı tamaşası, ən yaxşı aktyor və aktrisası, ən məhsuldar əməkdaşı, eləcə də uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilənlər elan olunacaq.
  Tədbirdə teatrın fəaliyyətini daha geniş şəkildə işıqlandıran, sənət ocağının yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış edən kütləvi informasiya vasitələri təmsilçilərinin "Teatrın dostu” nominasiyasında mükafatlandırılması da reallaşacaq.
  Mərasimdə repertuardakı seçkin və yeni tamaşalardan səhnəciklər, "Oyuq" teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında musiqi çələngi də təqdim olunacaq.