Biz imzaları yox, əsərləri dərc edirik...

Qoşqar Narqabilin həyat və yaradıcılıq etüdləri – Almaz Ülvinin yazısı
109
12 İyul 2019, 09:16
 Əvvəli ötən sayda
 
 Xatirat – memuarlar, adətən, ömrün müdriklik çağında araya-ərsəyə gəlir. Müdriklik məqamına yetişdiyindənmi, ya səbirsiz olduğundanmı, yoxsa, görəsən, hansı ovqatdan bu gündəlik ədəbi aləmə təqdim olundu? "Günəşi kim oyatdı?” memuar – xatirat gündəliyində elə bu sualında cavabını tapdım. "Xatirələr həmişə yazıçı üçün yenidir. Sanki onlar yaradır, o yaralardan qövr edən ağrıları sözlərə düzməklə qurtulmaq istəyir. İnsan yaşa dolduqca xatirələr tamam başqa bir şey olur”.
 "İlk bədii əsəriniz hansıdır və ya ilk əsərinizi kimə danışdınız? Qoşqar Narqabilin səmimi cavabı elə sadə yazıçı cavabıdır: "İlk ciddi əsərimi – "Çayın arxasınca ağı” – döyüşdən dönəndən sonra yazmağa başladım. Sonra yaza bilmədim. Aradan bir il ötdü, amma hər şey olduğu kimi fikrimdə idi. Ürəyimdən daş kimi asılmışdı, ağırlıq edirdi. Sonra hiss etdim ki, yazacağım şeyin ahəngini, ritmini tapa bilmirəm. Bütün gördüklərimi heç bir dəyişiklik etmədən, olduğu kimi yazmaq istəyirdim. Amma bu asan deyildi. Ernest Heminqueyin "döyüş dəhşətlərini yazmaq çox əzablı işdir, çünki gerçəklik həmişə insana əzab vermiş” – sözlərini onda dərk etdim.
Elə həmin il oğlum doğuldu. İyirmi üç yaşında idim. Bir çiynimdə yazmaq ehtiyacı ilə çabalayan ağrılarım, digər çiynimdə isə ailə həyəcanlarım vardı. Mən bu yükü də daşımağa məcbur idim. Ürəkdə yük, çiynimdə yük və əlimdə körpə oğlum... Sinəmi masaya söykəyərək yazırdım. Dayanmadan yazdım. Cünki yazmaq yolunu tapmışdım – ritmi tutmuşdum. Ona görə də heç bir şey məni dayandıra bilməyəcəkdi. Əsər bitdi və mən onu mərhum ustadım, Özbəkistanınxalq yazıçısı Ötkür Haşimova apardım. O gördü, bəyəndi və baş redaktoru olduğu "Şərq ulduzu” jurnalında dərc etdi. Təbii ki, bu əsərdə ərini qorxunc heyrətlərlə gözləyən qadınlar da olmuş və mənim həyat yoldaşım da eynilə həmin hisləri öz içində yaşamışdı”.
 Qoşqar Narqabil biri-birindən maraqlı hekayələr müəllifi kimi sevilir.  Onun "Xameleon” adlı hekayəsi maraqlı girişlə başlayır:
         – "Çexovun "Xameleon” hekayəsini oxuyubsunuzmu?
         – Oxumuşam, nə olub ki? 
         –  Şərqdə eynən buna oxşar hekayət var.
         –  Çexov onları köçürübmü demək istəyirsən?”
 Vaxtilə Abdulla Qəhhar haqqında yazdığım bir məqaləni xatırladım: "Əgər Anton Pavloviç Çexov olmasaydı,  yəqin ki,  o xatirələr yaddaşımın dərinliklərində uzun zaman olduğu kimi,  gördüyüm kimi qalacaqdı” – bunlar sovet psixoloji təsirində A.Qəhharın dediyi sözlər idi. Elə bu sözlərin təsiri idi ki, tənqidçilər Abdulla Qəhharı özbək nəsrinin Çexovu adlandırırdılar.  Amma bununla yanaşı,  "Molla Nəsrəddin”in,  Mirzə Cəlilin, Sabirin  Orta Asiya ədəbi mühitinə hədsiz təsiribunu deməyə  imkan verir ki,  A.Qəhhar yaradıcılığı boyu milli ruhun təsirində olmuşdur. Balaca,  sadə adamların əsər qəhrəmanı seçilməsi,  ümumiyyətlə, obraz oxşarlığı Çexov ənənəsinə uyğun gəlsə də, eyni hal, ruh, mənəviyyat,  ənənə, millilik baxımından Mirzə Cəlil üslubu daha aydın gorunür. Bununla da əminliklə deyə bilərik ki, A.Qəhhar özbək satirik nəsrinin Mirzə Cəlilidir”. Qoşqar Narqabilin hekayəsini belə bir notla başlamasında sətiraltı məna, ruh axtarmaq istədim.
 "Əfqan”lar mövzusu Qoşqar Narqabilin ruhuna o qədər hopdu ki, həm şeirdə, həm də  povest və hekayələrində təsvir, tərənnüm etməkdən yorulmadı.1989-cu ilin 15 fevralında Sovet əsgərləri Əfqanıstan torpaqlarından çıxarıldı. Həmin hadisə ilə bağlı yazdığı şeirdən bir neçə sətri siz də oxuyun:
 Nazran. Xatirə Meydanı
 İnquşyurd şəhəri – gözəl Nazranda,
 Üç gün oldum. Gördüm Xatirə bağını.
 Bir ağrı yenidən od oldu canımda
 ... Baş əydim hər bir daşa, hər bir qəbrə,
 Mən hər bir döyüşçüyə qismətdaşım dedim
 "Əfqanıstan”da ölənlər xatirəsinə.
 (Nə yazıq ki, bu dəfə də Amerika qoşunları Əfqanıstanın, əfqanların başı üstünü aldı və hələ də oradadırlar. Kimi kimdən qoruyurlar, məlum deyil. 2016-cı ildə Əfqanıstana elmi ezamiyyətə getmişdim. Ə.Nəvaini, H.Bayqaranı, Ə.Camini, Z.M.Baburu və onlarla klassik ustadlarımızın dağılmış məqbərələrini ziyarət edərkən bizi müşayiət edən yerli əhalinin gözlərinin dərinliklərindəki hüzurü, qorxunu, həyəcanı, ölüm qığılcımlarını gördüm. O qədər sarsıldım ki, Qoşqar Narqabilin təbirincə desəm, hələ də o hislərdən qurtula bilmirəm. XVI əsrdə ədəbiyyatın, mədəniyyətin, elmin "qızıl zirvə”sini fəth edən Herat az qala xarabalıq vəziyyətindədir. Eləcə də, Kabil və Məzari-Şərif kimi gözəl şəhərlərin darmadağın vəziyyəti ürəyimə dağ çəkdi. Amma xalq torpağını heçkimə təslim etmir, yarım əsrdən ki, döyüşür). 
 Qoşqar Narqabilin əsərləri teatrlarda anşlaqla keçir. Səhnə əsəri  maraqlı, maraqlı olduğu qədər də ziddiyyətli, dramatik, komedik, faciəvi və iki-üç, bəlkə, daha çox insanın iş başında olduğu təəssüratı yaradan bədii əsər növüdür: I insan – dramaturq kimi əlində qələm işləyir ; II insan – sanki baş verən hadisələrin dirijorudur; III insan – artıq adamlar – obrazlar meydanda – səhnədə görünür. Bu qədər canlı bir tablo yaratmaq istedad işi olmaqla yanaşı, həm də psixoloji məqamdır. Dramaturq yazı masasının arxasında hər obrazın psixoloji durumuna uyğun xarakterik  detallarla hadisələrin təfərrüatını canlandıran bir şəxsə çevrilir. Dramaturqluq çox-çox çətindir. Bu qədər işi bir adam – dramaturq necə bacarır?” düşüncəsinə varanda çözələklər arasında itib-batırsan. Səhnə əsəri yazan həm aktyor, həm də tamaşaçı olmalıdır. O, səhnəni gözünün qabağına gətirərək artıq obrazlarla işə başlayır. Obrazların hamısını dramaturqun özü oynayır, eyni zamanda həmin mənzərənin dirijoruna çevrilir. Yazdığı əsər isə simfoniyadır. Dramaturq hər bir obrazın psixologiyasına, xarakterinə uyğunhislərin memarı olmağı bacarmalıdır. Təbii ki, bunları yazıb-pozmaq asan başa gəlməyəcək. Bir də asan nə var ki?! Şair duyğuların, yazar düşüncələrin, dramaturq isə həmin o duyğu və düşüncələrin idarəçisinə çevrilir. Bax işin çətini, elə oradan – idarəcilikdən, səhnəni, hadisələri, obrazları idarə edən və onları dindirən şəxs olmaqdan başlayır.
 Səhnə əsəri yazmaq heç də göründüyü qədər də sadə deyil. Gərək tamaşaçını düşündürə biləcək mövzunu – problemi tuta biləsən. Eşq dolu səhnə əsəri yazmaq üçün o obrazın timsalında eşqin acısını dadmalısan, yəni o obrazı tam canına yeritmisənsə, acını hiss edəcəksən. Dramaturq təbiiliyi buradan başlayır və iş öz axarına düşür. Tamaşaçıların ruhunu obrazların hiss və duyğuları oxşamalıdır. Cəmiyyətdə gördüyü obrazların prototiplərini tamaşaçı tanıyırsa, həyatda onlarla qarşılaşırsa, o zaman bu tamaşa dəfələrlə səhnədə oynanır, oynanır. Məhz o anda dramaturqun istedadı və həyatı sərrast müşahidə qabiliyyəti öz işini uğurla görmüş sayıla bilər.
 Yaradıcılıq gözəl və ağır bir sənət sahəsidir. Sənətkar hansı zövqü alır ki, özündə yaradıcılıq potensialı görəndə ağırlığa, çətinliyə məhəllə qoymayaraq bir ömür boyu ona bağlanır, bəlkə də, qopa bilmir desək, daha doğru olar. Yaradıcılıq zövqünün adı yoxdur, dadını, tamını bilmək üçün bəzən zaman gözləməli olursan, hətta döyülürsən, əzilirsən, amma vaxtı gələndə həqiqət yerinə öz yerini tutur, bu isə yazar üçün bir ayrı zövqdür. Yazar halal haqqı olan o zövqü dadır. Hətta ölümündən sonra da ruh o zövqü duya bilir. Yazıçı yazdıqlarından məmnun qalınca yazır. Bunun üçün dəfələrlə, dönə-dönə yazmalı olursan, özünü buna məcbur edirsən, əslində yaradıcı ruhun səni rahat buraxmır – ta istədiyini alınca. Qoşqar Narqabilin "yazdığından razı qalmayınca yazırsan, yazırsan, birdən-birə dayanaraq mən nə edirəm? – öz-özünə verdiyin bu suala aldığın cavab yaradıcılıq zövqünü daddırır sənə.
 
 Bir azca dayan havada güllə
 Bir azca dincəl
 Bus kimi həsrət
 Başımızda dönüb 
 qalmasın səma
 Nəfəs almağa ver
 Bir anlıq fürsət
 Qoşqar Narqabil  yaradıcı bir ailənin başçısıdır. Ona – yazar ruhuna dəstək olan gözəl bir şairə qızla ailə həyatı qurmuşdu.
 Bu gün onların hər ikisi yalnız özrespublikalarında deyil, bir çox ölkələrdə tanınırlar: qələmlərinin doğurduğu möcüzəvi hikmətlərlə - gözəl şeirləri, istedadlı nəsr əsərləri və ruha dinclik gətirən səhnə əsərləri ilə.
Həm ayrı-ayrı imza qoyduqları şeirləri, həm də qoşa imza ilə səhnələri bəzəyən tamaşa əsərləri ilə.
Xasiyət Rüstəm respublikada nəşr olunan "Kitab dünyası” kimi bütün dünya ədəbiyyatını başına cəm edən nüfuzlu bir qəzetin baş redaktorudur. 
 "Mən birinci kursda oxuyurdum, Qoşqar bəy son kursda idi. Bir-birimizə könül verib ailə qurduq” – Xasiyət xanımla ilk tanışlığımızda (2012-ci ildə Türkiyənin Elazığ şəhərində tanış olmuşduq, amma min ilin doğması kimi görüşdük) dediyi bu sözlər heç yadımdan çıxmır. Çünki şeirlərinin sorağı bir yaz yağışı kimi Azərbaycana gəlib çıxan bu gənc şairənin ürəyincə bir ailə həyatı yaşamasına sevinmişdim.
 Bir xalqın sevdiyi – rəğbət bəslədiyi iki tanınmış sənətkar bir ailədə. Bu necə bir əhvali-ruhiyyədir? Qoşqar Narqabilin etirafı: "Çətin anları da olur. Amma hər kəs işdən evə dönüncə biz sadəcə ailəyik, yaradıcılıq söhbətləri iş otağımızda qalır. Bəzən yaradıcılıq, ədəbiyyat məsələləri üzərində mübahisələr də olur. Məsələn, mən Çingiz Aytmatovu sevirəm, Xasiyət xanım isə Frans Kafkanı. Belə mübahisələr təbii ki, çox olur. Xasiyət xanım şairdir – qəlb adamıdır, mən isə yazıçıyam və düşüncələrim ilə varam. Burada insanlar yox, qəlb və  zəka barışı olmalıdır”.
 
 

 Balaları da, daha doğrusu, qızları Sevinc və Səmadil yaradıcılıq aləmində gorunürlər. Hər ikisi Türkiyə və Azərbaycan ədəbi nümunələrindən gözəl çevirmələr edirlər. Yəqin ki, ilk oxucuları – ustadları elə öz valideynlərdir. Sevinc bir neçə dəfə Azərbaycanda keçirilən  şeir günlərinin iştirakçısı olub. Q.Narqabiliin "Səmadil” kitabına gənc oxucular bir az qibtə ilə yanaşdılar. Bir oxucusu yazdı: "Səmadil üçün bir ömürlük hədiyyədir”. Əslində bu kitab Səmadilin dünya evinə qədəm qoyduğu günlərdə ata hədiyyəsi oldu. Onun adı Azərbaycan oxucusuna çoxdan tanışdır. Heç 17 yaşı tamam olmamış bu gənc qız Qənirə Paşayevanın şeirlərini özbək dilinə çevirib mətbuatda yayımlamışdır.
 "Azərbaycan nəsrini mütaliə edə bilmə fürsətiniz olubmu, olubsa, yaradıcılığınıza bir damcı dad qata bilmisinizmi?” Bu sualın cavabını Qoşqar Narqabilin yaradıcılıq izlərindən seçmək çətin olmur. "Dədə Qorqud dastanı”ndan başlamış böyük yazıçı Anara qədər olan nəsri oxuduğunu bildirir. "Onlardan çox şey aldım və alacağam”. 
 Bu iki xalqın ədəbiyyatı bir-biri ilə çox sıx bağlı olmuşdur. Ənənə və novatorluq, tarixi hadisələrə münasibət, milli adət-ənənələrin ədəbiyyatda əksi, xeyir-şər münasibətlərində haqqın yanında olması və s. kimi ədəbi faktorlar oxşardır, bir-birinin davamıdır. Böyük Azərbaycan yazıçısı, alimi, dilçisi Mirzə İbrahimov Şərəf Rəşidovun "Qaliblər” əsərini tərcümə edərkən yazdığı "Ön söz”də heyrətini gizlədə bilməmişdi: "Mənim də belə bir romanım var, nəşrdədir, hələ çapdan çıxmayıb. Bütün hadisə və obrazların xarakteri bu əsərdəkilər ilə eynidir, bu qədər də doğmalıq, oxşarlıq, milli ruha sadiqlik ... – heyrət etməyə bilmədim. Həmkarımı, qələm dostumu təbrik edirəm”.
 Qoşqar Narqabil Azərbaycan oxucusu ilə ilk dəfə şair kimi "görüşmüşdür” ("Seçilmiş şeirləri”, 2010), bu dəfə dramaturq olaraq qarşılaşır.
***
 "Xoşbəxtliyin bazarı varmı? yaxud beş dul və bir rəis” komediyasındakı personajları, bəlkə də, hamımız tanıyırıq. Əslində dramaturq elə bir mövzu seçmişdi ki, istənilən ölkədə, istənilən idarədə belə tiplərə rast gəlmək olar. 
 Bəlkə də, bu səbəbdən dramaturqun əsərləri ölkədən kənara çıxaraq özünə tamaşaçı məhəbbəti qazandırmışdır. Məsələn, Kazan şəhər teatr səhnəsində Qoşqar Narqabilin səhnə əsəri bütöv bir mövsüm ərzində afişalarda olmuşdur. 
 "Xoşbəxtliyin bazarı varmı? yaxud beş dul və bir rəis” əsərində yeddi-səkkiz personaj iştirak edir. Adi bir idarədəbaş verən hadisə təsvir edilir. İşdə işsizlik ovqatına yüklənmiş bu insanlar – qadınlar hərəkətləri, bekarçılıqdan nə edəcəkləri, nə danışdıqları bəlli olmayan tipləpdir. İşi-gücü bir kənara atıb dedi-qodunu gündəlik həyatlarının məqsədi kimi yaşayırlar.
 Azərbaycan oxucularının, eləcə də teatrşünasların diqqətini cəlb edəcəyinə inanırıq. Çünki əsərdəki "qəhrəmanlar” Azərbaycan cəmiyyətində də az deyil. Əsərin mövzusu real həyatdan götürülmüşdür. Qoşqar Narqabilin hər səhnə əsərinin özünəməxsus mövzusu olsa da, qoyulan problemlər nöqteyi-nəzərindən sanki biri digərinin davamı təəssüratını doğurur. Yuxarıda qeyd etdiyimiz kimi, real həyatdan götürülən mövzu elementləri – cəmiyyət prototiplərinin xarakterini yaratmaqda sənətkarlıq məharəti lazımdır, güclü müşahidə qabiliyyəti lazımdır. Dramaturq bunu bacara bilmişdir.
 Ədibin "Gülümsə, əzizim!” dramının özünəməxsus  süjet xətti var. Bu əsər dövrün ən ağrılı problemlərindən biri, dünyanın hər bir nöqtəsində rastlaşmağımız mümkün olan xəyanət, övlad dağı, haram, eyş-işrətə baş qatanların faciəsi haqqındadır. Tamaşaçıbu əsərləri səhnədə seyr edərkən həyatda rastlaşdığı "qəhrəmanlar”a qarşı nifrətini gizlətmir, hər səhnə əsərində uydurma yox, real həyatda rastlaşdığı insanların tipik obrazlarını görür və təbii ki, müəllifdən yeni bir əsər və ya hadisələrin davamını gözləyirlər.
 Əsərlərdə qoyulan problem cəmiyyətdə əks-səda doğurursa, deməli, müəllif günün nəbzini tuta bilib.
 Qoşqar Narqabilin dramaturq kimi uğuru ondadır ki, o çox kiçik məsələlərdən tutmuş ta böyük problemlərə qədər olan cəmiyyət ağrılarını – ictimai məsələləri sadə və anlaşıqlı dildə, sadə və "yüksək vəzifə sahiblərinə” qədər olan personajların xarakterinə uyğun rəngli şəkildə səhnəyə gətirə bilir. Dramaturqun böyüklüyü elə onun sadə məsələlər kontekstində cəmiyyətdə narazılıq doğuran və insanların qəlbini ağrıdan problemləri açıb göstərməkdir. Mənfi obrazların ifşası ilə cəmiyyətə mesaj göndərilir. El misalıdır, söz sahibi payını götürür və ya götürməyə məcbur edilir.
 Qoşqar Narqabil həyat və yaradıcılığı haqqındakı etüdlərimi onun bir yarpaq şeiri ilə tamamlayıram –
 Uşaqlıq yel kimi keçərmiş demə,
 Hicran alnımıza qoydu damğasın.
 Əgər olmasaydın eşqim, həyatım,
 Dünyaya gəlməzdim, inanırsanmı?
 
 P.S. Bu günlərdə yazıçı-dramaturqun "Xoşbəxtliyin bazarı varmı?...” adlı kitabı  Azərbaycan dilində nəşr olunmuşdur. 
 Qoşqar Narqabil  "Xoşbəxt­liyin bazarı varmı?” (komediya): redaktoru, ön söz müəllifi və nəşrə hazırlayan: Almaz Ülvi (Binnətova), redak­to­ru Əkbər Qoşalı. – Bakı, "Avropa”, 2019.